17 iyul 2018 18:52
1685

Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu

2018-ci il iyulun 3-ü və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib.

Hüquq-mühafizə orqanlarından "İki sahil"ə verilən məlumata görə, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilərək həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.

Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Y.Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.