18 iyul 2018 15:06
1355

İqtisadiyyata qoyulan investisiyalar bəhrəsini verir

Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan qeyri-neft sektoru istər dövlətin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında, istərsə də ölkə üzrə ümumi daxili məhsulun formalaşmasında çox mühüm əhəmiyyətə malikdir. Son dövrlərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni iqtisadi kurs, aparılan səmərəli islahatlar və ardıcıl olaraq imzalanan onlarla sərəncam, fərman, qanun ölkə iqtisadiyyatının yeni dövr üçün xilas zəmininə çevrilib. Azərbaycanda qeyri-neft sahəsinin əsasını təşkil edən yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur.

İyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatının qazandığı uğurlardan söhbət açılıb. Bildirilib ki, dövlət başçısının yeni iqtisadi mərhələdə həyata keçirdiyi strateji xəttin əsas komponentləri  çevik addımlarla dayanıqlı iqtisadi inkişafın təmini, islahatların kompleks həyata keçirilməsi yolu ilə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi şaxələndirmə mexanizminin təkmilləşdirilməsi, regionların və sahibkarlığın inkişafının sürətləndirilməsidir.

Bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.  Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.

2018-ci ilin ilk yarısını təhlil edəndə görürük ki, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatındakı rolu artıb və gələcəkdə daha yüksək olacaq. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafı ilə bağlı ətraflı məlumat verilib. Dövlətimizin başçısı çıxışında bildirib ki, bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir: “Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.”

Son illər ölkəmizdə aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qısa müddətdə bu sahədə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib. Qeyd etmək yerinə düşər ki, bu ilin altı ayında xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır.

Nazirlər Kabinetinin iclasında cənab Prezidentin verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında iqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışan nazir Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək. Balaxanı, Pirallahı, Mingəçevir sənaye parklarında  10-a yaxın iri müəssisə işə salınıb. Neftçalada  və Masallıda sənaye məhəllələrinin tikintisi başa çatıb, Hacıqabul və Sabirabadda isə ilin sonunda tikinti işləri yekunlaşacaq. Təkcə Neftçalada 8 müəssisə fəaliyyət göstərir. Regionlarda xalça emalatxanalarının tikintisi sürətlə davam edir.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik: “Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar.”

Deyilənləri əsas götürərək bu qənaətə gəlmək olar ki, bu ilin ilk yarısında da  əvvəlki dövrlərdə olduğu kimi, qeyri-neft sektoruna diqqət yönəltməklə neftdənkənar sahələrlə bağlı iqtisadiyyatın formalaşmasına şərait yaradılıb. Bu da yeni və qabaqcıl müəssisələrin yaradılmasını, yeni iş yerlərinin açılmasını, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsini, eləcə də iqtisadi və sosial infrastrukturun davamlı inkişafını təmin edib.

Orxan Vahidoğlu,

“İki sahil”