18 iyul 2018 15:18
1556

İlham Əliyev: Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Dövlət başçımızın Brüssel səfəri çərçivəsində keçirdiyi görüşlər, ölkəmizə sonsuz maraq işğalçı Ermənistana diplomatik zərbə oldu

Hər bir dövlətin xarici siyasətində qazandığı uğur əməkdaşlıq etdiyi ölkələrin beynəlxalq münasibətlər sistemindəki mövqeyi, nüfuzu ilə bilavasitə bağlıdır. Region və Avropa dövlətləri ilə ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrinə sadiq qalan, müsəlman aləminin ayrılmaz parçası kimi İƏT-də layiqincə təmsil olunan Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinin iştirakçısı və tərəfdaşları arasında qitə dövlətlərinin çoxluq təşkil etməsi ölkəmizin bəşəri dəyərlərə, tolerantlıq prinsiplərinə sadiqliyinin göstəricisidir.  

“Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir” söyləyən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənir. Beynəlxalq təşkilatlarla səmərəli, işgüzar, bərabər hüquqlu münasibətlər sisteminin coğrafiyası genişlənir, qarşılıqlı etimad əsasında davam edir.

Cari ilin birinci yarısında ABŞ Prezidenti Donald Trampın azərbaycanlı həmkarı cənab İlham Əliyevə üç məktub ünvanlaması təsdiqləyir ki, Azərbaycanın xarici siyasəti qitə sərhədlərindən kənarda belə dəstəklənir, ölkəmizlə əməkdaşlığa böyük önəm verilir.

“Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının - Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının Bakıda keçirilməsi, gələn ildən Azərbaycanın bu böyük mötəbər təşkilata sədrlik edəcəyi, qurumun Zirvə görüşünün ölkəmizdə keçiriləcəyi respublikamıza olan hörmətin təzahürüdür.

Qlobal dünyamızın dəyişən, mürəkkəb çağırışlarına hazır olan dövlətlərin  beynəlxalq aləmdəki mövqeyini şərtləndirən amillərin  ən önəmlisi siyasi-iqtisadi müstəqillik, yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini əks etdirən kursun nəzərə alınması, hərbi qüdrətin gücləndirilməsi, başqa ölkə və beynəlxalq təşkilatlardan maliyyə asılılığının minimuma endirilməsi, diplomatik əlaqələrində sərbəst olmasıdır. Dövlətin daxili və xarici siyasətini dünyada baş verən proseslərə, hadisələrə, çağırışlara uyğun təkmilləşdirmək bacarığı, hədəflərin əsas faktorlar kimi diqqətdə saxlanılması böyük təcrübə, siyasi iradə, qətiyyət tələb edir. Bu keyfiyyətləri özündə birləşdirən Prezident İlham Əliyev dünya siyasətçiləri arasında liderlik səviyyəsinə görə fərqlənməklə qlobal siyasətin önündə gedən dövlət başçısı kimi tanınır. Azərbaycanı nəqliyyat və enerji mərkəzinə çevirən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın  yeni dövrün hədəflərinə uyğun davam etdirilməsi, ölkəmizin kommunikasiya mərkəzinə çevrilməsi, region dövlətlərinin inkişafını şərtləndirən Cənub Qaz Dəhlizi, onun əsas seqmentlərə olan TANAP, TAP layihələri, Dəmir İpək Yolu- BTQ geosiyasi əhəmiyyətli hadisələr olmaqla beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.  Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında xüsusi əhəmiyyətə malik bu layihələrin reallaşması diplomatiyamızın uğuru, dövlət başçımızın uzaqgörən liderlik məharətinin beynəlxalq aləmdə təsdiqidir. Dünyada gedən proseslərə təsir etmə imkanlarına malik cənab İlham Əliyevin çevik, çoxşaxəli xarici siyasətini, qətiyyətini əks etdirən diplomatik uğurları çoxdur.

Ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyi, beynəlxalq hüquqa, ədalətə əsaslanan xarici siyasətinin dəstəklənməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələrdə, aparılan danışıqlarda xüsusilə diqqəti cəlb edir.  Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri zamanı Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə rəsmi bəyanat verdi. Bu mövqe, Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqləndi. Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Aİ-nin öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edildi. Bununla da Aİ Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.

Prezident İlham Əliyevin bu günlərdə Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının (Aİ) rəhbərləri, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlara töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Qətiyyətli Dəstək Missiyası üzrə Şimali Atlantika Şurasında keçirdiyi görüşlər, imzalanan sənədlər tarixi məqamları ilə yadda qaldı.

Aİ Şurasının prezidenti Donald Tuskla görüşü zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat məsələləri ilə bağlı fikir mübadiləsi aparan, perspektivlərdən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələrin qitə dövlətləri üçün əhəmiyyətini diqqətə çatdırdı. Ötən aylarda açılışı keçirilən Cənub Qaz Dəhlizi və TANAP Azərbaycan -Aİ əməkdaşlığını daha da möhkəmləndirir. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında illərdən bəri qarşılıqlı etimada əsaslanan əlaqələrin gələcək inkişafı üçün nəzərdə tutulan sənəd paraflandı. Sənədin ilk bəndində  tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq səviyyədə nəzərdə tutulan sərhədlərinin toxunulmazlığının dəstəklənməsi də qeyd olunur.  Azərbaycan ilə Aİ arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənədi ölkəmizlə Avropa, Qərb arasında  siyasi, iqtisadi, energetika, nəqliyyat sahəsindəki əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirmək olar.

Beləliklə, Prezident İlham Əliyev nəinki avropalılarda Azərbaycan xalqına qarşı hörmət aşılamağı, eləcə də onları Azərbaycanın mövqeyinin ədalətli olduğuna inandırmağı bacardı. Ölkələrin ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi və bütün Şərq Tərəfdaşlığı ölkələrində münaqişələrin nizamlanmasına vahid yanaşmanın tətbiq olunması Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin gələcəyinə əminlik yaradır. Qeyd edilir ki, münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi, sosial inkişaf və xalqlararası əməkdaşlıq üçün vacibdir. Cənub Qaz Dəhlizi, o cümlədən TANAP-ın çəkilişinə ilk gündən dəstək göstərən Aİ Cənubi Qafqazın lider dövləti olan və geostrateji əhəmiyyəti ilə diqqəti cəlb edən, “Şərq - Qərb” və “Şimal- Cənub” nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində əvəzsiz rolu olan Azərbaycanın xidmətlərini, təşəbbüslərini yüksək dəyərləndirir. Prezident İlham Əliyevin “Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək” sözləri bu əminliyə inamı artırır.

Azərbaycanın beynəlxalq güc strukturları ilə əlaqələri diplomatik qaydalara uyğun, qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirilir. Dünyanın ən güclü təşkilatı NATO siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanla əməkdaşlıqda maraqlıdır. ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels,  Vaşinqton zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə etimaddan irəli gəlir. 1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə  əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanır. 

Başqa sözlə deyilsə Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindəndir.

Bu günlərdə Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən görüşdə bildirildi ki, Azərbaycan  Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli 50 ordusu sırasında adı çəkilən Azərbaycan koalisiya qüvvələri üçün multimodal tranzit və respublikamızın ərazisi üzərindən uçuş imkanlarını təmin edir. Münaqişə bölgələrində sülhyaratma missiyasını həyata keçirən NATO qüvvələri tərkibində Azərbaycanın əsgər və zabitlərinin iştirakı, azərbaycanlı hərbçilərin döyüş qabiliyyəti, hazırlığı , nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi sübut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir. NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyən kommünikenin, bəyanatların qəbulu isə xüsusilə əhəmiyyətlidir.

Görüşlərdə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən Prezident İlham Əliyev Azərbaycan -NATO münasibətlərindən danışaraq Şimal Alyansına üzv dövlətlərin ölkəmizin siyasi müstəqilliyinə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

İllərin təcrübəsi göstərir ki, NATO-Azərbaycan dialoqunun güclü çərçivəsi vardır. Qurumun təlim məşqlərində iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. Dünyada sülhün , əmin-amanlığın təminatına xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın NATO ilə münasibətləri, Xəzər regionunda ölkəmizin ən iri beynəlxalq ticarət limanının tikintisi Avrasiyada yeni əməkdaşlıq imkanları yaradacaq və  Əfqanıstan da bölgə dövləti kimi bu layihədən yararlanacaq.

Atəşkəs rejiminə illərdən bəri əməl etməyən Ermənistanın intensivləşən hərbi müdaxilələrinin qarşısının alınması, düşmənə layiq olduğu cavabın verilməsi, Lələtəpə və Günnüt əməliyyatları da göstərir ki, artıq Azərbaycan Ordusu güclənib, qüdrətlənib. Bu qüdrəti aprel görüşləri də təsdiqlədi. Sadalananlar Brüssel görüşlərində Azərbaycan diplomatiyasının qazandığı uğurlardır.

Brüssel görüşlərindən məyus qayıdan isə Ermənistanın baş naziri N. Paşinyan oldu. Çünki NATO-nun zirvə toplantısının yekun kommünikesində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə edildi. Sənəddə qeyd olunur ki, 2006-cı ildən etibarən NATO-ya üzv dövlətlərin Zirvə toplantılarında qəbul olunan bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi davamlı olaraq dəstəklənir, respublikamızın ədalətli mövqeyi müdafiə olunur. Sənəddə Alyansa üzv dövlətlərin Cənubi Qafqazda mövcud olan münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğu bildirilir.

Brüsselə Ermənistanın “mitinq qəhrəmanı” kimi gedən və özünə xüsusi diqqət göstəriləcəyinə ümid edən Paşinyan umduğunun deyil, bulduğunun görüntüsündən məyus oldu. Aİ-nin və NATO-nun yekun sənədlərində ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı maddənin yer alması,  millətlərin öz müqəddəratını həll etmək barədə təkliflərin qəbul olunmaması Ermənistanın işğalçılıq siyasətinin pislənilməsi deməkdir.  

“Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq. Brüssel səfərindən aldığı “diplomatik sillə” ilə qayıdan N.Paşinyan bu sözlərdən nəticə çıxarmalıdır.

Xuraman İsmayılqızı,

“İki sahil”