18 iyul 2018 15:21
1701

İslahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial təminat sahəsində aparılan ciddi islahatların fonunda  bir daha bu reallığı diqqətə çatdırmışdır ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

“Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.”

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha bu reallığı diqqətə çatdırmışdır ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş: “Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır... Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir.”

Bu faktı da qeyd edək ki, məhz dövlətimizin uğurlu və təkmil sosial-iqtisadi islahatlarının nəticəsində Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr” kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən, “orta insan inkişafı ölkələri” qrupunu tərk edərək, “yüksələn insan inkişafı ölkələri” qrupunda yer almışdır.

Prezident kimi fəaliyyətə başladığı gündən  neft kapitalının insan kapitalına çevrilməsi tövsiyəsinin sosial-iqtisadi məna daşıdığını vurğulayan  cənab İlham Əliyev vətəndaşlara diqqət və qayğı, hörmət göstərilməsini hər bir məmurun başlıca vəzifəsi, şəffaflığın qorunmasını davamlı inkişafı şərtləndirən əsas amil kimi qeyd etmişdir. “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır” söyləyən ölkə Prezidenti Nazirlər Kabinetinin son iclasında bu məqamı da xüsusi vurğulamışdır ki, aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir: “Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir.”

Bu kimi davamlı addımlar öz növbəsində inkişafı şərtləndirən əsas amillərdən biri kimi, vətəndaş-məmur münasibətlərinə də öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin 2013-cü ildə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru!... Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”

Ölkə Prezidentinin bu tapşırığı tövsiyə yox, hər bir məmurdan tələb olunan məsuliyyət və cavabdehlikdir. Bu halda da Prezidenti düşündürən yalnız və yalnız insanlar, onların rahat həyat tərzinin təminatı, ədalət prinsiplərinə uyğun birgə yaşayış qaydalarına hamının eyni dərəcədə əməl etməsidir. Cənab İlham Əliyev həmin çıxışında  milli adət-ənənələrimizi cılızlaşdıranlara qarşı mübarizənin vacibliyini diqqətə çatdıraraq bildirmişdir ki, təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr insanlar arasında narazılıq yaradır, fərdlərin fərqləndirilməsi isə daha çox mənfi emosiyaya səbəb olur: “Hər bir vətəndaş birgəyaşayış qaydalarını əks etdirən qanunlara tabe olmalı, fəaliyyətini, əməllərini, iş prinsipini onun tələblərinə uyğun müəyyənləşdirməlidir.” Əsas odur ki, vətəndaş məsuliyyəti artırılsın, hər birimiz Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə, özümüzün üzərinə düşən məsuliyyəti də dərk edib, qanunlara tabe olaq.

Cari ilin 11 aprelində keçirilən prezident seçkilərində yenidən xalqın etimadını qazanaraq növbəti 7 il üçün qələbəsini təmin edən, bir daha “Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş, insan amili dayanır” söyləyən Prezident İlham Əliyev andiçmə mərasimində də xatırlatmışdı ki, məmur-vətəndaş münasibətlərinə xüsusi diqqətlə yanaşılmalıdır. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Bu, dövlətimizin başçısının bütün məmurlara, iş adamlarına ciddi tələbkarlığı, mesajıdır: “Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün. İctimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək.”

Elə buna görədir ki, elektron xidmətlərə inam artmaqdadır.  “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Təcrübə göstərir ki,  ictimaiyyət ümumxalq tərəfindən dəstəklənən proseslərdə fəal iştirak etdiyi halda dövlət siyasəti özünü doğruldur. Elə buna görə də cəmiyyəti narahat edən xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır. Bu obyektivlik özəl sahənin inkişafı baxımından daha vacibdir. Prezident İlham Əliyev vurğulayır ki, xüsusilə sahibkarlara qarşı münasibətdə, onlara göstərilən maddi, mənəvi, hüquqi dəstək zamanı ədalət prinsiplərinə əməl olunmalıdır. “Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər cəzasını alacaqdır” söyləyən Prezident İlham Əliyevin bu iradında da insan amilinə, ölkə vətəndaşına diqqət və qayğı dayanır.

İdxal sahəsində yol verilən nöqsanlara qarşı mübarizədə də dövlət-vətəndaş münasibətlərinin ədalət prinsipinə əsaslanması daim diqqətdə saxlanılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, başlıca tələb belədir ki,  bu məhsullar ilk növbədə ölkə daxilində satılsın və xüsusilə dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Keyfiyyətcə heç də xarici məhsullardan geridə qalmayan yerli istehsaldan səmərəli istifadə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlavə maliyyə mənbəyinin yaradılması da bu amildən asılıdır. Özünüməşğulluğun təminatı istiqamətində atılan addımlar da insan amilinə verilən dəyərdən qaynaqlanır. Ailə təsərrüfatlarına asan dəstəyin formalaşması, “ABAD” mərkəzlərin yaradılması kiçik və orta sahibkarlığın inkişafına dəstəkdir. Artıq ailələr öz məhsulları ilə bazarlara çıxır, sağlam rəqabət həm məhsulun keyfiyyətinin, həm də çeşidinin artmasına öz müsbət təsirini göstərir, eyni zamanda sosial müdafiənin güclənməsinə imkanlar artır.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında bu inamı ifadə etmişdir ki, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi iqtisadi inkişafımıza böyük təkan verəcək. Bütün sahələrdə islahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda  neftdən asılılıq tamamilə aradan götürüləcək. Bu reallıq da daim diqqətə çatdırılır ki, bütün sahələrdə konkret proqramlar mövcuddur və fəaliyyət məhz o sənədlər üzərində qurulur. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə qəbul olunan Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Qeyri-neft sənayesinin sürətli artımı, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə söylənilən fikirlərdən də aydın olur ki, ölkəmiz iqtisadi və maliyyə böhranı dövründə də siyasi, iqtisadi sabitliyin qorunmasına nail olmuşdur. İnkişaf etmiş dövlətlər sırasında addımlamaq istəyinə nail olmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən Azərbaycanda düşünülmüş dövlət tənzimlənməsi mövcuddur. Enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır. Dövlətimizin başçısı bildirir: “Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Ənənəvi bazarlar var, çox yaxşıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin bazarlarına çıxaq. Buna da nail olmaq üçün əlbəttə ki, keyfiyyət və standartlaşma ən yüksək səviyyədə olmalıdır.” Sahibkarlığın inkişafı, özəl bölməyə göstərilən dövlət dəstəyi sayəsində işsizliyin 5 faizə enməsi, yoxsulluğun da eyni həddə saxlanılması aparılan iqtisadi siyasətin uğurudur. “Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək” söyləyən cənab İlham Əliyev bu dəstəyi rəqəmlər əsasında diqqətə çatdırır. 

Dövlətimizin başçısı  İlham Əliyevin bildirdiyi kimi biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlbi, yerli istehsalın artırılması ilə bu sahədə daha uğurlu nəticələr əldə olunacaq. Bunun üçün idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq təmin olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında da qeyd edildiyi kimi, görülən tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Qeyd edək ki, son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük həcmini xarici investisiyalar təşkil edir. Cənab İlham Əliyev gələcəkdə bu prosesin davamlı olacağına əminliyini ifadə edir.

Əldə olunan göstəricilər bir daha təsdiqləyir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Nazirlər Kabinetinin iclasında bu əminlik də ifadə edilmişdir ki, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız olacaq.

Yeganə Əliyeva,

“İki sahil”