18 iyul 2018 15:39
1943

Ölkə Prezidentindən mətbuatın inkişafına dəyərli töhfə

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) bir milyon manat ayrılıb.

Prezidentin mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edən bu addımı ilə bağlı media kapitanları fikirlərini “İki sahil”lə bölüşdülər.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Prezident İlham Əliyevi milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisi adlandırdı: “Azərbaycan mətbuatının problemləri və qayğıları daima Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub. Mediamızın bugünkü inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həll edilməsi, evlə təmin olunması, çap məhsullarının əlavə dəyər vergisindən azad olunması və s. kimi mühüm məsələlərin həlli  məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır.  Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və düşünürəm ki, mümkün problemləri əvvəlcədən həll etmək baxımından son dərəcə əhəmiyyətlidir. Cənab Prezident informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir. Bu, milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğrudan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan biri kimi  çıxış edir. Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir. Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir və biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirdi ki, mətbuata yüksək diqqət və qayğı ənənəsi Ulu Öndərdən qalıb: “Ulu Öndər həmişə mediaya, xüsusilə də yazılı mətbuata məxsusi diqqət və qayğı ilə yanaşırdı. Bunun nəticəsidir ki, mediamız həmişə Ulu Öndəri mətbuatın dostu adlandırırdı. Bu dəyərli ənənə cənab Prezident İlham Əliyevin dövründə davam etdirilməkdədir. Bu qayğı müasir dünyanın tələblərinə cavab verən qlobal çağırışlara uyğunlaşdırılıb. Cəmiyyətin güzgüsü olan mətbuat, eyni zamanda, hər dövlətin özünün ideoloji əsaslarına zəmin yaradır. Dövlət artıq ideoloji iş də aparmalıdır. Bu iş də birbaşa mətbuatın üzərinə düşür. Mətbuat informasiya vermək, maarifləndirməkdən əlavə, həm də ideoloji bir yükü üzərində daşıyır. Son hadisələr də göstərdi ki, mətbuat ideoloji işlə, cəmiyyətdə baş verənlərlə bağlı reallığı düzgün və obyektiv çatdırır. Dövlət də mətbuatın bu kimi missiyalarını çox gözəl bildiyi üçün ictimai-siyasi institut kimi medianın inkişafı cənab Prezidentin prioritet istiqamətlərindən birinə çevrilib və daim mətbuata bu cür qayğı göstərilir. Mətbuata birdəfəlik yardım, jurnalistlərin mükafatlandırılması, eyni zamanda, mətbuat nümayəndələrinə mənzillərin verilməsi sistemli şəkildə mətbuatın inkişafına göstərilən dövlət qayğısıdır. Buna görə Prezidentə minnətdar olmalıyıq. Belə bir nümunə, belə model dünyada digər dövlətlər tərəfindən də öyrənilməkdədir ki, demokratik dünyəvi fikrə, azad sözə bu qədər həssaslıqla yanaşılır. Bu, Azərbaycanda azad fikrin, demokratik cəmiyyətin  inkişafına xidmət edən  bir addımdır”.

“Yeni Müsavat”  qəzetinin baş redaktoru Rauf Arifoğlu Prezidentin yazılı mətbuata olan bu dəstəyinin artıq uzun müddətdir davam etdiyini diqqətə çatdırdı: “Prezidentin mediaya olan qayğısı sayəsində Azərbaycanda yazılı mətbuat öz mövcudluğunu qorumaqdadır. Bu dəstək olmasaydı, bəlkə də indiyə qədər Azərbaycanda yazılı mətbuat sıradan çıxmaq təhlükəsi qarşısında qalardı. “Yeni Müsavat” da daxil olmaqla media quruluşları bu gün fəaliyyətlərini davam etdirirlərsə, bu da Prezidentin yazılı mətbuata göstərdiyi diqqətin, qayğının nəticəsindədir. Qəzetlərə ayrılan yardımlara gəldikdə isə bu da artıq ənənə halını alıb. Uzun illərdir ki, hər il Milli Mətbuat günü ərəfəsində Azərbaycan mediasına vəsait ayrılır, bu vəsaitlər də mətbuatın problemlərinin, yığılıb qalmış borclarının ödənilməsinə yönəldilir. Keçən ildən başlayaraq qəzetlərə əlavə dəyər vergisinin yenidən tətbiqinə qərar verildi. Keçənilki vəsait məhz ilbioyunca həmin əlavə dəyər vergisinin qaytarılması prosesinə ekvivalent idi. Bu il də həm kağız 40 faiz bahalaşıb, həm də qəzetlər əlavə dəyər vergisini ödəməyə davam edirlər, həmin məbləğ il boyunca yığılan o borcların və redaksiyaların məsrəf etdikləri vəsaitlərin kompensasiyası üçün yetərli olur. Bu da onu göstərir ki, ölkə rəhbərliyi Azərbaycan mediasını düşünür, düşünməklə bərabər konkret addımlar atır və buna görə də  biz cənab Prezidentə təşəkkür edirik”.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bu addımı yüksək dəyərləndirdiyini dedi: “Məlumdur ki, indi bütün dünyada, o cümlədən də Azərbaycanda yazılı mətbuata oxucu marağı azalıb, insanlar üçün informasiyanı internetdən “online” media və sosial şəbəkələr vasitəsilə anında əldə etmək daha asan və əlçatandır. Çap mediası isə bir gün sonra oxucunun ixtiyarına verilir və artıq bu, bütün dünyada öz populyarlığını itirməkdədir. Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin yazılı mətbuatın inkişafına, öz fəaliyyətini davam etdirməsinə belə bir dəstək göstərməsini çox yüksək qiymətləndirirəm. Çünki belə bir dəstək olmasa çap mətbuatı öz fəaliyyətini davam etdirə bilməz. Məlum olduğu kimi, qəzetlər reklam bazarında  əlverişli  imkanlara malik deyillər, reklam şirkətləri qəzetlərlə işləməyə maraqlı deyillər və oxucular da yetərli sayda qəzet almağa həvəs göstərmirlər.

Belə bir halda ya qəzetlər fəaliyyətini dayandırmalıdır, ya da dövlətin maddi dəstəyi hesabına çıxmalıdırlar. O baxımdan da mən düşünürəm ki, Azərbaycan hakimiyyətinin, Azərbaycan Prezidentinin yazılı mətbuata bu qayğısı, həssas münasibəti jurnalistlər tərəfindən təqdir olunur və təqdir olunmalıdır. Prezidentin bu addımı Azərbaycanda klassik qəzetçiliyin inkişafına dəyərli töhfədir. 22 iyul - Azərbaycan jurnalistlərinin peşə bayramı ərəfəsində bu addımın atılması ikiqat sevindiricidir, buna görə öz həmkarlarım adından və  öz adımdan  cənab Prezidentə təşəkkür edirəm”.

Sevinc Abdullayeva,

“İki sahil”