18 iyul 2018 19:37
1116

Abşeron çimərliklərində əlverişli hava şəraiti müşahidə ediləcək

Ölkə ərazisində iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25°, gündüz 30-34° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi normadan aşağı - 751 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28° isti olacaq.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 19-da Abşeron yarımadasında temperatur rejimi və digər meteoroloji amillər iqlim norması daxilində tərəddüd edəcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı bildirilir.