18 iyul 2018 22:20
1426

Naxçıvanlı tələbələr Türkiyədə təcrübələrini uğurla başa vurublar

Naxçıvan Dövlət Universiteti (NDU)  ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq universitetin  tibb fakültəsinin tələbələri Türkiyədə yay istehsalat təcrübəsi keçiblər.

Qardaş ölkənin  Ərzurum Atatürk Universitetinin, Trabzon Qaradəniz Texnik Universitetinin, Ərzincan Binəli Yıldırım Universitetinin, Kayseri Erciyes Universitetinin kliniki xəstəxanalarında iyulun 2-dən 13-dək davam edən təcrübədə  ümumilikdə 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr hər gün saat 09:00 dan 17:00 dək qruplar üzrə Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Ginekologiya və Terapiya bölümlərində qrafik üzrə praktiki məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin Oftalmologiya, Qulaq-burun-boğaz, Dermatologiya ixtisasları üzrə rezident-həkimləri ixtisaslarına uygun olaraq müayinə-müalicə proseslərində iştirak edib, öz bilik və bacarıqlarını artırıblar. Xəstələrin müayinəsində də iştirak edən tələbələr həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər. Rezidentlər isə Kardiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti ilə müqaviləyə əsasən tələbələr bu il ilk dəfə olaraq Trabzon şəhərində təcrübə kursu keçiblər. Hər iki universitet arasında qarşılıqlı razılaşmaya əsasən həmin universitetin  Tibb, Əczaçılıq və Stomatologiya fakültələrinin professor-müəllim heyətinin növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində dərs demələri üçün qarşılıqlı anlaşma əldə edilib. Tələbələr təcrübə dövründə eyni zamanda, olduqları şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı əldə  ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələr Ərzincan valisi və Ərzincanın Sağlıq Müdiri ilə görüşüb, keçdikləri istehsalat təcrübəsi Ərzincanın “Gündem 24” rəsmi qəzetində və televiziyasında işıqlandırılıb.

Məlumat üçün onu da bildirək ki, universitetin Baytarlıq ixtisasının tələbələri hal-hazırda Qars Qafqaz Universitetində təcrübə kursu keçirlər.

Universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksək ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Səadət Əliyeva,

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri