18 iyul 2018 22:36
1781

Mübariz Əhmədoğlu: Azərbaycan Ordusunun qarşısını almaq onların gücü daxilində deyil

“Həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür. Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. Paşinyan statusuna görə Azərbaycan Prezidenti ilə uyğun deyil”.

Bu fikirləri dünən keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə gözə, ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dörd saatlıq görüşünün təşkilatçısı və iştirakçısı oldular: “Paşinyan ümumiyyətlə, “demokratik fontan” vurdu. Guya həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər. Azərbaycanın ATƏT və tənzimlənməyə konseptual və cari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfində isə dəyişikliklər boldur”.

Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanda konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə, dövlətin başçısı prezident, icra hakimiyyətinin başçısı baş nazirdir: “Xarici siyasət məsələlərini də baş nazir müəyyən etməlidir. Azərbaycan Konstitusiyasına görə, Prezident həm dövlətin, həm icra hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir. Ermənistanda inqilab baş verdi. Zorakı yolla Paşinyan hakimiyyəti ələ keçirdi. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir”.

Politoloqun sözlərinə görə, Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi S. Sarkisyandır. Məqsəd real tənzimlənmədən yayınmaq idi.

M. Əhmədoğlu onu da vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistanda dördüncü liderlə işləyir: “Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmaları arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq ATƏT-in Minsk qrupu həmsədrlərinin daha konkret gündəliklə işləməsini tələb edir. Əks təqdirdə, həmsədrlər təkcə özlərinin deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan Ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil”.

Taleh Turqut,

“İki sahil”