18 iyul 2018 22:39
1844

Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biridir

 Prezident İlham Əliyev daim vurğulayır ki, çoxlu sayda yoxsul və işsizlər olan ölkədə demokratik cəmiyyət qurmaq mümkün deyildir.  Azərbaycanda siyasi islahatların çox səmərəli və iqtisadi islahatlarla paralel surətdə həyata keçirilməsi daha açıq cəmiyyət qurulmasına, demokratiyanın inkişafı istiqamətindəki əsas məqsədlərimizə çatmaq imkanlarımızı daha da artırır.

Bu gün Azərbaycan güclü, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad, daim inkişaf edən demokratik, hüquqi  dövlət quruculuğu yolunda, eləcə də qlobal, və regional iqteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etmək, müxtəlif ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrin və  əməkdaşlığın miqyasının genişləndirilməsi yolunda mühüm addımlar atır. Uğurla inkişaf etdirilən innovativ, unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində ölkəmizdə qısa müddətdə böyük nailiyyətlər əldə olunub.  Təbii ki, bu proseslərin əsasında kadr potensialının inkişafı, Prezident İlham Əliyevin “qara qızıl”ın “insan kapitalına” çevrilməsi konsepsiyası durur. 2016-cı il sentyabrın 26-da baş tutan referendum aktında Konstitusiyaya edilən dəyişikliklərlə vitse-prezidentlik institutunun yaradılması, respublikamızın yeni inkişaf mərhələsində əsaslı islahatların aparıldığı bir vaxtda dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malik olması cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilib.

Görülən işlərin nəticəsidir ki, nüfuzlu beynəlxalq qurumlar ölkəmizdə demokratiyanın inkişafı, sabitlik, qanunun aliliyinin, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlılığı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, azad rəqabət üçün əlverişli şərait yaradılması, gömrük və vergi xidməti işinin yaxşılaşdırılması, iqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması, qeyri-neft sektorunun inkişafı, təhsil və kadr hazırlığı, turizm, loqistika, nəqliyyat, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi və.s sahələrdə Azərbaycan hökümətinin gördüyü işləri yüksək qiymətləndirir.

Ötən müddətdə bütün sahələrdə irimiqyaslı islahatların uğurla reallaşdırılması üçün davamlı institusional və praktik tədbirlər görülür. İslahatların davamlı və səmərəli olması üçün möhkəm hüquqi baza yaradılıb. 

2017-ci il Azərbaycanın tarixinə dərin islahatlar ili kimi daxil oldu. Azərbaycanın Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsidir.

 İslahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının  sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamlar verilib, Dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallaşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.  Bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı ilin l6 dekabr tarixli Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir.

Reallaşıdırılan islahatların ötən dövr üçün ən böyük uğurları kimi tədiyyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, qeyri-neft ixracının, strateji valyuta ehtiyatlarının artması xüsusilə qeyd edilməlidir. Görüləcək işlərin  sırasında əsasən, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib. Kredit Zəmanət Fondunun yaradılması ilə kredit resurslarına çıxış asanlaşacaq və iqtisadiyyatın maliyyələşməsi artacaq. İslahat prosesi müddətində ölkəmizdə onlarla sənaye parkı, aqropark yaradılıb, bununla da işgüzar mühit canlanıb, sahibkarlıq inkişaf edib.

Zahid Rza,

“İki sahil”