18 iyul 2018 22:43
2353

İlham Əliyev: Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var

Ölkəmizin əmək bazarında resurslardan istifadə, tələb-təklif münasibətləri  tənzimləmə siyasətinə uyğun aparılır,  işsizliyin və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına diqqət artırılır

İnsanların daha çox təmasda olduğu yerlərdə, hipermarketlərdə, «ASAN xidmət»lərdə balaca da olsa  sərgini xatırladan, xüsusilə əl işlərinin nümayiş etdirildiyi güşələrə rast gəlirik. Daha çox el sənətini yaşadanların əl işlərindən ibarət belə güşələr  həm də ulularımızdan bizə ərmağan qalan irsə sadiqlikdir. Məişətdə  işlədilən, göz nurunun bəhrəsi olan toxuma, bəzək əşyalarının, nadir incilərin təbliğ olunduğu  belə guşələr milli dəyərlərimizin gənclərə aşılanması baxımından da  əhəmiyyətlidir.

 «Dövlət siyasətimizin mərkəzində   Azərbaycan vətəndaşı dayanır» söyləyən Prezident İlham Əliyevin daha çox diqqət  yetirdiyi məsələ  ölkədə yeni müəssisəsələrin,  iş yerlərinin açılması, əhalinin məsğulluq səviyyəsinin artırılmasıdır. Dünya təcrübəsində geniş yayılan  mütərəqqi üsul, özünüməşğulluğun tətbiqi ölkəmizdə də uğurla davam etdirilir, özünü doğruldur. Prezident İlham Əliyevin imzaladığı «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında»kı Fərmanda,  «Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı  əlavə tədbirlər haqqında»  Sərəncamda da qeyd olunur ki,   əmək bazarında  təklif və tələb arasında tənzimləmə siyasətinə,  işsizliyin və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına diqqət artırılmalıdır.

BMT-nin qlobal inkişafla bağlı bütün təşəbbüslərində iştirak edən, çağırışlarına  qoşulan Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsi  ölkəmizdə məşğulluq siyasətinin  davamlı olmasına  imkanlar yaradır. Azərbaycan  BMT-nin üzvü olan dövlətlərin  iştirakı ilə təşkilatın Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və  qüvvəyə minmiş Dayanıqlı İnkişaf  Məqsədləri adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən «Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyi» razılaşmasına da  qoşulub.

«Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər» söyləyən Prezident İlham Əliyevin səyi nəticəsində  dünya dövlətlərini   narahat edən iqtisadi böhran  dövründə belə respublikamızda  işsizlik xeyli dərəcədə aradan qaldırılmışddır.
 Əhalinin sürətli artımı bu sahənin daim diqqətdə saxlanılmasını tələb edir. Demoqrafik inkişafın dövlət  siyasətinin prioriteti olmasını   2025-ci ilədək olan dövr üçün əhali və demoqrafik inkişaf üzrə  Dövlət Proqramının qəbulu da təsdiqləyir.  BMT-nin Fəaliyyət Proqramına uyğun olaraq ölkəmizdə vətəndaşların ailə planlaşdırılması və reproduktiv sağlamlıq,  əhalinin ümumi inkişafı, gender bərabərliyi ilə bağlı həyata keçirilən  islahatlar barədə  maarifləndirilmənin aparılmasının təməlində də  məşğulluq problemlərinin həlli  dayanır. Ən çox tələb olunan sahələrdə  yeni iş yerlərinin açılması məşğulluq siyasətinin həllini sürətləndirir,  daimi proses kimi  diqqətdə saxlanılır.   Adətən  aqrar sahədə özünüməşğulluq  həmişə daha çox hiss olunur.  Barama istehsalında  fəaliyyət göstərən ailələrin xidmətlərini nümunə göstərmək olar.  Son illərdə  yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunaması diqqətçəkən rəqəmdir. Bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğulluğunu, eləcə də «Şəki-İpək” ASC»-də 1500-dək daimi iş yerinin açılması, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialı yüksəlir.  

Beynəlxalq maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir ki, Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasındadır. Son illərdə ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2,  minimum əmək haqqı 3,5, orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsindədir.   Açılan yeni  iş yerlərində özünüməşğulluğun payı artmaqdadır. Ailə biznesinə, məşğulluğun yüksəldilməsinə təkan verən, əmək resurslarından səmərəli istifadəni aktuallaşdıran «Ailə Biznesinə Asan Dəstək» (ABAD) pilot layihəsinə qoşulanların sayı artmaqdadır.

 «ABAD» layihəsi, bu istiqamətdə  yaradılan mərkəzlər  sahibkarları,  kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın  hazır vəziyyətə gətirilməsinə yardım göstərir.  Nəticə isə uğurludur. Cari  ilin altı ayında  ümumi daxili məhsul 1,3,  qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1, qeyri–neft sənayesi 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək bəhrəsini verir.

 Ümumiyyətlə, günümüzün əsas çağırışı olan, işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində «ABAD» publik hüquqi şəxsin yaradılması haqqında»  Fərmanı da bu məqsədə xidmət edir. Sənəddə qeyd edildiyi kimi, məqsəd  ölkənin  sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. Bu addımın atılmasında məqsəd  adından da  göründüyü kimi, ailə biznesinə, insanların həyat şəraitinin yaxşılaşmasına dəstək göstərməkdir.

 Adətən  ailə təsərrüfatları keyfiyyətli məhsul istehsal  etsələr də
 bu fərqi  təsdiqləyən sertifikatları olmadıqlarına görə böyük bazarlara çıxmaq imkanları məhdud  olur. Ailələrin qarşılaşdığı problemlərdən biri də  zəruri istehsal avadanlıqlarının olmamasıdır. Bu vəzifəni yerinə yetirən «ABAD» ailələri zəruri avadanlıqlarla təmin edir, mərkəzləşdirilmiş qaydada marketinq xidmətləri göstərilir.
  «ABAD» iştirakçı ailələrə  hüquqi təlimlər keçərək maliyyə-mühasibatlıq sahəsində, məhsulların regionlardan  satış mərkəzlərinə daşınması üçün də yardımlar göstərir.  «ABAD»ın əməkdaşlıq etdiyi şirkətlər tərəfindən  məhsullar toplanılır, vahid mərkəzlərdən  satış yerlərinə çatdırılır.  Bu, isə əlavə vaxt və vəsait sərfini aradan qaldırır.
İlkin mərhələdə «ABAD» öz fəaliyyətinə Masallı rayonunda başladı.  İkinci pilot rayon kimi Balakən seçildi. Bu təşəbbüs «ABAD»ın SOCAR-la birgə əməkdaşlığı nəticəsində baş tutdu. SOCAR sosial layihələrə hər zaman dəstək göstərir.  Balakəndə seçilən 12 ailəyə zəruri istehsal avadanlıqları  təqdim edildi, təlimlər keçirildi.

 Zəngin, qədim tarixə malik Azərbaycan sənətkarlar diyarı kimi tanınır.   El sənətlərimizi yaşadan, bacarığı, əl qabiliyyəti olan vətəndaşlarımızın sayı yüzlərlə, minlərlədir. Lakin bir çox ailələr bazarın tələb –təklifindən xəbərsiz olduqları üçün  potensiallarını hansı sahədə sərf edəcəklərini də  bilmirdilər. Bazarın tələbləri fonunda «ABAD» bu ailələrə də dəstək göstərir. İcərişəhərdə «ABAD»  sənətkarlıq mərkəzi fəaliyyətə başladı. Bütün regionlardan müraciətlər daxil oldu. «ABAD sənətkarlıq mərkəzində ilkin mərhələdə 62 ailənin 500 adda əl işi satışa çıxarıldı. Hazırda «ABAD» sənətkarlıq mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artıq  yüzlərlədir. Bu sahəyə  artan tələbatı, eyni zamanda  turistlərin marağı nəzərə alınaraq  Heydər Əliyev  Beynəlxalq  Aeroportunda ikinci  «ABAD» mərkəzi açıldı. 

   Bakının, həmçinin onun simvoluna çevrilmiş Qız Qalasının, paytaxtımızın tarixi yerlərinin təsvirini əks etdirən əl işlərinə bu gün də maraq artmaqdadır.  «ABAD»  MDB məkanında, Avropa İttifaqının layihələrində iştirak edir. BMT-nin Ərzaq Təşkilatı, BP şirkəti ilə əməkdaşlıq edir.

Bununla belə  ölkədə  əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərən qeyri-rəsmi məşğulluğ halları hələ də qalmaqdadır. Əsas məsələlərdən biri məşğulluğun rəsmi qaydalara müvafiq təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, qeyri-formal məşğulluqdan formal  məşğulluğa keçidlə yanaşı, insanların daha layiqli işlə təmin olunması  üçün beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi istiqamətində proses davam edir.

  Bu gün Azərbaycanda təxminən 4,9 milyon əmək qabiliyyətli insan var. Bunun təqribən 4,7 milyona nəfəri məşğuldur. Onların 1,5 milyonadək nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri kənd təsərrüfatında çalışır. Bunlardan 1,5 milyon nəfər əmək müqaviləsi bağlayan, rəsmi fəaliyyət göstərən insanlardır. Qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olanlar da az deyil.  «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı»nın icrası ilə bağlı  görülən işlər intensivləşir.

 Qeyri-rəsmi iqtisadiyyatın yaranması üçün çox münbit şərait yaradan  qeyri-rəsmi məşğulluğun aradan qaldırılmaması ciddi sosial məsələ olaraq qarşıda durur. Qeyri-rəsmi məşğulluq qeyri-leqal məşğulluq olanda daha ciddi problemə yol açır, «qara mühasibatlığ»ın da ortaya çıxmasına zəmin yaradır.  Dövlət Sosial Müdafiə Fonduna qanuni ödənişlərin həyata keçirilməsində, pensiya almaq hüququnda  problemlər yaradır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) bu məsələyə ümumiləşdirilmiş yanaşmasına görə, qeyri-formal məşğulluq-iqtisadiyyatın qeyri-formal sektorunda məşğul olanların və iqtisadiyyatın formal sektorunda qeyri-formal məşğul olanların cəmindən ibarətdir.  Hazırda BƏT tərəfindən yalnız 47 ölkə üzrə bu sahədə müəyyən göstəricilər toplanmışdır. Son məlumatlara görə, kənd təsərrüfatı sektorunun qeyri-formal məşğulluqda payı Cənubi Asiyada 82 faiz, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində 66 faiz, Çin istisna olmaqla, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində 65 faiz, Latın Amerikası ölkələrində 51 faiz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 10 faiz təşkil edir.

Qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırsa da, çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur, istehlak bazarına ucuz və maya dəyəri aşağı olan məhsul və xidmətlər təqdim edilir, keyfiyyət aşağı olur, müvafiq standartlara cavab vermir. Qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə zidd olmaqla vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olur. Nəticədə dövlət büdcəsinə, insanların cari və gələcək sosial təminat hüquqlarına mənfi təsir göstərir, ictimai birliyin və sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması mümkün olmur. İşçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından məhrum olurlar. Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan, bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar.

Azərbaycanda qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi yeni islahatların əsas hədəflərindəndir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir.

Xuraman İsmayılqızı,

«İki sahil»