18 iyul 2018 23:03
1392

“Maire Tecnimont”: Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir

Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etməkdir.

Trend-in məlumatına görə, bunu İtaliyanın “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib.

Zavodun tikintisini birgə əməkdaşlığın yüksək nümunəsi adlandıran F.Amato bildirib ki, SOCAR rəhbərlik etdiyi şirkətin ən önəmli tərəfdaşlarından biridir:

“SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq. Biz İtaliya vətəndaşı olaraq dialoqa daim hazır olmalı və insani dəyərləri diqqətdən kənarda qoymamalıyıq. Biz, eləcə də bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu, nəinki neft kimyası sahəsində, digər sahələrdə də əməkdaşlığın başlanğıcıdır".

O qeyd edib ki, bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir: "Bu zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etmək və əməkdaşlığımızı daha da məhsuldar etməkdir.

Biz bu zavodun tikintisində təhlükəsizlik baxımından bütün parametrləri nəzərə almaqla işləri həyata keçirməyə çalışmışıq. Bütün işçi heyətə təşəkkürümü bildirirəm. Həmçinin azərbaycanlı və italiyalı işçilərdən əlavə xarici tərəfdaşlarımıza da xüsusi təşəkkürümü bildirirəm. Çünki onlar bu layihənin reallaşmasında doğrudan da böyük rol oynayıblar. Bu, Azərbaycan ilə İtaliyanın sənaye sahəsində əməkdaşlığında çox böyük addımdır".

F.Amato xüsusən vurğulayıb ki, İtaliya ilə Azərbaycan və “Maire Tecnimont” ilə “SOCAR Polymer” arasında olan əməkdaşlıq başqa sahələrdə də davam edəcək: "Bu, zavodun daha da inkişafına kömək göstərəcək. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu zavodun tikintisində işləyənlərin çoxu Azərbaycan vətəndaşıdır. Onlar çox gərgin işləyərək bu layihəni həyata keçirmişlər. Bu, Azərbaycan ilə İtaliya arasında texnologiya sahəsində əməkdaşlığın bir nümunəsidir. Ümid edirik ki, bu əməkdaşlıq uzunmüddətli olacaq".

Şirkət rəhbəri deyib ki, “Maire Tecnimont” “SOCAR Polymer” ilə yanaşı, Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda və bu əməkdaşlığın uzun müddət davam etməsində maraqlıdır:

"Bu, Azərbaycanın iqtisadiyyatının dayanıqlı şəkildə inkişafında böyük rol oynayacaq. Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim Azərbaycanla əməkdaşlığımız təkcə sənaye sahəsində deyil, akademik sahədə də mövcuddur. Məsələn, biz Bakı Ali Neft Məktəbi ilə bir sıra təhsil proqramları həyata keçiririk. Bu təhsil proqramları çərçivəsində tələbələri ixtisasartırma kurslarına dəvət edir və yaxud İtaliya şirkətlərində təcrübə keçməyə imkan yaradırıq. Təbii ki, bu yolla biz həm ixtisasını artırmış mühəndislər yetişdiririk, həm də onlar İtaliya təcrübəsindən yararlanmış olurlar. Buna görə mən məmnunluq hissi duyuram".