20 iyul 2018 16:17
2117

NDU-da birinci yarım ilin yekunları müzakirə olunub

Naxçıvan Dövlət Universitetində (NDU) beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr və 2018-ci ilin birinci yarısında görülmüş işlərlə bağlı çıxış edib. Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da  möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər cari ildə də davam etdirilib. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri qeyd edən rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

İqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Havva Adıgözəlova Naxçıvan Dövlət Universitetində aparılan bərpa-quruculuq işləri və maddi-texniki bazanın gücləndirilməsi mövzusunda çıxışında vurğulayıb ki, universitetin bütün tədris korpusları istixanalarla təchiz olunub, su, elektrik sistemləri yenilənib, dərs prosesinin normal aparılması üçün hər cür şərait yaradılıb.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyev 2016-cı ildə ölkəmizdə aparılmış konstitusiya islahatlarına müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklərdən danışıb. Diqqətə çatdırılıb ki, konstitusiyanın 15, 29, 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs muxtar respublikanın dövlət orqanlarında təmsil olunmaq imkanı qazanıb. Atılan bu addım cəmiyyətin daha dinamik təbəqəsi olan gənc nəslin seçkili orqanlarda təmsilçiliyin  artırılmasına yönəldilmiş çox mühüm konstitusion islahat kimi tarixə düşüb.

Səadət Əliyeva,

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri