20 iyul 2018 22:27
1988

Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır

“Azərbaycanda mətbuata dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. KİV təmsilçilərinə dövlət dəstəyi və qayğısı barədə nümunələr kifayət qədər çoxdur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİVDF-yə 1 milyon manatın ayrılması da bu nümunələr sırasında yer alır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, dövlət qayğısı siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərə şamil edilir, hər hansı bir fərq qoyulmur: “Bu, jurnalistlərin vətənpərvərlik və özlərinə inam hissini daha da artırır ki, bu da müstəqil medianın inkişafı üçün çox vacib amildir. Dövlətin mətbuatın və jurnalistlərin qayğısına qalmasında hansısa bir mənfi məqam axtarmaq sağlam məntiqə sığmır. Təəssüflər olsun ki, fəaliyyəti elə klub səviyyəsindən üstün olmayan “Media klubu”nda cəmləşmiş şəxslər dövlətin mətbuata qayğısından narahatlıq keçirərək bu dəstəyə fərqli don geyindirməyə çalışırlar. Əslində, burada təəccüblü olan heç bir məqam yoxdur. Çünki bu klubda toplaşanların bütün fəaliyyəti Azərbaycan mətbuatını, medianın inkişafı istiqamətində görülmüş işləri – həyata keçirilən tədbirləri qaralamaqdan ibarət olub”.

“Maraqlıdır, görəsən, uzun illər ərzində dünyanın müxtəlif ölkələrində qanlı terror aktlarının törədilməsinə zəmin yaradan, Yaxın Şərqi xaos meydanına çevirən dairələrin ayırdıqları qrantlar – maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən şəxslər nə üçün Azərbaycan dövlətinin öz mediasına verdiyi dəstəkdən narahatlıq keçirirlər? Bu şəxslər nə istəyirlər, hansı məqsədlərə xidmət edirlər? Media sektorunu ləkələməyə çalışmaq onlara nə verir? Əslində, onlar Azərbaycanda ictimai rəyə təsir göstərmək iqtidarında olmadıqlarını yaxşı başa düşürlər”,-deyə Elçin Mirzəbəyli əlavə edib.

Baş redaktor vurğulayıb ki, dünyada çap mediasının inkişafına dövlət tərəfindən dəstək göstərilməsinə dair çoxsaylı nümunələr mövcuddur: “Bu, müsbət və mütərəqqi təcrübədir. Azərbaycan da medianın inkişafı istiqamətində ciddi və əhəmiyyətli addımlar atan dövlətlər sırasında yer alır. Çap mediası mətbuatın təməlini – özülünü təşkil edir. Bu təməl olmadan media sahəsində sonrakı inkişafa nail olmaq olmaz. Bütün bunları nəzərə alan Azərbaycan dövləti çap mediasının dəstələnməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir”.

Elçin Mirzəbəyli qeyd edib ki, çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır.