20 iyul 2018 23:30
2784

Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda müzakirələr aparılıb

İyulun 20-də Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisi olduğunu bildirib.

C.Məmmədov vurğulayıb ki, respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Rektor ümummilli lider Heydər Əliyevin din sahəsinə daim qayğı göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. O bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışdır. Radikal, ekstremist qruplaşmaların törətdikləri münaqişələr və qarşıdurmalarla İslam dininə xələl gətirildiyini bildirən rektor, bununla da onların İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaratdıqlarını deyib.

Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov isə məruzəsində dini savadsızlıq və bir sıra xarici amillərin təsiri ilə meydana çıxan radikalizm və bu mənfi təmayülün İslam haqqında subyektiv fikirlərin yaranmasına səbəb olduğunu, bunun müsəlman aləmini narahat etdiyini söyləyib: “İslam tarixinin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, İslam mötədillik, dialoq və tolerantlıq dinidir. Lakin indiki dövrdə müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar var ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşaraq radikal və sərt mövqe nümayiş etdirirlər”. Bildirilib ki, dini maarifləndirmə ilə məşğul olanlar mövcud reallığı və şəraiti, insanların problemlərini, bacarıqlarını, onlara təsir edən amilləri bilməlidirlər.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.