21 iyul 2018 16:57
1474

« Azərbaycanda dövlət-din modeli və gənclik»

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu və  YAP Gənclər Birliyinin birgə təşkilatçılıği ilə bu mövzuda tədbir keçirildi

 Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu və  YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə «Azərbaycanda dövlət-din modeli və gənclik» mövzusunda tədbir keçirildi.

              Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri  Amil Cavadov son zamanlar ölkəmizdə və dünyada baş verən proseslərin fonunda bu məsələnin daha da aktuallaşdığını diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə dövlət-din münasibətləri  nümunə olacaq formada həyata keçirilir. Bu münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  Hazırda bu siyasət ölkə Prezidenti  İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. 

      A.Cavadov  Azərbaycanda dövlət-din münasibətlərinin uğurla tənzimləndiyini, qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırdı: « Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. Təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var. Amma buna baxmayaraq inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli planların həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır.»

   Şöbə müdiri Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və digər dövlət qurumları ilə  birlikdə həyata keçirdiyi  tədbirlərdən danışdı. Bildirdi ki, bu tədbirlərin  əsas iştirakçıları məhz  gənclərimzdir: «Çünki gənclik  Azərbaycanın gələcəyidir.  Bugünkü uğurlarmızın gələcəyə daşınmasında  gənclərimizin rolu böyükdür. Bu baxımdan belə tədbirlərimiz YAP Gənclər Birliyi, eyni  zamanda,  digər gənclər təşkilatları ilə birgə təşkil edilir.» 

      O da bildirildi ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli»,  2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi Azərbaycanın tolerantlıq  təcrübəsindən, eyni zamanda, multikultural  cəmiyyətlərin formalaşmasına töhfələrindən irəli gəlir. Həmin illər çərçivəsində Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi YAP Gənclər Birliyi ilə birgə respublikmızın müxtəlif bölgələrində  tədbirlər həyata keçirilib. Tədbirlərdə də məqsəd Azərbaycanın dövlət-din modelinin  təbliği,  bu vəzifənin həyata keçirilməsində gənclərimizin rolunu artırmaqdır. Dini qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq dövlət-din  münasibətləri ilə  bağlı kitablar nəşr edilir. Bu gun də bu işlər davam etməkdədir.

       A.Cavadov qeyd etdi ki,  dövlətimizin  başçısı İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində  Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.  Bu fondun da yaradılmasında məqsəd Azərbaycanın uğurlu dövlət-din modelinin təbliğidir.

   Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərlə aparılan maarifçilik işindən danışdı: «Bu istiqamətdə bir sıra işlər görülüb və din tarixi, həqiqi inanc anlayışları ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.»

Fondun icraçı direktoru vurğuladı ki, tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan  bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən  ölkə kimi nümunə göstərilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı  xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din  münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Avropa ilə Asiya arasında əməkdaşlıq  körpüsü olan və uğurlu siyasəti ilə daim bu körpünün möhkəmləndirilməsinə çalışan   Azərbaycanda  əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar.  Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi ülvi dəyərlər dayanır.

   Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirdi ki,  xalqımız milli mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşıb. Azərbaycan xalqı ən çətin və ağır tarixi dövrlərdə dini ənənələrini qoruyaraq günümüzədək gətirib çıxarıb. Kənardan ölkəmizə idxal olunmasına çalışılan ideologiyalar qətiyyətlə rədd edilir. Əlbəttə, fanatik ideyaların təsiri altına düşən vətəndaşlarımız da var. Lakin ölkə səviyyəsində onların sayı olduqca azdır və cəmiyyətimiz belələrinin ardınca getməkdə deyil, onların islah olunmasında maraqlıdır.

     Çıxışlarda  bir daha cənab İlham Əliyevin bu fikirləri önə çəkildi ki,   hər bir dövlətin  gücü iqtisadi qüdrəti ilə olduğu kimi milli və dini birlikləri ilə  ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə  və təbliğ olunmağa layiqdir. Ulu öndər Heydər Əliyevin «Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin söylədiyi  «Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində,  multikulturalizm  ideyalarının təbliği üçün  çox dəyərli və qiymətlidir.  Çünki bir daha demək istəyirəm ki, multikulturalizm  bizim həyat tərzimizdir. Nisbətən  yeni anlayış olmasına baxmayaraq, multikulturalizm  əsrlər boyu xalqımıza  xas olan bir anlayışdır» fikirləri ölkəmizdə  mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqidir.

  Tədbir diskusiya şəklində  davam etdirildi.

Yeganə Əliyeva,

 Vüsal Cahanov (foto),

«İki sahil»