25 iyul 2018 22:34
1314

Zaqatalada 60-dan çox ailə aktiv əmək bazarına cəlb olunacaq

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində 2018-ci ilin sonunadək Zaqatala rayonunda 64 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Sevinc Əfəndiyeva məlumat verib.

Onun sözlərinə görə, rayonun müxtəlif yaşayış məntəqələrindən araşdırma yolu ilə seçilən bu ailələr artıq “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə də iştirak ediblər.

Mərkəzin direktor əvəzi bildirib ki, Özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə Zaqatala rayonunda 20 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Bu ailələrdən 12-si heyvandarlıq, 8 ailə isə ayaqqabı ustası, dərzi, şirniyyatçı, kompüter mütəxəssisi və digər xidmət sahələrində öz kiçik biznes təsərrüfatlarını yaradıblar.

Sevinc Əfəndiyevanın verdiyi məlumata görə, 2018-ci ilin birinci yarısında Məşğulluq Mərkəzinə 1183 nəfər müraciət edib, onlardan 1042 nəfəri işaxtaran kimi qeydiyyata alınıb. Bu müddət ərzində 360 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 22 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.