07 sentyabr 2018 14:33
2131

Türk dövlətlərinin Sammiti: yeni əməkdaşlıq zirvəsinə doğru

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Tədbirə ilk dəfə olaraq Özbəkistan və Macarıstan da qatılıb. Sammitdə türk dövlətlərinin əməkdaşlığında aktual hesab edilən müxtəlif məsələlər müzakirə edilib. Bunlara siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, idman, elm, təhsil və s. sahələr daxildir. 

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı müasir mərhələdə TDƏŞ-in vacib funksiya yerinə yetirdiyini vurğulamaqla yanaşı, üzv dövlətlərin əməkdaşlığının konkret istiqamətlərini də göstərib. Təşkilatın qarşısında duran əhəmiyyətli məsələlərdən biri kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ayrıca diqqət yetirilib. Bundan başqa, TDƏŞ çərçivəsində əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinin müxtəlif aspektləri haqqında fikirlər söylənilib. Onlar üzərində daha geniş dayanmaq zərurəti mövcuddur.

Tarix və müasirlik: real əməkdaşlıq tələbatının geosiyasi aspekti

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşünün gündəmində əsasən idman və gənclər məsələləri var idi. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və Özbəkistanın dövlət başçıları iştirak ediblər. Macarıstanın Baş naziri Viktor Orban da Sammitin iştirakçısı olub (bax: Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib / AZƏRTAC, 3 sentyabr 2018).

Öncə vurğulayaq ki, Özbəkistan və Macarıstan müşahidəçi kimi iştirak edirdilər. Ekspertlər bu məqamı xüsusi vurğulayırlar. Çünki TDƏŞ faktiki olaraq genişlənir, ona maraq artır. Xüsusilə Avropanın mərkəzində yerləşən və öz milli mövqeyi ilə seçilən Macarıstanın türk dövlətlərinin təşkilatına maraq göstərməsi diqqəti çəkib. Macarlar Atillanı unutmurlar. Digər tərəfdən, V.Orban Sammitdə açıq bəyan etdi ki, Budapeşt “Yeni İpək Yolu” layihəsinin reallaşması kontekstində TDƏŞ kimi təşkilatlara maraq göstərir. Geosiyasi aspektdə məsələnin bu tərəfi daha aktual özəlliklərə bağlıdır.

Ən əhəmiyyətli cəhət ondan ibarətdir ki, türk dövlətlərinin əməkdaşlıq təşkilatı konkret proqramlar üzərində qurulub. Burada etnik faktor arxa plandadır. TDƏŞ bu səbəbdən inkişaf edir. Onun təməlində şüarçılıq deyil, proqramlar üzrə əməkdaşlıq prinsipləri dayanır. Məhz bu məntiqlə də Macarıstan “Yeni İpək Yolu” layihəsi çərçivəsində türk dövlətləri ilə əlaqələri genişləndirməyə çalışır.

Konkret olaraq, Qazaxıstan, Qırğız Respublikası, Azərbaycan və Türkiyə “Yeni İpək Yolu” layihəsinin əsas iştirakçıları sırasındadırlar. İqtisadi-ticari və nəqliyyat dəhlizləri bu dövlətlərdən keçir. Azərbaycan, Qazaxıstan və Türkiyə prezidentləri Sammitdəki çıxışlarında həmin məqamı ayrıca vurğulayıblar. Çindən başlanan yol Qazaxıstandan keçməklə Xəzər dənizinə, oradan da Azərbaycan vasitəsilə Avropaya uzanır. Həmin kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı fikirləri maraq doğurur: “Xəzərdən keçməklə Qafqazı və Orta Asiyanı aşaraq Çinə qədər uzanan “Şərq-Qərb Orta Dəhliz” təşəbbüsünə önəm veririk. “Müasir İpək Yolu – Orta Dəhliz” kimi tanınan bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir” (bax: əvvəlki mənbəyə).

Bu yol əslində böyük perspektivi olan qlobal əməkdaşlığın əsas damarlarından biridir. Bu baxımdan o, əvəzedilməzdir. Dünyanın müxtəlif ölkələrinin TDƏŞ-ə olan diqqətinin arxasında, şübhəsiz ki, digər faktorlarla yanaşı, həmin məqam da dayanır.

Təbii ki, TDƏŞ kimi beynəlxalq təşkilatın funksiyası yalnız yuxarıda vurğulanan layihə çərçivəsində əməkdaşlıqla məhdudlaşmır. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdəki nitqində təşkilatın fəaliyyəti haqqında dolğun və lakonik fikirlər ifadə edib. Onlardan görünür ki, TDƏŞ həqiqi mənada dünya miqyasında söz sahibi ola biləcək qurum səviyyəsinə yüksəlməkdədir (bax: əvvəlki mənbəyə).

Azərbaycanın dövlət başçısı TDƏŞ-in sosial-siyasi və iqtisadi-mədəni həyatın bütün sahələrini əhatə edən proqramlar üzrə işlədiyini konkret nümunələrlə göstərdi.

Türk dövlətləri tarix, dil, siyasət, iqtisadiyyat, regional təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, idman, təhsil, elm, ekologiya və başqa sferalar üzrə əməkdaşlıq edirlər. O cümlədən Ermənistanın havadarlarının yaxından yardımı ilə Azərbaycana təcavüzünün neqativ nəticələrinin aradan qaldırılması üçün TDƏŞ-in daha fəal mövqe bildirməsinə ciddi ehtiyac vardır. Azərbaycan beynəlxalq təşkilatlarda ölkənin ərazi bütövlüyünün təminini dəstəkləyən və Ermənistanın təcavüzkarlığını pisləyən sənədlərin qəbul edilməsinə nail olub. Dövlət başçısı İlham Əliyev nitqində konkret ifadə edib ki, “BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər” (bax: əvvəlki mənbəyə). Deməli, münaqişənin ədalətli həll edilməsi üçün lazımi hüquqi baza mövcuddur. Onun əsasında TDƏŞ daha konkret və fəal addımlar atmalıdır.

Perspektiv: daha fəal və ədalətli mövqe uğrunda

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə maraqlı fikirlər ifadə edib. Qardaş ölkənin başçısı deyib: “Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik” (bax: əvvəlki mənbəyə). İsmarıc aydın və konkretdir: bütün türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün əllərindən gələni etməlidirlər. Çünki Azərbaycan haqlıdır, onun öz dövlətçiliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdan başqa niyyəti yoxdur.

Azərbaycan və Türkiyə Prezidentlərinin bu məsələni daha çox qabartmasının geosiyasi əhəmiyyəti vardır. Çünki əgər türk dövlətləri ümumi marağa xidmət edən məsələlərdə həmrəylik nümayiş etdirməsələr, bir sıra dost olmayan dairələr bədnam “Ərəb baharı”na oxşar funksiyaları yerinə yetirməli olan “Türk baharı” yarada bilərlər. Bu da hər bir türk dövlətinin silkələnməsi, qeyri-müəyyənliyə düçar edilməsi, münaqişələrə və hətta böyük savaşlara sürüklənməsi üçün yol açır. Bütün bu fəsadların qarşısını birlik, ədalətlilik, qarşılıqlı qayğı, real əməkdaşlıq və güclü dövlətçiliklə almaq mümkündür. Şübhə yoxdur ki, TDƏŞ-in bu baxımdan imkanları genişdir.

Vurğulanan kontekstdə “Yeni İpək Yolu” layihəsi çərçivəsində türk dövlətlərinin əməkdaşlıq təşkilatının yeni geosiyasi stimullar yaratdığı üzərində ayrıca dayanmaq olar. Xəritədən də göründüyü kimi, Çindən başlayan nəqliyyat dəhlizi Avropaya qədər geniş bir məkanda türk ölkələrindən keçir. Şərti olaraq onu “Türk zolağı” adlandırsaq, onda bütövlükdə həmin layihənin ana xəttini məhz bu marşrutun təşkil etdiyini görərik. Çinin Avropaya yolu “Türk zolağı”ndan keçir. Deməli, dünyanın müxtəlif regionlarında yerləşən ölkələr beynəlxalq layihədə iştirak etmək arzusundadırsa, mütləq TDƏŞ kimi təşkilatı nəzərə almalıdırlar.

Aydın görünür ki, burada etnik mənsubluq deyil, müasir dövrün geosiyasi-iqtisadi reallıqları başlıca rol oynayır. Türk dövlətlərinin təbiətən qlobal əməkdaşlıqda pozitiv rol oynaması faktını qəbul edə bilən hər bir dövlət üçün TDƏŞ açıqdır.

Beləliklə, Türk Şurasına üzv dövlətlərin başçılarının VI Zirvə görüşü maraqlı və əhəmiyyətli bir geosiyasi faktı meydana çıxarır. Bu təşkilatın qlobal əhəmiyyətliliyi bir daha təsdiqini tapır. Onun beynəlxalq əməkdaşlıq sahəsində rolu daha geniş və dərin ola bilər. TDƏŞ-ə üzv dövlətlər böyük bir geosiyasi məkanın aparıcı ölkələridir. Onlar konkret beynəlxalq layihələrin (mədəni, iqtisadi, kommunikativ, təhlükəsizlik, ekoloji və s.) təşəbbüskarlarıdırlar. Dünya siyasəti bu baxımdan yeni bir dinamikanın şahidi olmaqdadır. Burada ayrıca bir məqamı vurğulamağa ehtiyac duyulur.

Azərbaycan Türk Şurası tərkibində böyük fəallıq göstərir. Rəsmi Bakı atdığı addımlarla türk dövlətlərinin müasir dövrün tələblərinə uyğun qaydada əməkdaşlığı inkişaf etdirməsinə çalışır. Bu bağlılıqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sammitdə ifadə etdiyi bir fikir reallığı dolğun əks etdirir. Qardaş ölkənin başçısı çıxışı zamanı vurğulayıb: “2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var” (bax: əvvəlki mənbəyə).

Yuxarıda vurğulanan məqamlardan aydın görünür ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü tarixi əhəmiyyət daşıyır. Bu Sammit geniş bir geosiyasi məkanda beynəlxalq hüquq çərçivəsində əməkdaşlığa yeni təkan verə bilər. Yalnız türk dövlətlərinin deyil, xoşməramlı istənilən ölkənin bu əməkdaşlıqdan faydalanması üçün yeni imkanlar meydana gəlib. Bu səbəbdəndir ki, TDƏŞ-in yaxın perspektivdə ən dinamik beynəlxalq təşkilatlardan birinə çevrilməsi şansının çox olduğunu proqnozlaşdırmaq mümkündür.

Newtimes.az