13 sentyabr 2018 14:14
1843

Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir

Ölkə Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə bir daha bildirmişdir ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir, populist xarakterlidir, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır” bəyanatı işğalçı dövlətə və ona dəstək funksiyasını yerinə yetirən dövlətlərə və təşkilatlara ciddi mesaj olmalıdır. Baxmayaraq ki, işğalçı dövlətin yeni baş naziri Nikol Paşinyan ilk gündən sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini yayındırmağa, ənənələrinə uyğun olaraq yalan təbliğatlarını həqiqət kimi sırımağa cəhd göstərir. Amma unudur ki, tarix real həqiqətlərə, faktlara əsaslanır. Son zamanlarda dünya dövlətlərinin, o cümlədən Rusiyanın Ermənistana münasibətinə diqqət yetirsək, artıq işgalçı dövlətin maraqların icrasında vasitəçi roluna ehtiyacın olmadığı, ən əsası dünyanın həqiqətə həqiqət gözü ilə baxmaq məcburiyyətində qaldığı aydın görünür. Ermənistanın baş nazirinin Rusiya səfəri zamanı Prezident Vladimir Putin tərəfindən laqeydliklə qarşılanması, danışıqlar zamanı sərt reaksiyaların ifadə olunması diqqətdən kənarda qalmadı. Bu pərtlik N.Paşinyanı erməni diasporu nümayəndələri ilə görüşündə ziddiyyətli, populist fikirlər səsləndirməyə sövq etdi. Qeyd etdiyimiz kimi, belə sayıqlamalar baş nazirin bütün çıxışlarında yer alır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın haqq səsini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq ictimaiyyətə çatdıran rəsmi Bakı ədalət meyarının əsaslılığını önə çəkərək, dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdırır. Bu yanaşmalara baxmayaraq, diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi inkişaf fonunda artan hərbi qüdrətimiz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. Rəsmi Bakı daim mövqeyimizin dəyişməz olduğunu bəyan edərək, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bəyan edir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Münaqişənin həllində beynəlxalq dəstək hər zaman önə çəkilir. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə, faktlarla dünya ictimaiyyətinə çatdırılır. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə ölkəmizin haqlı mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir. Dövlətimizin başçısı İlham Əliyev ötən il BMT Baş Assambleyasının 72-ci sessiyasında bir daha bəyan etmişdir ki, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm olmalıdır. “Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir” söyləyən ölkə Prezidenti İlham Əliyev dünya üçün adi qəbul olunan bu reallığı ən yüksək tribunalardan bəyan edir ki, bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

İkili siyasətin yaratdığı problemlərdən bəhs olunarkən Dağlıq Qarabağ münaqişəsinin bu günədək öz ədalətli həllini tapmaması önə çəkilir. Rəsmi Bakı münaqişənin həllində bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etmək istəyir. İlk dəfə Faktaraşdırıcı Missiyanın yaradılması təklifi ilə də BMT Baş Assambleyasının sessiyasında çıxış edilmişdir. Lakin o zaman işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bunu Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirdilər. Dövlətimizin başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, bunun ATƏT-in vastiəçilik missiyasına heç bir aidiyyəti yoxdur, rəsmi Bakı bütün təşkilatların imkanlarından istifadə etmək niyyətindədir. Həmin ərəfədə yaradılan ATƏT-in Faktaraşdırıcı Missiyası iki dəfə ardıcıl olaraq işğal edilmiş ərazilərimizdə olsa da, süni məskunlaşma faktını təsdiqləsələr də, hazırladıqları hesabatda işğalçı dövlətinin adının çəkilməsini məqsədəuyğun hesab etmədilər. Guya bu, bir tərəfin müdafiəsi kimi qəbul oluna bilər. Ədalət meyarının qorunmasını birtərəflilik kimi dəyərləndirməyin özü beynəlxalq hüquqa ziddir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət yönəldir.

Ölkə Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə də bu kimi məsələlərdən bəhs etmişdir.  Məsələlərin gündəliyinin geniş olduğunu bildirən cənab İlham Əliyev  bildirmişdir ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Ölkə Prezidenti qeyd etmişdir ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Dövlətimizin başçısı Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

Əvvəldə də qeyd etdiyimiz kimi, görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri, səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafına xidmət edən sənədlərin imzalanması iki ölkənin strateji tərəfdaşlıqlarına bir daha işıq saldı. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın mövqeyi hər zaman ölkəmiz üçün önəmlidir. Cənab İlham Əliyevin Rusiya səfəri çərçivəsində Prezident V.Putinlə görüşündə, həmçinin mətbuata bəyanatlarında da bu mövqe açıqlandı ki, rəsmi Moskva bundan sonra da münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə səy göstərəcək. Tarixi köklərə malik olan Rusiya-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişafı dövlətimizin başçısı İlham Əliyevin məlum səfəri zamanı istər qarşılanma mərasimindən, istərsə də imzalanan sənədlərdən bir daha özünü qabarıq şəkildə büruzə verdi. Bu münasibətləri həzm etməkdə çətinlik çəkən Ermənistanın baş nazirinin Rusiyaya daha böyük ümidlərlə səfər etməsi, lakin ümidlərinin boşa çıxması məyusluğuna səbəb olduğundan çıxış yolunu yenə də ənənələrinə sadiqlik nümayiş etdirib, tarixi saxtalaşdırmağa xidmət edən bəyanatlar səsləndirməkdə gördü. Amma unutmaq lazım deyil ki, fərziyyə reallıq kimi qəbul oluna bilməz. Ermənistanın keçmiş prezidenti S.Sarkisyan da Fransaya səfəri zamanı iş adamları ilə görüşündə ölkəsini innovasiyalar ölkəsi kimi təqdim etmişdir. Səfalət içərisində olan bir ölkəni yeniliklərə açıq ölkə kimi təsəvvür etmək sayıqlamaları ilə diqqət çəkməyə adətkar olan Ermənistan hakimiyyətinə məxsusdur. Reallıq budur ki, insan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, dipolmatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi - Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktorlardır.

Təbii ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır. 25 ildən artıqdır ki, beynəlxalq hüqüqun norma və prinsiplərinə məhəl qoymayan və buna görə heç bir sanksiya tətbiq olunmayan Ermənistanın ərköyün uşaq kimi davranışlarının başa çatdırılması zamanıdır. İşğalçını adı ilə çağırmaq istəməyən dünya dövlətləri bu siyasətləri ilə ədalət meyarına nə qədər hörmətsizlik etdiklərinin fərqində olmalıdırlar. Ədalət ən böyük meyardır. Hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır.

Yeganə Əliyeva, “İki sahil”