13 sentyabr 2018 18:39
1808

Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

“Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır".

Onun sözlərinə görə bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir:

"Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi bir vaxtda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirir və regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur".

H.Hacıyev əlavə edib ki, beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur: “Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".