18 sentyabr 2018 00:39
2076

Qaraciyərin təmizlənməsi üsulları

Qaraciyər insan orqanizmində ən vacib rolu olan orqandır və o, 500-dən artıq funksiyanı yerinə yetirir. Bu funksiyaların ən əsası isə orqanizmə daxil olan qida, su və havanı zərərli maddələrdən təmizlənməsini təmin etməkdir.

Fitoterapevt Ulduz Hüseynova AZƏRTAC-a müsahibəsində qaraciyərin təmizlənməsi üçün istifadə edilən bəzi sadə xalq təbabəti üsulları barədə məlumat verib.

Bildirilib ki, 200 qram yerkökü, 50 qram cəfəri və 150 qram kərəviz şirəsi çəkilərək qarışdırılır, hər səhər qəbul edilir və bu prosedur bir ay aparılır. Yarım stəkan pomidor şirəsi yarım stəkan kələm şirəsi ilə qarışdırılır. Hazır məhlul gündə üç dəfə yeməkdən sonra olmaqla iki həftə qəbul edilir.

Digər məsləhətə əsasən 100 qram bal, 500 qram qıtıqotu və bir litr su qarışdırılaraq soyuq və qaranlıq yerdə bir sutka saxlanılır. Hazır qarışım gündə üç dəfə yeməkdən qabaq bir xörək qaşığı qəbul edilir.

Həkim qaraciyərin təmizlənməsinin orqanizmdə bir çox müsbət dəyişikliklərə səbəb olduğunu bildirib.