17 sentyabr 2018 23:33
3029

Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır

Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı  bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı bir daha iki dost, qardaş ölkənin birliyinin, həmirəyliyinin tarixi köklərə malik olduğunu dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsımazdır, əbədidir, yüksək zirvədədir.

Keçilən yola qısa nəzər salsaq, görərik ki, Türkiyə və Azərbaycanın birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır. Cari ilin ötən dövründə Türkiyə Prezidenti ilə 6 dəfə görüşdüyünü önə çəkən dövlətimizin başçısı İlham Əliyev hər bir görüşün əlaqələrin inkişafında mühüm önəm daşıdığını diqqətə çatdırmışdır. Bu ilin mühüm uğurları, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimi, həmçinin ölkə Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrikində əksini tapan fikirləri də xatırlasaq, bir-biri ilə sıx bağlı olan, ortaq mədəniyyətə, tarixə malik olan Azərbaycan ilə Türkiyənin həmrəyliyinin möhkəm təmələ əsaslandığını daha aydın görərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda bir daha vurğulamışdır ki, biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir. Türkiyə Prezidenti R.T.Ərdoğan çıxışında bu məqamı bir daha diqqətə çatdırmışdır: “Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.”

İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Paradda iki ölkə arasında mövcud əlaqələr, həmçinin iqtisadi, siyasi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına işıq salan məqamlara bir daha diqqət yönəldimişdir. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, ilk olaraq regional əməkdaşlığın qurulmasına və inkişafına önəm verildi. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələrin gündəmə gətirilməsinə, ən əsası çoxtərəfli əməkdaşlığa yol açdı. Dövlətimizin başçısı İlham Əliyev vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardıcıllarının davamlı olduğunu önə çəkərək, “Cənub Qaz Dəhlizi”ni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirir. “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi iki dost, qardaş ölkənin siyasi iradəsinin gündəmə gətirilən hər bir layihənin uğurlu icrasında əsas rol oynadığını bir daşa ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bildirmişdir: “Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm.”

“Cənub Qaz Dəhlizi”nin dörd böyük layihədən - “Şahdəniz-2” qaz yatağının işlənilməsi, “Cənubi Qafqaz Boru Kəməri”, TANAP və TAP layihəsindən ibarət olduğunu, onlardan üçünün artıq reallaşdığını önə çəkən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin günəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Bu baxımdan TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, biz XXI əsrin enerji tarixini birlikdə yazırıq: “Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda götürür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türikiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.”

Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradımasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilmişdir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd etmişdir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.”

Paradda bu rəqəm də açıqlanmışdır ki, böyük iqtisadi gücə sahib olan Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulub. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. “Türkiyənin dünya miqyasında çox güclü ordusu var” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, o dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir.

Yaxın günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın ötən bu dövr ərzində iqtisadi, siyasi, hərbi sahədə qazandığı uğurlardan geniş bəhs etdi. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Təbii ki, bu rəqəm Azərbaycanın bu gününə və gələcəyinə olan inamın nümayişidir. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə ilə ölkəmizin bu illərdə birgə addımları sayəsində hər sahədə qazandığı uğurlar göz önündədir. “Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni Azərbaycanla Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdir. Ölkə Prezidenti İlham Əliyev paradda da bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir” söyləyən cənab İlham Əliyev gerçəkləşən layihələrin iqtisadi və siyasi uğurlarından bəhs edərək bu fikri də böyük inam və qətiyyətlə bildirmişdir ki, biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Ötən ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən əməkdaşlıq körpüsüdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan birliyinə işıq salan çıxışında da bu reallıq öz əksini tapmışdır ki, birgə səylər, ən əsası qarşıya qoyulan məqsədlər inkişafa böyük yol açır. Xatırlasaq, TANAP-ın istifadəyə verilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdə də “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir.

Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Türkiyə-Azərbaycan birliyinin önəmi hər bir çıxışda xüsusi qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev TANAP-ın əhəmiyyətindən bəhs edərkən bildirir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi: “Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.” Cənab İlham Əliyev bu inamı da ifadə edir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. TANAP Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayə kimi dəyərləndirilir.

Məhz keçilən yolun zəngin uğurlarına, ən əsası bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsımazlığına, əbədiliyinə söykənərək, dövlətimizin başçısı İlham Əliyev paradın keçirildiyi tarixi belə səciyyələndirmişdir: “Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.”

Yeganə Əliyeva, “İki sahil”