18 sentyabr 2018 20:10
1813

Elman Nəsirov: Paşinyan papağını qabağına qoyub düşünsün, papağı varsa təbii

“Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən bu günə qədər müxtəlif mövzularda səsləndirdiyi sərsəm bəyanatları, açıqlamaları ilə tanınıb. Son günlər isə bu istiqamətdə daha intensiv çalışmağa başlayıb”.

Bu sözləri Publika.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Paşinyan iki gün öncə erməni silahlılarının 3 əsgərmizi öldürməsinə dair yalan açıqlama vermişdi:

“O bu yalan bəyanatla daxili auditoriyaya oynadı və çalışdı ki, özünün itirməkdə olduğu nüfuzunu bərpa edə bilsin. Müəyyən mənada müəyyən zaman üçün o xalqı məmnun etməyə çalışır ki, hakimiyyətdə qalsın. Erməni mətbuatı isə yazır ki, inqilabdan zaman keçdikcə eyforiya vəziyyəti artıq öz təsirini itirir. Paşinyanın bu gün yeganə resursu küçələrdə mitinqlərə axışan insanlardı. Artıq onlar da yavaş-yavaş Paşinyandan üz döndərməyə başlayırlar. Belə bir vəziyyətdə isə onun sayıqlamalarının əmsalı daha da böyüyür. Bu yaxınlarda növbəti sərsəm bəyanatının şahidi olduq. O Azərbaycan prezidenti cənab İlham Əliyevin oğlunun hərbi xidmətə getməsi və andiçmə mərasimi ilə əlaqədar özünəməxsus “Paşinyansayağı” bir qiymətləndirmə aparıb. Bunu qeyd etmək yerinə düşər ki, Paşinyan bu gün qanunları pozaraq öz oğlunu işğal altında olan Azərbaycan ərazisinə - Cəbrayıla göndərməklə bağlı hərəkətlərindən nəticə çıxarmaq əvəzinə, bunu daha da bəzəyir. O qeyd edir ki, oğlu Cəbrayılda xidmətə göndərilib, lakin bu gün erməni mətbuatı, erməni müxalifəti açıq-aydın yazır ki, onun oğlunun adı Cəbrayılda gedir, özü isə Xankəndində vaxtını əyləncələrlə keçirir. O ki qaldı Paşinyanın Heydər Əliyevin hərbi xidmətə getməsi ilə bağlı hər hansı cəfəngiyat fikirlərinə, qoy onlar bilsin ki, bu gün ölkə başçımızın oğlu öz təhsilini yüksək səviyyədə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Heydər Əliyev olduqca sağlam bir gəncdir, bütün parametrlər üzrə hərbi xidmətə yararlıdır. Onu da qeyd edim ki, o bu gün Azərbaycanın ən döyüş qalibiyyətli hərbi hissələrindən birinə hərbi xidmətə çağrılıb. Bu isə o deməkdir ki, istənilən vaxt təmas xəttində, cəbhədə vəziyyət gərginləşərsə, müharibə başlayarsa, ən döyüş qabiliyyətli hərbi hissə əsgəri olaraq Heydər Əliyev də təmas xəttində ön cəbhədə olacaq. Bu bir aksiomadır. Bu səbəbdən Paşinyanın bu istiqamətdə söylədiyi ifadələr yalnız daxili auditoriyaya hesablanmış jestdir. Bununla neçənci dəfədir Paşinyan Azərbaycan daxilində baş verən proseslərə öz burnunu soxur. Amma o unudur ki, Azərbaycan Ermənistanın daxili məsələlərinə müdaxilə etməyə başlasa, onun üçün heç də yaxşı olmayacaq. Qoy hər zaman xatırlasın ki, Sarkisyanın hakimiyyətdən uzaqlaşdırıması yalnız onun fəaliyyəti ilə bağlı deyildir. Azərbaycanın Ermənistana, Sarkisyan rejiminə qarşı tətbiq etdiyi kəskinləşən sanksiya, blokada rejimi ölkəni iflic vəziyyətinə saldı. İflic vəziyyətinə düşmüş sistemdən istifadə edən Paşinyan özünə yer edə bilib. Paşinyan unutmasın ki, Azərbaycan günü bu gün eyni addımları onun hakimiyyətinə son vermək üçün də ata bilər. Lakin, Azərbaycan hələ ki, bu məsələdə səbrlə davranır. Çox incə siyasətlər Ermənistndakı vəziyyəti onların öz millət vəkillərinin dili ilə gətirəcək. Belə ki, onların öz deputatları artıq AŞPA-da Ermənistandakı diktaturadan, ölkə daxilində insan hüquq və azadlıqlarının pozulmasından, siyasi opponentlərə qarşı təzyiq və təhqirlərin olmasından şikayət edirlər. Bu bir reallıqdır. Ölkəmiz hələ ki, tələsmir. Yaxşı olar ki, Nikol Paşinyan papağını qarşısına qoyub yaxşı-yaxşı düşünsün. Təbii ki, əgər bir papağı varsa!”