18 sentyabr 2018 20:56
2487

Məşhur aktrisanın nümunəvi PAYIZ STİLLƏRİ

Hollivudun stil ikonası – Bleyk Layvli payız stilləri ilə modapərəstlərin qəlbində taxt qura bilib.

Publika.az xəbər verir ki, “Sadə xidmət” filmində çəkilən kino ulduzu onun təqdimat nümayişlərini əsl dəb şousuna çevirə bilib.

"Xəbərçi" serialının ulduzu əvvəllər də bir gün ərzində baş tutan teleşou çəkilişləri və jurnalistlərlə görüşlərində bir neçə paltar dəyişməyə macal tapmışdı, amma indi aktrisa açıq-aşkar çalışır ki, öz rekordları qırsın.

Bleyk Layvli bu ay ard-arda baş tutan film təqdimatları, teleşou və mətbuat konfransları üçün onlarla maestrosayağı obraz seçib. Bununla belə ulduzun kişisayağı dəstləri çox maraqlı alınıb. Orkestr dirijorlarını xatırladan smokinqlərini o, əsa, müxtəlif bəzək əşyaları, yaxa sancaqları, şlyapa, kepka, kəpənək qalstuku, adi qalstuk, zəncirli saat, bantlar, kişi ayaqqabıları, mokasin, və s. bu kimi detallarla tamamlayıb.

İstisna deyil ki, aktrisanın retro filmlərini yada salan tərzi payız aylarında bir çox modapərəstin ilham mənbəyi olacaq. Ümumiyyətlə, bu payız mövsüm trendlərindən agah olmaq üçün dəb jurnallarını vərəqləməyə ehtiyac qalmayacaq, bunun üçün sadəcə Belyk Layvlinin şəkillərinə baxmaq kifayətdir.

Uzun müddətdir ki, ziyafət libaslarında görmədiyimiz 31 yaşlı aktrisa istər təkrəng, istər zərxara, istərsə də dama-dama kostyumları düzgün kombin etməyin yollarını öz timsalında effektli şəkildə göstərib. Yeri gəlmişkən, qərb mətbuatı Bleykin bu tərzini təqdimatı keçirilən “Sadə xidmət” filminin reklam kampaniyası ilə bağlayır.

Stil ikonasının yeni obrazlarını təqdim edirik.