18 sentyabr 2018 22:38
2989

Müəllimlər arasında sağlam rəqabət formalaşıb

“Yüksək bal toplayan gənclərimizin müəllim peşəsinə marağının artması artıq günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbdəki çıxışında  bu məsələni xüsusi vurğulayaraq dedi: “Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib... Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min”.  Bu, ilk növbədə, təhsil sisteminə ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılmasının, məktəblərin maddi-texniki bazalarının günün tələbləri səviyyəsinə uyğunlaşdırılmasının, həmçinin müəllimlərin məişət problemlərinin həllinin, bir sözlə, təhsilə olan qayğının nəticəsidir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov bildirdi. E. Süleymanov  fikirlərini konkret faktlarla əsaslandırmağa da çalışdı. Bildirdi ki, 2017-ci ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclər 2003-cü illə müqayisədə 7,4 dəfə artaraq 1742,8 milyon manat təşkil edib, bu il isə bu rəqəm 2 milyarddan çoxdur: “Əgər ölkəmiz müharibə şəraitində olmasaydı, təhsil xərcləri birinci sırada olardı. Son 15 ildə ölkəmizdə dövlətin və Heydər Əliyev Fondunun xətti ilə üç mindən çox məktəb binası tikilib və əsaslı təmir olunub. Bununla da möhtərəm Prezidentimiz: “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Fikrimcə, bu, analoqu olmayan bir göstəricidir. Qeyd etmək yerinə düşərdi ki, təhsillə bağlı yeni məktəblərin tikintisinə dünyanın heç bir ölkəsində bu səviyyədə ciddi nəzarət edilmir. Bütün bunlar isə o deməkdir ki,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar uğurla həyata keçirilir. Şübhəsiz, məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır. Unutmayaq ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb”.

 Həmsöhbətimiz vurğuladı ki, son illər müəllimlərin maaşları da nəzərəcarpacaq dərəcədə artıb, bu prosesdə diaqnostik qiymətləndirmənin keçirilməsi, onun nəticəsində əməkhaqqı islahatının aparılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, sosial müdafiələrinin gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edib: “Təhsilin keyfiyyəti müəllimlərin səviyyəsindən də çox  asılıdır. Bu mənada yüksək bal toplayan gənclərimizin də müəllim peşəsinə maraqlarının artması təqdirəlayiqdir. Çünki təhsildə keyfiyyətə nail olmağın əsas şərti daha savadlı, daha bilikli  müəllimdir”.

E. Süleymanov son illər müəllimlərin peşəkarlığının artırımasının da diqqətdən kənarda qalmadığını bildirdi: “Belə ki, ümumtəhsil məktəblərində tədrisetmənin monitorinqi keçirilir. Burada müəllimin fəaliyyəti sadəcə yoxlanılmır, onların həvəsləndirilməsinə, fəaliyyətinin stimullaşdırılmasına hesablanan addımlar da atılır. Məhz Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi belə nümunələrdən biridir. Mən bu sırada ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edənlərə verilən “Gələcəyin müəllimi” təqaüdünü də qeyd etmək istərdim.

Bəli, bizim təhsil islahatlarımız hazırda yaxşıları və ən yaxşıları seçir. İndi sirr deyil ki, müəllimlər arasında yaxşı müəllim olmaq uğrunda sağlam rəqabət formalaşıb. Bu gün təhsil sistemimizdə aparılan islahatların böyük uğuru da məhz gələcək kadrların yetişdirilməsində  aparıcı rolu olan müəllim heyətinin seçilməsindəki yeniliklər və bu onların gətirdiyi pozitiv nəticələrdir. Bir sözlə, görülən tədbirlərin, həyata keçirilən islahatların nəticəsidir ki, son illər cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir, onun nüfuzu artır. Ulu öndər Heydər Əliyev deyirdi ki,  dünyada müəllimdən yüksək ad tanımıram. Bəli, hazırda bu yüksək ad uğrunda əsl mübarizə gedir desəm, səhv etmərəm. Mən bir təhsil işçisi kimi inanıram ki, öz həyatlarıni xalqın gələcəyinə həsr edən və nəsillərin tərbiyə edilməsində həlledici rol oynayan müəllimlərimiz təhsilimizin inkişafına çox töhfələr verəcəklər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”