18 sentyabr 2018 22:42
2063

“Made in Azerbaijan” brendi dünyaya yayılıb

Ölkə Prezidentinin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma  əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır. Cari ilin 6 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları 27 faiz, kənd təsərrüfatı məhsulları 22 faiz, xarici ticarət ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib. Sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki,  onların hesabına 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb.

Sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb. Tələb budur ki, daxili bazarımız, yerli istehsal qorunsun, inhisarçılıq hallarına qarşı mübarizə gücləndirilsin, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni manelərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində korrupsiya hallarına qarşı mübarizə gücləndirilir. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir- İnsan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək. Bunun üçün qeyri-neft sənayesinin, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.

Regional inkişaf proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu baxımdan Prezident İlham Əliyev daim çıxışlarında, xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs edərək, iş adamlarını bu istiqamətdə investisiya yatırmağa çağırır.

Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”

Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, əvvəldə də qeyd olunduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olunacağına əsas yaradır. Yevlaxda keçirilən müşavirədə də cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə, sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik” sualını səsləndirən ölkə Prezidenti İlham Əliyev buna cavab olaraq bildirir: “İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.”

2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Onlarla elektrik stansiyası tikilib istifadəyə verilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, inkişaf üçün birinci şərtdir: “Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur.” Azərbaycanda qazlaşdırma 95 faizə çatıb. Yol infrastrukturunun müasir standartlara cavab verməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfərində, eyni zamanda səfərdən sonra imzalanan sənədlər sırasında yol layihələri əsas yer tutur. Yüzlərlə kəndi birləşdirən yeni yol layihələri öz növbəsində bu günümüzün əsas tələbi olan sahibkarlığın inkişafına imkanları artırır. Ölkə Prezidenti bildirir: “Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi.” Bir sözlə, Regional İnkişaf proqramlarının icrası öz gözəl nəticələrini vermişdir. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Dövlətimizin başçısı uğurlara söykənərək, bildlirir ki, biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarını genişləndirəcək. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda fermer artıq satışın təşkili, saxlanma, təkrar istehsal kimi məsələlərdən azad olur.

Qeyd edək ki, son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Cari il üçün pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan plana diqqət yetirsək, növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur.

Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi “ABAD” mərkəzlərinin, eyni zamanda, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılmasını qeyd edə bilərik.  Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaq. “İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik” söyləyən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin intensivləşməsini tövsiyə edir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir. Nəticə olaraq “Made in Azerbaijan” brendi dünyaya səs salır: “İndi təhlil aparmaq üçün bizdə daha geniş imkanlar var. Çünki “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir. Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kortəbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır.”

“Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik” söyləyən dövlətimizin başçısı bildirir ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq.

Yeganə Əliyeva, “İki sahil”