18 sentyabr 2018 22:48
4214

Əli Kərimli İlqar Məmmədovun xarici qrantlara şərikliyini qəbul etmək istəmir

AXCP ilə REAL arasındakı qarşıdurmanın məzmunu sırf korporativ maraqlara əsaslanır

AMİP-in keçmiş funksionerlərindən biri olmuş və sonradan dünyaca məşhur maliyyə fırıldaqçısı Corc Sorosun yaratdığı Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü kimi xaricdən aldığı qrantlarla antiazərbaycan fəaliyyəti ilə gündəmə gələn REAL sədri İlqar Məmmədov həbsdən azad ediləndən sonra çox iddialı danışmağa başlayıb. İ. Məmmədov və onun az azsaylı tərəfdaşları iddia edirlər ki, o, artıq “ana müxalifət” lideridir.

Qeyd edək ki, İ. Məmmədov 2013-cü ildə qanunsuzluqlara yol verdiyi üçün polis tərəfindən saxlanılıb. Belə ki, Yaxın Şərq ölkələrində baş verən inqilablardan “ruhlanan” REAL sədri 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmişdi. O törətdiyi bu əmələ görə 7 il həbs cəzası almışdı. 2018-ci ilin avqustun 13-də isə Şəki Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması barədə qərar verdi.

Göründüyü kimi, özünü “ciddi siyasətçi” hesab edən İlqar Məmmədov həbsdən çıxandan sonra xeyli “fəallaşıb”. O, müxtəlif yalanlarla vaxtilə cinayət əməlinə yol verməsini ört-basdır etməyə, insanların şüurunda özünün “əzabkeş qəhrəman”, “mübariz”, “mələk” obrazını yaratmağa cəhd edir.

Çox güman ki, onun bu canfəşanlığı müxalifət meydanında özünə yer etməklə əlaqədardır. Lakin o, unudur ki, can atdığı müxalifət düşərgəsində onu ciddi siyasətçi kimi qəbul etmirlər. Dağıdıcı müxalifət hesab edilən “Mill Şura” və bu qurumun faktiki rəhbəri olan AXCP sədri Əli Kərimli İlqar Məmmədova və tərəfdarlarına nifrətlə yanaşırlar.

Xüsusən də cəbhəçilər tərəfindən REAL sədrinin bütün addımları izlənilir. Diqqət etsək görərik ki, AXCP tərəfdarlarından heç kim ona indiyə qədər hər hansı dəstək nümayiş etdirməyib. Çox güman ki, AXCP sədri Ə.Kərimli REAL sədri İ.Məmmədovun radikal müxalifət lideri olmaq iştahasından xəbərdardır.

Əvəzində isə REAL AXCP-ni səmərəsiz müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından uzaq və faydasız fəaliyyətdə suçlayırlar. Bu kimi çoxsaylı səbəblərdən Ə. Kərimli və İ.Məmmədovun bir-birinə qarşı patoloji nifrəti davamlı olaraq artır.

Cəbhəçilər REAL sədrini heç zaman ciddi siyasətçi kimi qəbul etməyiblər. Daha öncə də Əli Kərimli ilə İlqar Məmmədovun bir-birlərinə qarşı simpatiyası olmayıb. Yəni, hazırkı münasibət uzun illərdir özünü göstərməkdədir. Cəbhəçilərin qənaətincə, bütün parametrlərə görə İlqar Məmmədov uğursuz siyasətçidir. Onunla AXCP sədri Əli Kərimli tərəfdarları arasındakı mübarizənin səbəbi isə ənənəvi xarakter daşıyır.

Ümumiyyətlə, bu qəbul etməmək mərəzi dağıdıcı müxalifətin mahiyyətinə tam uyğundur. Onlar elə düşünürlər ki, “ana müxalifət” adı yalnız onlara məxsusdur. Bu ad onlara həm də ona görə lazımdır ki, xaricdən daha çox qrant ala bilsinlər. Təbii ki, bu qrantlar antiazərbaycan fəaiyyətini daha geniş miqyasda aparanlara səxavətlə ayrılır.

Bu gün Əli Kərimli və tərəfdarları düşünürlər ki, İlqar Məmmədov hazırda AXCP sədrinin də yer aldığı qrant şəbəkəsinin vəsaitlərini dolayısı yolla özünə yönəltmək istəyir. Bununla da REAL sədri faktiki olaraq Əli Kərimlinin qrant biznesinə şərik çıxmaq istəyir. Ona görə də hər iki düşərgə bir-birinə qarşı ittihamlarını daha böyük miqyasda davam etdirməyə başlayıblar. Aydın görünür ki, hər iki dağıdıcı müxalifətçinin mübarizəsinin məzmunu sırf korporativ maraqlara əsaslanır.

Elçin Zaman, “İki sahil”