18 sentyabr 2018 22:39
2099

Ağcabədidə içməli su təchizatının tikintisi yekunlaşır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi son mərhələdədir.

“Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə tikinti-quraşdırma işlərinə 2016-cı ildə başlanılıb. Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 28,7 km uzunluğunda magistral su xətti  tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Ağcabədi şəhərində 214 km içməli su şəbəkəsi  tikilib, 8500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 208 km kanalizasiya şəbəkəsi inşa edilib, 8 minədək ünvana birləşmə verilib, 4 kanalizasiya-nasos stansiyası quraşdırılıb.  Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.  Ağcabədi şəhərində yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisinə hazırlıq görülür.

Xatırladaq ki, Ağcabədi şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Şəhərdə mövcud olmuş  40 km su və 14 km kanalizasiya xəttləri şəhərin kiçik bir hissəsini əhatə edib və istismara yararsız vəziyyətə düşüb.

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhəri ilə yanaşı, Göyçay, Ağdaş və Beyləqan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Ağdaş şəhərində isə işlər yekunlaşmaq üzrədir.

Orxan Vahidoğlu, “İki sahil”