19 sentyabr 2018 14:28
2634

YAP Xəzər rayon təşkilatı - 25: Dünənin, bu günün və gələcəyin partiyası

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi ilə bağlı bu qurum və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yubiley tədbiri keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad etdilər.

YAP Xəzər rayon təşkilatının binasında davam edən yubiley tədbirində rayon təşkilatının sədri Namiq Əhmədov geniş məruzə ilə çıxış edərək vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ulu Öndərin bu istiqamətdə gördüyü əsas işlərdən biri də məhz Yeni Azərbaycan Partiyasını yaratmaq idi. Olduqca çətin dövrdə yaranan bu partiya Ümummilli Liderin də dediyi kimi, həqiqətən də dünənin, bu günün və gələcəyin partiyası oldu. Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yarandı. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. Yeni Azərbaycan Partiyasını yaratmaqla insanların ideologiyasına, məfkurəsinə millilik, müasirlik gətirən, yenilik duyğuları aşılayan Ulu Öndərin ideyalarını ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandırır. Ölkəmizin beynəlxalq siyasi arenadakı nailiyyətlərinin artması, sosial-iqtisadi sahədə qazandığımız uğurlar partiyamızın ictimaiyyət arasında mövqelərini də günü-gündən möhkəmləndirir. Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük, tarixi nailiyyətlərə imza atır və hər bir vətəndaşımız bununla qürur duyur.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına mane olmaq cəhdləri, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

Milli Məclisin deputatı Rauf Əliyev çıxışında YAP-ın möhkəm təməl üzərində, ulu öndər Heydər Əliyev ideyaları ilə qurulduğunu, bu gün də uğurların əldə olunduğunu qeyd etdi. Bildirdi ki, Ümummilli Liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirdi ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına sevgi ilə yanaşıb,  dövlətinə sədaqətlə xidmət edib, ölkəsinin ağır vaxtlarında xalqı ilə çiyin-çiyinə olub. Heç vaxt xalqını tək qoymayan Ulu Öndər həmişə bir amal uğrunda mübarizə aparıb. O da inkişaf edən, çiçəklənən Azərbaycandır. Bu gün xoşbəxtik ki, Ulu Öndərin arzuladığı Azərbaycanda yaşayıb, yaradırıq, çalışırıq. Xoşbəxtik ki, onun ideyaları bu gün də yaşayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf yolu hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyi üçün xoşbəxtik. Bütün Xəzər rayon sakinlərini bu bayram münasibətilə təbrik edir, Yeni Azərbaycan Partiyasına daha böyük uğurlar arzulayıram”.

YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva   qeyd etdi ki,  yarandığı gündən xalqa, Vətənə sədaqətlə xidmət etmək rayonumuzun hərtərəfli inkişafinda yaxından istirak etmək hər bir partiyadaşımızın amalı oldu. Hal-hazırda YAP Xəzər rayon təşkilatının 6473 üzv vardır ki, onların əksəriyyətini gənclər təşkil edir. Partiya üzvlərinin 80%-dən çoxu təhsilli insanlardır. Ölkədə keçirilən bütün seçkilərdə partiya fəalları aktiv iştirak etmişlər. Aparılan təbliğat və təşviqat işinin nəticəsi olaraq həmişə seçkilərdə rayonumuzun birincilik qazanması məramımızın xalqa, Vətənə xidmət etmək olmasından irəli gəlir.

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Məxmər Rüstəmova çıxışında partiyanın gənclərin həyatındakı roluna diqqət çəkərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc fəal üzvü yolunun buradan keçməsindən böyük qürur hissi duyur və üzərində böyük bir məsuliyyətin olduğunu dərk edir. Bizlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək partiyanın gələcək perspektivləri uğrunda əzmlə çalışır, bu yolda inamla addımlayırıq”.

Sonda partiya sıralarına yeni daxil olan gənclərə YAP-ın üzvlük  vəsiqələri təqdim edildi.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, 
“İki sahil”