19 sentyabr 2018 22:38
2087

Həştərxanda IV Xəzər Mediaforumu keçirilir

Sentyabrın 19-da Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın media birliklərinin vahid ünsiyyət platforması olan ikigünlük IV Xəzər Mediaforumu öz işinə başlayıb. Tədbir Həştərxan vilayəti qubernatorunun Administrasiyası tərəfindən Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə təşkil edilib. İlk forum 2015-ci ildə keçirilib. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın media ekspertləri müasir media trendlərini və imkanlarını müzakirə etmək məqsədilə mediaforuma toplaşıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub.

Həştərxan Dövlət Opera və Balet Teatrının foyesində medaiforum iştirakçıları üçün forumun tarixindən bəhs edən “Xəzər Mediaforumu: 2015-2017-ci illər” sərgisi təşkil olunub. Sərgidə nümayiş etdirilən fotoşəkillər dörd il ərzində keçirilən əsas hadisələri və tədbirləri əks etdirir.

Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volinin moderatorluğu ilə keçirilən plenar iclasda Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin giriş nitqi söyləyib, forumda fəal iştirakına görə qonaqlara təşəkkür edib. Qubernator vurğulayıb ki, bir neçə ildir fəaliyyət göstərən Xəzər Mediaforumu beynəlxalq ünsiyyət baxımından uğurlu platformadır və regionun bütün ölkələri ilə əlaqələr qurmağa və saxlamağa kömək edir. Diqqətə çatdırılıb ki, mediaforum region üçün beynəlxalq səviyyəli və nüfuzlu tədbirdir. “Ənənəyə görə, tədbirdə Xəzər “beşliyinə” daxil olan ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edirlər. Lakin bu il tədbirin coğrafiyası daha da genişlənib. Mediaforumun işində ilk dəfə tərəfdaş-müşahidəçi qismində Özbəkistan nümayəndə heyətinin təmsilçiləri iştirak edirlər”, - deyə Həştərxan vilayətinin rəhbəri əlavə edib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov vurğulayıb ki, Xəzər Mediaforumu Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsindən sonra bizim ümumi regionun aktual məsələlərinin geniş spektrinin müzakirə olunduğu ilk böyük regional tədbirdir. Bununla yanaşı, mediaforum çərçivəsində jurnalistlərin “Sərhədsiz Xəzər” adlı ənənəvi müsabiqəsi keçirilir. Bu müsabiqənin müxtəlif ictimai və beynəlxalq təşkilatlar, habelə KİV-lər tərəfindən geniş dəstəklənməsi onun həm jurnalistlər, həm də ümumilikdə cəmiyyət üçün aktual və əhəmiyyətli olduğunun sübutudur.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan nümayəndə heyəti adından qonaqları salamlayıb. “Keçən forumda biz birlikdə Həştərxan quberniyasının 300 illiyinin qeyd etdik və sevindirici haldır ki, bu il də hamımızı sevindirən və bütün Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətlərini, onların bütün sahələrdə qarşılıqlı fəaliyyəti gücləndirmək əzmini nümayiş etdirən hadisələrlə zəngindir. Bu sırada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını xüsusilə qeyd etmək lazımdır. Bu Konvensiya məhsuldar və Xəzəryanı ölkələrin gələcək qarşılıqlı fəaliyyəti üçün yeni sənəd olmaqla, dövlət başçılarımızın müdrikliyinin təcəssümüdür”, - deyə E.Vəlizadə əlavə edib.

Tədbirdə çıxış edən İran İslam Respublikasının Həştərxanda baş konsulu Əli Məhəmmədi, Qazaxıstan Respublikasının nümayəndə heyətinin rəhbəri Serik Yeqizbayev və Türkmənistan nümayəndə heyətindən Perhat Nurıyev Xəzər Mediaforumunun aktuallığını vurğulayaraq qeyd ediblər ki, bu tədbirdə Xəzər regionu dövlətlərinin Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması kontekstində əməkdaşlığının dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq. Bundan başqa, Xəzəryanı ölkələrin təhlükəsizliyinin aktual problemləri və onların həlli yollarını, Xəzər regionunda energetika və ticari-iqtisadi sahələrdə inteqrasiya proseslərinin inkişafının yeni imkanları, “Xəzər beşliyi” dövlətlərinin humanitar və təhsil üzrə əməkdaşlığının aspektləri, Xəzərin turizm potensialı, problemləri və perspektivləri mövzuları ətrafında da fikir mübadiləsi aparılacaq.

Xəzər Mediaforumu çərçivəsində “Xəzər: beynəlxalq hüquqi sənədlər” kitabının təqdimatı keçirilib. Nəşrin unikallığı ondadır ki, buradakı sənədlər bir çoxları üçün yenidir. Kitabın təqdimatını müəlliflərdən biri - siyasi elmlər doktoru Sergey Jilçov keçirib.

Sonra “Sərhədsiz Xəzər” ənənəvi müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin əsas məqsədi ictimaiyyətin diqqətini ekologiya problemlərinə, sosial-iqtisadi əməkdaşlığa, vahid informasiya məkanının formalaşmasına, müxtəlif dövlətlərarası proqramların həyata keçirilməsində KİV-lərin iştirakına əlverişli şərait yaradılmasına cəlb etməkdir. Sevindirici haldır ki, müsabiqənin qalibləri və mükafatçıları arasında azərbaycanlı jurnalistlər də var. Müsabiqənin “Xəzər ölkələrini kəşf edərkən” nominasiyasında birinci yerə Qaliyə Əliyeva, “İnsan və dəniz” nominasiyasında Yeganə Əbdülməmmədova ikinci yerə, “Yeni baxış” nominasiyasında Rauf Nəsirov üçüncü yerə layiq görülüblər.

Xəzər Mediaforumu öz işini bölmə iclaslarında davam etdirib.