19 sentyabr 2018 23:25
3338

Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycana yeni qələbələr qazandırır

“Əlbəttə ki, bizim bu gün iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulmuşdur. Biz bunu unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə “Əsrin kontraktı””nın imzalanmasından və bu sərginin təşkil edilməsindən sonra başlamışdır. Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir.”

Prezident İlham Əliyevin bu sözləri “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanda həyata keçirilən neft strategiyasının icrası ilə qazanılan uğurlara baxışdır. Dünyada sənaye üsulu ilə ilk dəfə 1846-cı ildə neft çıxarılan Azərbaycan neftin vətənidir. Zəngin təcrübə qazanan neftçilərimiz sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında, Rusiyada yeni neft yataqlarının kəşfində böyük rol oynamışlar. Təsadüfi deyil ki, “İkinci Bakı””, “Üçüncü Bakı”” adlandırılan bəzi yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Xarici ölkələrə ezam olunan Azərbaycan neftçiləri sərhədlərimizdən kənarda da ölkəmizi tanıdırlar. Bu isə Azərbaycanda neft sənayesinin inkişafını, neftçilərimizin peşəkarlığını, fədakarlığını göstərir.

Təbii ki, təbii resurslardan səmərəli istifadə etməklə ölkə iqtisadiyyatının qüdrətlənməsini təmin etmək düşünülmüş siyasət, bacarıq, dövlətçilik təcrübəsi tələb edir. Uzaqgörən siyasəti ilə daim Azərbaycanın gələcəyini düşünən, “Neft Azərbaycan xalqının ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəslə mənsubdur” söyləyən ulu öndər Heydər Əliyev hələ Sovetlər dövründə neft sənayesinin inkişafı naminə atdığı inamlı addımları ilə xalqımızın gələcək taleyinin də neft amili ilə bağlı olduğuna əminliyini bildirmişdir.

1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasil olunmasının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, Dərin Özüllər Zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirmişdir. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti neft potensialımızı gücləndirdi. “Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır” söyləyən Prezident İlham Əliyev müstəqillik qazandıqdan sonra da bu sahənin inkişafını Azərbaycanın iqtisadi tərəqqisinin təməli kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirir. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin bazar iqtisadiyyatı yolu ilə dünya iqtisadiyyatına inteqrasiyası üçün yaranan imkanları düzgün müəyyənləşdirən Ulu Öndərin Azərbaycanın xilaskarı adlandırılması xalqımızın Ümummilli Liderinə ehtiramıdır.

1994-cü ildə dünyada Azərbaycan haqqında təsəvvürün olmadığı bir zamanda Ulu Öndərin siyasəti nəticəsində inkişaf etmiş dövlətlərin və tanınmış neft şirkətlərinin birgə iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” ilə bugünkü uğurlarımızın əsası qoyuldu. Müstəqilliyimizin kövrək olduğu bir məqamda nəhəng tranmilli şirkətlərin, qüdrətli dövlətlərin neft strategiyasının bu gün və qarşıdakı onillər üçün perspektivlərini ehtiva edən müqaviləyə imza atmaları dünyada tanınan müdrik siyasətçi Heydər Əliyevin şəxsiyyətinə inam və hörmətdən irəli gəlirdi.

1994-cü ildə indi öyündüyümüz enerji diplomatiyamızın əsası qoyuldu.

Azərbaycanın zəngin neft, daha sonra qaz ehtiyatı dünya bazarına çıxarıldı. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi. Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi. Ötən əsrin möcüzəsi, “Üç dəniz əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olundu. “Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi.” 2007-ci ildə İstanbulda keçirilən “ Şərq Qərblə qarşılaşır: enerji təhlükəsizliyində yeni hüdudlar” mövzusunda konfransdakı çıxışında bu sözləri diqqətə çatdıran Prezident İlham Əliyev o illəri bir daha xatırlayaraq, Ulu Öndərin qətiyyəti ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan haqqında şaiələr yayanlara tutarlı cavabı ilə qətiyyətli dövlət başçısı olduğunu göstərdi: “ Yataqlarımızda nefti hasil etməyə başlayarkən Azərbaycanda neftin kifayət dərəcədə olmaması , Azərbaycanın oyun oynadığı haqqında yayılan şaiələr hamımızın yadındadır. Müqavilələrimizə qarşı təzyiq və müqavimət xatirimdədir. Biz bu yaxınlara qədər eşidirdik ki, bir çox hallarda üçüncü tərəfin nefti olmadan Bakı-Tbilisi- Ceyhan tam gücü ilə işləməyəcəkdir.”

Tarix göstərdi ki, siyasi iradə , müdriklik, cəsarət, möhkəm tərəfdaşlıq və ölkənin milli maraqlarına qəti sadiqlik olduqda hər şeyə nail olmaq mümkündür. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşıya qoyulan bütün məqsədlərə birgə səylər, Azərbaycan rəhbərliyinin qətiyyəti və sadiqliyi, müzakirə olunan bütün layihələrdə əsas sərmayədarlar olan xarici neft şirkətləri ilə möhkəm tərəfdaşlıq nəticəsində nail olundu.

Beləliklə, dəhliz, Xəzər-Qara-Aralıq dənizləri arasında əməkdaşlıq formatı yaradıldı. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Artıq qaz ölkəsi kimi tanınan Azərbaycanın dünya enerji bazarında önəmli rola malik olması bu strategiyanın uğurlu davamı, düşünülümüş siyasətin nəticəsidir.

İlk dəfə BTC-nin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu.

1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olundu.

Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısında xam neftin Azərbaycan , Gürcüstan və Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlandı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən mühüm uğuru Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirildi. 2004-cü ilin fevralında isə boru kəmərinin maliyyələşdirilməsi ilə bağlı sənədlər imzalandı. 2005-ci ilin may ayının 25 -də kəmərin Azərbaycan , oktaybr ayının 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması mərasimi keçirildi.

BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də, Respublika Günündə Azərbaycan nefti Ceyhan limanına çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Ölkə iqtisadiyyatının yüksək templə inkişafına təsir edən kəmərin açılışı münasibətlə Azərbaycan xalqına müraciətində Ulu Öndərin neft strategiyasını misilsiz xidmət adlandıran Prezident İlham Əliyev demişdir: “ Bu bir daha göstərir ki, ölkəmiz qarşıda duran bütün vəzifələri icra etməyə hazırdır və buna qadirdir... Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır. Biz bütün dünyaya subut etdik ki, müstəqil ölkə kimi yaşaya bilərik və biz öz siyasətimizi Azərbaycan xalqının maraqları üzərində qururuq, biz Azərbaycanı dünya birliyinə sürətlə inteqrasiya edirik. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, ölkə axilində olan sabitlik, vətəndaş həmrəyliyi möhkəmlənir və müstəqil ölkə kimi Azərbaycan bundan sonra da yaşayacaq və əbədi yaşayacaqdır.”

BTC kəmərinin strateji əhəmiyyəti ən yüksək səviyyələrdə etiraf olunur. Bu gün yeddi neft-qaz kəməri ilə karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycanın enerji bazarında mövqe və rolunun artması, təkcə neft yox, qaz hasil və nəql edən zəngin ehtiyatlara malik ölkə kimi önəm daşıması neft strategiyasının qələbəsi, uğur və təntənəsidir.

“Biz neft-qaz siyasətimizi elə aparırıq ki, ölkənin bütün maraqları təmin edilsin və bizim üçün dost , qonşu ölkələrin də maraqları təmin olunsun. 1994-cü ildə əgər “ Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi- Ceyhan neft kəməri inşa olunmazdı. Əgər o olmasaydı Bakı-Tbilisi- Ərzurum qaz kəməri inşa olunmazdı” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri uzun illər Azərbaycan, qardaş, dost ölkələrin xalqlarına xidmət edəcəkdir. Enerji siyasətinin şaxələndirilməsinin nəticəsidir ki, ölkəmizin karbohidrogen ehtiyatlarının sərhədlərimizdən kənara nəqli, Avropa-Azərbaycan enerji dialoqunun səmərəsi artır.

Aİ-yə üzv ölkələrlə enerji sahəsində müttəfiqlik ABŞ, Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində imzalanan Memoranduma uyğun, tərəflərin qarşılıqlı etimadı əsasında davam etdirilir. Avropa bazarında Azərbaycan qazına artan tələbatdan yaranan “Cənub Qaz Dəhlizi”, onun əsas seqmentləri olan TANAP, TAP kimi təşəbbüslər Azərbaycanın dəstəklədiyi şaxələndirmə siyasətinin bəhrəsi kimi özünü doğrultdu. Bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycandan qaynaqlanan təşəbbüslər, verilən qərarlar Avropanın, bölgənin enerji xəritəsini ciddi dəyişikliklərlə yenilədi. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycanın iştirakı olmadan mümkün deyildir.

Azərbaycanda iki milyardıncı ton neftin hasil olunması münasibətilə keçirilən mərasimdə, “Cənub Qaz Dəhlizi”, TANAP-ın rəsmi açılışında ölkəmiz haqqında deyilən xoş sözlər, “Əsrin müqasiləsi”nin 2050-ci ilədək uzadılması neft strategiyamızın dünya enerji bazarına layiqli töhfəsidir.

“Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli, əvəzolunmaz, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib, maraqlar balansı gözlənilib. “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir ki, bu birlik özlüyündə geniş, beynəlxalq əməkdaşlıq formatıdır.

Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacağı gözləniləndir. Göründüyü kimi, belə əhatəli tərəfdaşlıq, Avropada Azərbaycan qazına tələbatın artması nəticəsində ölkəmizin ixrac imkanları genişlənir. Hasilatçı tranzit, istehlakçı ölkələr Azərbaycan qazını alternativ qaz kimi alacaq, beləliklə, layihədə iştirak edən ölkələr üçün enerji təhlükəsizliyi məsələləri daha dolğun, tam şəkildə təmin ediləcək. Bu layihələrin reallaşması iqtisadi qüdrətimizi göstərməklə təsdiqləyir ki, Azərbaycanın enerji siyasətinin əsasını qarşılıqlı, faydalı, əməkdaşlıq təşkil edir.

“İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, təşəbbüslər, layihələr ölkəmizə siyasi, iqtisadi fayda gətirir, dünya birliyində önəmini artırır.

Xuraman İsmayılqızı, “İki sahil”