20 sentyabr 2018 14:02
1857

SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur

Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki,
ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı
öz təbii ehtiyatlarından istifadə edə bilər,
ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

(2018-ci il mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqindən)

Dövlət müstəqilliyinin əsas təminat sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır. Əminliklə qeyd edə bilərik ki, bu gün Azərbaycanın Dövlət Neft Şirkəti olaraq SOCAR-ın həm də müxtəlif ölkələrdə genişmiqyaslı layihələr və əməliyyatlar həyata keçirməklə enerji bazarlarının mühüm iştirakçısına çevrilməsi ölkəmizin müstəqil xarici və daxili siyasəti nəticəsində mümkün olmuşdur. Hələ 90-cı illərin əvvəllərində lokal neft hasilatçısı olan SOCAR “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 24 il ərzində böyük sıçrayış edərək 2018-ci ildə öz inkişafının növbəti tarixi mərhələsinin astanasına yetişmişdir. Son illərdə Azərbaycanın daxilində və xaricdə başladığımız bir çox nəhəng layihələr bu il tamamlanaraq istismara verilir. Dünyanın ən böyük sənaye layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı Azərbaycan və Türkiyədə keçirilmiş təntənəli tədbirlərlə qeyd olundu. “SOCAR Polymer” kompleksinə daxil olan Polipropilen zavodunun açılışı keçirildi və ilin sonunadək həmin kompleksin digər zavodunun, həmçinin “SOCAR Karbamid” Zavodunun, Türkiyədə “STAR” Neft Emalı Zavodunun, Heydər Əliyev adına Neft Emalı Zavodunda Bitum istehsalı qurğusunun istismara təhvil verilməsi planlaşdırılır. Həmin layihələrin ərsəyə gəlməsi üçün tələb olunan böyük sərmayə qoyuluşları SOCAR-ın, ölkəmizdə fəaliyyət göstərən tərəfdaşlarımızın kapitalı, eləcə də kənardan cəlb edilmiş maliyyə vəsaiti hesabına həyata keçirilir və yaxın müddətdə yüksək  mənfəət mənbəyi olacaqdır. SOCAR-ın biznes inkişafında qədəm qoyduğu bu yeni mərhələ respublikamızın iqtisadi qüdrətinin daha da artırılmasına xidmət edir. Yeni dövr, eyni zamanda, Azərbaycan neftçilərinin qarşısında yeni vəzifələr də qoyur. SOCAR artıq yalnız Azərbaycanda deyil, bütün regionda beynəlxalq neft-qaz hasilatçıları arasında özünə layiqli yer tutmuşdur və öz ranqında olan digər şirkətlər kimi yeni təşkilatlanma və idarəetmə nümunələri əsasında tədricən transformasiya etməlidir. Bu proses artıq bir neçə ildir başlayıb və davamlı şəkildə məntiqi yekununa doğru irəliləyir.

1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün daxili və xarici maneələrə rəğmən gerçəkliyə çevrilmiş “Əsrin müqaviləsi” müasir tariximizə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılmışdır. O zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev xarici tərəfdaşlarla aparılmış gərgin danışıqlarda böyük diplomatik məharət göstərərək, “Əsrin müqaviləsi”nin imzalanmasında mühüm rol oynamış, sonrakı mərhələlərdə bu taleyüklü layihənin uğurla həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir. “Əsrin müqavilə”si qlobal layihə olmaqla Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu kontrakt bu gün də həm işlənən yataqlarda karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada həyata keçirilən ən iri sazişlər siyahısına daxildir. “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazanılmış nailiyyətlər, xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətləri elə güclü iqtisadi səmərə verdi ki, ötən il onlar layihənin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış etdilər və Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilə imzalandı.

Müstəqilliyimizin ilk illərində SOCAR-ın qarşısında duran əsas vəzifələr ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, artıq hədəflərimiz dəyişib. SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır. Məhz kəşfiyyat və hasilat sahələrində əldə edilən uğurlar SOCAR-ın beynəlxalq investisiyalarının, qlobal əməliyyatlarının genişlənməsi üçün şərait yaratmışdır. Bu gün Şirkətimiz dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan infrastruktur obyektlərinə, magistral boru kəmərlərinə, gəmilərə, liman və terminallara, digər nəqliyyat-logistika vasitələrinə malikdir. Müasir qlobal infrastrukturun qurulması Şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) və 2 Risk Xidməti Sazişinin (RXS) tərəfdaşlarıdır. HPBS və RXS podratçıları tərəfindən 1995-ci ildən 2018-ci ilin ikinci rübünədək Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 80.3 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır.

Cari ildə tamamlanması nəzərdə tutulan layihələrə nəzər saldıqda əvvəlki dövrdə daha çox hasilatçı kimi tanınan SOCAR-ın son 10 il ərzində öz biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirə bilməsi, neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə yeni fəaliyyət sahələrinə daxil olması, həmin sahələrdə qısa müddət ərzində ciddi uğur qazanması aydın görünür. Bunlar əsasən, hazırda dünyada böyük maraq obyektinə çevrilmiş “Cənub Qaz Dəhlizi”nin tərkib hissələri və neftın-qazın emal və kimyası sahələrində icra olunan layihələrdir. Təhlil göstərir ki, fəaliyyət növündən və istiqamətindən asılı olmayaraq, tamamlamaqda olduğumuz layihələr SOCAR-a və deməli, Azərbaycan iqtisadiyyatına böyük perspektivlər vəd edir. Əslində, biznes portfelimizin şaxələndirilməsinin və ənənəvi sahələrlə yanaşı, Şirkətimiz üçün nisbətən yeni olan sahələrə əhəmiyyətli həcmdə sərmayələrin yatırılmasının əsas səbəbi də məhz perspektivlilik olmuşdur. Xüsusi qeyd etməliyəm ki, bütün bu strateji qərarların verilməsində cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və rəhbərlik əzmi əsas rol oynamışdır.

Cari ildə Azərbaycan və region, həm də Avropa üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin 4 seqmentindən 3-ü artıq istifadəyə verilmişdir. SOCAR bu nəhəng layihənin təşəbbüskarıdır və təbiidir ki, onun bütün seqmentlərinin tikintisində yaxından iştirak edir. 2014-cü ildə təməli qoyulmuş “Cənub Qaz Dəhlizi” “Şahdəniz” yatağının işlənilməsinin ikinci fazasından, habelə bir-birinə bağlanan 3 boru kəmərindən (Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşa edilməsi) ibarətdir ki, həmin kəmərlər vasitəsilə təbii qaz Türkiyə və Avropa bazarlarına nəql olunacaq. Dəhliz dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq illik 16 milyard kubmetr həcmində əlavə təbii qazın 3 min 500 kilometrlik məsafə üzərindən Türkiyə və Avropa bazarlarına nəql edilməsi məqsədi ilə inşa olunur. Bu il mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, ABŞ, Böyük Britaniya və Türkiyəni təmsil edən rəsmi və işgüzar nümayəndələrin iştirak etdikləri tədbirdə bir daha vurğulandı ki, “Cənub Qaz Dəhlizi” siyasi, iqtisadi, geosiyasi aspektlər üzrə qlobal enerji təhlükəsizliyi sisteminin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “”Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir”. “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında yeddi ölkə iştirak edir. Təkcə bu fakt onu göstərir ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə gələcəkdə energetika ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın dərinləşməsinə təkan verəcəkdir.

Dünyada qaza olan tələbatın getdikcə artdığı bir dövrdə - 1999-cu ildə kəşf olunmuş və 1 trilyon kubmetr həcmində qaz, 2 milyard barrel kondensat ehtiyatına malik “Şahdəniz” yatağının işlənilməsi təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa ölkələri üçün böyük əhəmiyyət daşıyan layihədir. İndiyədək yataqdan 94.39 milyard kubmetr təbii qaz və 24 milyon ton kondensat hasil edilmişdir. Ekspert rəylərinə əsasən, hazırda “Şahdəniz”də hasil edilməmiş təxminən 625 milyard kubmetr qaz və 117.5 milyon ton kondensat ehtiyatı mövcuddur. Yatağın  işlənməsinin II mərhələsi uğurla davam etməkdədir. Bu layihənin həyata keçirilməsi Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyaclarını təmin etməyə hesablanmışdır. “Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi, başlanğıc nöqtəsidir. Layihə üzrə ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur. Bu məqsədlə tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Tarixdə ilk dəfə olaraq, belə bir böyük layihə üzrə bütün əsas tikinti işləri Azərbaycanda və əsasən yerli mütəxəssislərin iştirakı ilə icra olunur. Böyük qürur hissi ilə deməliyik ki, “Şahdəniz” üçün tikilən yeni modullar, nəhəng platformaların dayaq blokları, bütövlükdə bütün tikinti-konstruksiya işləri məhz SOCAR-ın inşaat müəssisələrində həyata keçirilmişdir. Səngəçal terminalında “Şahdəniz-2” qazını qəbul etmək üçün BP tərəfindən aparılan genişləndirmə işləri də artıq başa çatıb. Hazırda hasilatın başlanması ilə çıxarılacaq əlavə qaz həcmlərini qəbul və emal etmək üçün yeni qurğuların istismar sınaqları davam etdirilir. SOCAR-ın Gəmiqayırma zavodunda məxsusi olaraq inşa edilmiş “Xankəndi” gəmisi ilə hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılması tamamlanıb. Sualtı xətlər, quyular, platformalar, terminal, bir sözlə, bütün zəruri infrastruktur ilk dəfə olaraq bir-biri ilə dənizin dibində əlaqələndirilib.

Məlumdur ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ildən Azərbaycan və Gürcüstanı, 2007-ci ilin iyul ayından isə Türkiyəni “Şahdəniz” (mərhələ-1) qazı ilə fasiləsiz təmin edir. “Cənub Qaz Dəhlizi” yaradılarkən kəmərin  genişləndirilməsi zərurəti meydana gəldi və bu layihə artıq başa çatdırılmışdır. CQBK-nın genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçən 48 düym diametrlik yeni boru kəmərinin və həmçinin Gürcüstan ərazisində 2 ədəd yeni kompressor stansiyasının inşasını əhatə etmişdir. Bununla boru kəmərinin ötürmə qabiliyyəti 23.4 milyard kubmetrə çatdırılmış və qaz nəqlinin ümumi həcmi 3 dəfə artırılmışdır.  Genişləndirilmiş CQBK-nın Gürcüstan-Türkiyə sərhədində qoşulduğu TANAP (Trans-Anadolu qaz boru kəməri) Türkiyə dövlətinin bütün ərazisi boyunca uzanaraq daşınan qazı qardaş ölkənin şərqindən qərbinə nəql edən ilk boru kəməri sistemidir.

Əminəm ki, TANAP Türkiyənin mühüm qitələrarası enerji düyününə (təbii qaz habına) çevrilməsində müstəsna rol oynayacaqdır. TANAP həm də SOCAR üçün böyük önəm daşıyan layihədir. Şirkətimiz məhz bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Bir faktı nəzərə çatdırmaqla kifayətlənək ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdısa, sonradan görülən səmərələşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur. TANAP layihəsi iki mərhələdə həyata keçirilmişdir. İlk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü. Biz bu il birinci mərhələni uğurla başa vura bildik. İyunun 12-də Əskişəhirdə Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimini qeyd etdik. İyunun 30-dan “Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başladıq. Gələn ilin sonunadək boru kəmərinin həm də Avropa Birliyi sərhədinə qədər olan hissəsi tamamlanacaqdır.

2020-ci ilin əvvəlində Trans-Adriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib. Boru kəmərinin funksionallığını təmin etmək üçün ötən ilin birinci yarısında Yunanıstan (Kipoidə) və Albaniyada (Fierdə) 2 kompressor stansiyasının inşasına başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Əminəm ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” tam şəkildə icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına ən qısa və təhlükəsiz yolla çatdırılsın.

Şirkət olaraq yeni idarəetmə üsullarının tətbiqi çərçivəsində əməliyyatlarımızın dayanıqlılığını təmin etmək üçün uzunmüddətli planlama, davamlı inkişaf strategiyasını həyata keçiririk. Sərmayə qoyuluşlarını şaxələndirməklə, investisiyaları müxtəlif sahələrə yatırmaqla Şirkətin bu və ya digər bir məhsul növündən asılılığını azaltmaq qarşımızda duran başlıca məqsədlərdəndir. Bu  məqsədə addım-addım yaxınlaşmaqla Azərbay-canın sənaye qüdrətinin və ixrac potensialının artırılmasına töhfələr veririk. Xam neftin qiymətinin kəskin düşdüyü son illərdə neft-kimya məhsullarının qiymətlərində daha yüksək sabitlik müşahidə olunur ki, bu da tutduğumuz yolun düzgünlüyünü bir daha sübut edir. Yeni əməliyyat sahələrində əldə etdiyimiz müsbət təcrübə və nəticələr həmin sahələrdə fəaliyyətlərimizin genişləndirilməsi üçün zəmin yaratmışdır. SOCAR emal və kimya sahəsində həyata keçirdiyi layihələrin əsas hissəsini bu il tamamlamaqdadır. “SOCAR Polymer” buna əyani misaldır.  Layihənin ilk müəssisəsi olan Polipropilen zavodu cari ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə istismara buraxıldı. İllik istehsal gücü 180 min ton olan bu zavodun istifadəyə verilməsi ilə ölkəmizin ixrac potensialının önəmli dərəcədə artacağı nəzərdə tutulur. Hazırda aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edirik. Layihənin əsas məqsədi idxalın aradan qaldırılmasına yönəlmişdir. Cari ilin sonunda Polietilen zavodunun da istifadəyə verilməsini planlaşdırırıq ki, bundan sonra “SOCAR Polymer”in iki zavodunda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen olmaqla hər il 300 min ton məhsul istehsal ediləcəkdir. Həmin məhsulun 70 faizinin xarici bazarlara ixrac edilməsi nəzərdə tutulur ki, bu da ölkənin qeyri-neft ixracı potensialının böyük həcmdə yüksəlməsinə xidmət edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Sumqayıtda yaradılmış Kimya Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəmiz - Karbamid Zavodunun tikinti işləri də artıq sona çatmaqdadır. Əsaslı layihələndirmə, satınalma və inşaat/montaj işləri 100% tamamlanmış, bütün avadanlıqlar, demək olar, quraşdırılmışdır. Yaxın müddətdə zavodun ammonyak və karbamid istehsalı sahələrində sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur və cari ilin sonunadək ilk karbamid məhsulunun əldə edilməsi planlaşdırılır. Zavodun istehsal gücü gündəlik 2 min ton və ya illik 650-660 min ton karbamid məhsuluna hesablanmışdır. Bu həcm ölkənin illik karbamid tələbatını təmin etməyə yetəcək, məhsulun 2/3 hissəsi isə Türkiyəyə ixrac ediləcək. Layihə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək və əkinçiliyin inkişafını sürətləndirəcəkdir. Beləliklə, “SOCAR Polymer” və Karbamid zavodlarının inşası ölkədə aqrar sektorun, habelə kiçik və orta sahibkarlığın inkişafına münbit şərait yaradacaqdır. “SOCAR Polymer”in məhsulları xammal kimi istifadə olunaraq, plastik istehlak məhsullarının istehsalına stimul verəcək və  qeyri-neft sektorunun genişlənməsində mühüm rol oynayacaqdır.

Yeni istehsal sahələrimizdə əlavə dəyər yaradan son istehlak məhsullarının ilkin xammal bazasını hasil etdiyimiz neft-qaz həcmləri, habelə propan-propilen, butan-butilen fraksiyaları, quru qaz və s. kimi ənənəvi neft emalı və kimyası məhsulları təşkil edir. Həmin məhsulların istehsalında dinamikanın artırılması,  ən əsası isə yerli dizel yanacağı və avtomobil benzinlərinin keyfiyyətinin Avro-5 standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının istehsal miqdarının və keyfiyyətinin artırılması, habelə istismar xərclərinin azaldılması və gəlirliliyin artırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri uğurla davam etdirilir. Bu işlər çərçivəsində neftin ilkin emal qurğusunun və Katalitik Krekinq qurğusunun yenidən qurulması və emal güclərinin artırılması, bir sıra yeni qurğuların da inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda, ümumzavod təsərrüfatının yenilənməsi üzrə işlər həyata keçiriləcək. Nəticədə Heydər Əliyev adına NEZ-in istehsal gücü ildə 6 milyon tondan 7,5 milyon tonadək, istismar müddəti isə 2040-cı ilədək artırılacaqdır. Mərhələli olaraq həyata keçirilən bu işlərin 2018-2021-ci illərdə tamamlanması gözlənilir. Cari ilin sonunda ölkənin gündən-günə genişlənən avtomobil yol infrastrukturuna tələb olunan müasir asfalt örtüyünün istehsalı üçün beynəlxalq standartlara cavab verən bitumun buraxılmasına başlamağı planlaşdırırıq.  Yenidənqurma layihəsinə Amerikanın “UOP”, “Fluor”, “KBR”, Fransanın “Axens”, İtaliyanın “Wood” (keçmiş “Foster Wheeler”) və “Technimont”, Avstriyanın “EDL-Poerner” kimi nüfuzlu şirkətləri cəlb olunublar.

Azərbaycanın Türkiyədəki ən böyük aktivi olan “Petkim” kimya kompleksi özəlləşdirilərək Şirkətimizin idarəçiliyinə keçən dövrdən rentabelliyini xeyli artırmışdır. Müəssisənin 2017-ci ildə əldə etdiyi xalis mənfəət əvvəlki ilə nisbətən iki dəfəyə yaxın artaraq, 1.4 milyard türk lirəsi təşkil etmişdir. Bu sənaye nəhənginin vaxtaşırı təkmilləşdirilməsi istiqamətində icra olunan investisiya proqramları hesabına müəssisənin Türkiyə neft-kimya məhsulları bazarındakı payının artırılması hədəflənir və işlərin gedişi göstərir ki, SOCAR-ın bu hədəfə tezliklə çatması tamamilə realdır. “Petkim”in xammala olan tələbatını yaxşılaşdırmaq və Türkiyə bazarında yanacaq məhsulları idxalını məhdudlaşdırmaq məqsədi ilə 2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başladığımız illik emal gücü 10 milyon ton xam neft olan “STAR” Neft Emalı Zavodunun inşası da yekunlaşmaq üzrədir. Bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcəkdir. Zavodun müxtəlif markalı neftləri, əsasən “Ural”, “Azeri Light” və “Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni (rezervuarı) olan “STAR” Neft Emalı Zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi üçün avqust ayının əvvəllərindən emal üçün 80 min ton “Azeri Light” markalı Azərbaycan nefti ayrılmışdır.  SOCAR-la “Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində “STAR” zavodunun 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir. Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. “STAR” ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi daşıyır. Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da “Petkim”in iqtisadi səmərəliliyini daha da artıracaqdır. Qeyd etmək lazımdır ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon ABŞ dolları civarında, “STAR” Neft Emalı Zavoduna 5,1 milyard ABŞ dolları investisiya yatırılmış və yüksək əmək məhsuldarlığına nail olunmuşdur.

SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neft-kimya kompleksinin inşası nəzərdə tutulur. Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur.

Azərbaycanda da daha bir kimya kompleksini ərsəyə gətirməyi planlaşdırırıq. Qaradağ rayonu ərazisində tikiləcək “SOCAR GPC” Qaz Emalı Zavodu və “SOCAR Polymer”in əməliyyat konsepsiyası təbii qazın tərkibində olan ağır C2 fraksiyalardan təmizlənməsini nəzərdə tutur. Təmizlənən fraksiyalar yüksək keyfiyyətli polimer məhsulların istehsalı üçün istifadə olunacaq. Təbii qazın əsasını təşkil edən təmizlənmiş metan isə ölkə təsərrüfatına qaytarılacaq. Beləliklə, zavod itkiləri qazanca çevirərək, ölkənin kimya sənayesinin inkişafına daha bir töhfə verəcək. Hazırda yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla danışıqlar aparılır. Artıq kompleks üzrə ilkin mühəndislik və layihələndirmə işlərini (FEED) bitirmişik. “Açıq kitab” əsasında xərclərin smetası (OBCE) müqaviləsi üzrə işlər yekunlaşdırılır. Maliyyələşmə və investisiya məsələləri öz həllini tapdıqdan sonra layihə növbəti mərhələyə - Mühəndislik, Satınalma və Tikinti üzrə EPC müqaviləsinin imzalanması mərhələsinə keçəcək.

Cari ildə SOCAR daha bir ilkə imza ataraq Azərbaycanda Sıxılmış Təbii Qaz (STQ) bazarına daxil olmuşdur. STQ hazırda nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünya üzrə ona tələbat sürətlə artmaqdadır. Proqnozlara görə, dünyada STQ-yə olan tələbat 2025-ci ilə qədər 4 dəfəyə yaxın artacaq. Gələcək illərdə SOCAR-ın əməliyyat portfeli çərçivəsində STQ satışını genişləndirmək nəzərdə tutulan perspektivli layihələrdən biridir.

Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illərdə duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaq olub. 2017-ci il noyabrın 8-də ölkəmizdə 2 milyardıncı ton neft hasil edildi. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, əzmkarlığı, bilik və bacarıqları köhnə yataqlarda neft hasilatının stabil saxlanmasına, hətta ayrı-ayrı yataqlar üzrə yüksək hasilat göstəriciləri əldə olunmasına imkan vermişdir. Dövlət Şirkəti olaraq SOCAR-ın bu nailiyyətlərində şübhəsiz ki, dövlətimizin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi və bütün bu işlərə məharətlə rəhbərlik etməsi müstəsna önəm daşıyır. Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatını sabit saxlamaq, qaz hasilatını isə artırmaq əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı xarici tərəfdaşlarla birgə mühüm qərarlara imza atılmışdır.

Azərbaycan neftinin dünya bazarında layiqli yer tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir. Məhz bu səbəbdən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdur. 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə SOCAR-ın və digər şirkətlərin neft və neft məhsullarının beynəlxalq bazarlarda alqı-satqısını təşkil etmiş, üçüncü tərəflərin ticarət əlaqələrində vasitəçilik etməklə yanaşı, SOCAR-ın qlobal strateji inkişafına dəstək vermişdir. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “AzeriLight” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıtmış, bununla Azərbaycana təkcə 2008-2013-cü illərdə 1,8 milyard dollara qədər əlavə gəlir qazandırmışdır. Bu gün “SOCAR Trading” şirkəti təkcə Azərbaycan neftinin deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir. Törəmə şirkətimiz 2017-ci il ərzində ümumilikdə 104 milyon ton neft məhsulu ticarətini həyata keçirmişdir ki, bunun da 24 milyon tonu Azərbaycan neftinin payına düşür.

Dayanıqlı inkişafın bir önəmli şərti də ətraf mühitin qorunması və bərpasıdır. SOCAR son 15 il ərzində ölkəmizdə daha geniş vüsət tapan ekoloji hərəkatın ön sıralarında gedir. Şirkətimizin ekoloji siyasətinin əsas prioritetlərini neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı neftlə çirklənmiş torpaqların təmizlənməsi, lay sularının və səmt qazlarının idarə olunması, istilik effekti yaradan qazların azaldılması, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi təşkil edir. Ötən bir il ərzində 53,45 ha ərazi neft və neft məhsullarından təmizlənərək abadlaşdırılmışdır. Şirkətimiz iştirak etdiyi layihələrdə atmosferə atılan səmt qazlarının azaldılması üzrə proqramı müvəffəqiyyətlə icra etməkdədir. SOCAR son illər ərzində atmosferə atılan səmt qazlarının minimuma endirilməsi istiqamətində müvafiq nailiyyətlər əldə etmiş və Dünya Bankının “2030-cu ilə qədər səmt qazlarının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” qlobal təşəbbüsünə ilk qoşulan şirkətlər arasındadır. SOCAR bu istiqamətdə Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatı ilə əməkdaşlıq edir. Cari ilin mayında SOCAR-ın təşəbbüsü ilə Bakıda qurumun toplantısı keçirildi. Xarici tərəfdaşlarımız, eləcə də bu sahənin mütəxəssisləri ilə şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyü ilə bağlı maraqlı müzakirələr apardıq.

SOCAR həyata keçirdiyi layihələrlə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfələr verməkdədir. Bütün bu uğurlar bilavasitə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin adı ilə sıx bağlıdır. Məhz Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində SOCAR yeni inkişaf mərhələsinə qədəm qoyaraq, öz fəaliyyətinin bütün sahələrində ciddi islahatlar aparmaqla yanaşı, yeni fəaliyyət sahələrini də gerçəkləşdirmişdir. Cənab Prezidentin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neft və qazın çıxarılması nə qədər çətin və məsuliyyətli vəzifə olsa da, üzərimizə götürdüyümüz vəzifə və öhdəliklərin yerinə yetirilməsi, böyük və çoxsaylı layihələrin ərsəyə gətirilməsinin təntənəsinə biz, Azərbaycan neftçiləri məhz bu ildə yetişdik. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrimizin tamamlanması inkişafımızın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşımızda yeni üfüqlər açır və yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələrimiz hələ tamamlanmamış bu gün yeni layihələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.

Rövnəq Abdullayev,

SOCAR-ın prezidenti