20 sentyabr 2018 14:05
2517

Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər

8 noyabr 2017-ci il. Respublikada 2 milyardıncı ton neftin çıxarılması münasibətilə Bakının Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev akademik Xoşbəxt Yusifzadəyə 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi

Ötən əsrin mürəkkəb və böhranlı 90-cı illərini mən tez-tez xatırlayıram. O dövrün dağıdıcı siyasi prosesləri iqtisadiyyatı da iflic həddinə çatdırmış, respublikanın müstəqilliyini təhlükə altına almışdı. Lakin 1993-cü ildə xalqın istəyi və tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev ölkəni bu təhlükədən xilas etdi. Onun qısa müddət ərzində işləyib hazırladığı neft və qaz strategiyası bu işdə güclü lokomotiv rolunu oynadı.

Xarici ölkələrin məşhur neft şirkətləri ilə 1994-cü ilin martında Bakıda başlanmış, may ayında İstanbulda və iyulun 21-dən sentyabrın 4-dək Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində davam etdirilmiş gərgin danışıqlar həmin il sen-tyabrın 20-də Bakıda  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında sonralar dünyanın neft ictimaiyyəti və mediasının haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığı məşhur sazişlə nəticələndi.

Ulu Öndər xarici şirkətlərlə işbirliyi qurmaq qərarına bizim-lə neftçi mütəxəssislərlə məsləhətləşdikdən və hərtərəfli götür-qoy etdikdən sonra gəlmişdi. Prezident neftçilərlə görüşlər və müzakirələr ənənəsini sonralar da davam etdirir, hər il sentyabrın 20-də neft-qaz sənayesi kollektivlərinin nümayəndələri arasında olurdu. 2001-ci ildə isə prezident 20 sentyabr gününün Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə fərman verdi.

Beləliklə də, 20 sentyabr günü Azərbaycanın iqtisadiyyatında, ölkəmizin ictimai-siyasi və sosial həyatında parlaq bir səhifə açmış “Əsrin müqaviləsi”nə və ümummilli liderin neft-qaz strategiyasını var qüvvə ilə həyata keçirən neftçilərin əməyinə verilən yüksək dəyərin rəmzi oldu.

Təsadüfi deyil ki, biz də hər il Neftçilər Gününü qeyd edəndə diqqəti ən əvvəl “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində görülmüş işlərə cəlb edirik.

İşlənmənin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlarından 462,3 milyon ton neft və 147,6 milyard kubmetr qaz hasil olunub. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi  “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir.

Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2018-ci il avqustun 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 264 milyon ton “mənfəət nefti” satılmışdır ki, bu da həmin vaxtadək çıxarılmış  “Azəri-Çıraq-Günəşli” neftinin  57,1 faizini təşkil edir.

Ötən il sentyabrın 14-də Bakının Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında müqavilə imzalandı. Ölkə Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barəsində danışdı. Azərbaycan ictimaiyyətinə bu barədə geniş məlumat verildiyindən mən unikal AÇG yataqlarının və yeni sazişin respublikamız üçün əhəmiyyətini yalnız  bəzi fakt və rəqəmləri xatırlatmaqla göstərmək istəyirəm.

Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilmişdir. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır. Yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə, yəni 2 dəfədən də çox artırılır. Müqavilə çərçivəsində yataqlardan hasil edilən səmt qazı əvvəlkitək bütünlüklə Azərbaycana qalacaq. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Yataqlardan hasil edilən səmt qazı əvvəlki kimi bütünlüklə Azərbaycana qalacaq.

2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha  43 milyard dollar sərmayə qoyulacaq.

Kiçik respublika üçün bunlar olduqca cəzbedici rəqəmlərdir.

Ümumiyyətlə, ötən əsrin ortalarından etibarən Azərbaycanın neft sənayesində baş vermiş yenilikləri xatırlayanda adamın ürəyi dağa dönür. Oxucuların diqqətini mən yalnız son bir ilin xronikasına cəlb etmək istəyirəm.

Ötən il mayın 18-də Xəzər neftçilərinin sərəncamına Heydər Əliyev adına nəhəng və unikal bir Yarımdalma Qazma Qurğusu verildi. Dənizin Azərbaycan sektorunda 2011-ci ildə kəşf olunmuş “Abşeron” qaz-kondensat yatağında işə başlamış bu qurğudan dənizdə suyun dərinliyi min metrə qədər olan yerlərdə maksimal dərinliyi 12,2 min metr olan quyular qazmaq mümkündür.

Keçən il sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilmiş “Xankəndi” sualtı tikinti gəmisinin təqdimatı oldu. Azərbaycanın Xəzərdəki neft və qaz donanmasının bu müasir gəmisi suyun dərinliyi 550 metrədək olan yerlərdə dünya standartları səviyyəsində sualtı qurğular inşa etmək üçün tikilib. Gəmi hazırda “Şahdəniz” yatağında işləyir.

Ötən il noyabrın 8-də respublikada iki milyardıncı ton neft hasil edildi və üçüncü milyard tonun hesabı açıldı. Elə həmin gün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdəki nitqində respublika Prezidenti İlham Əliyev bu münasibətlə Azərbaycan neftçilərini və xalqımızı təbrik etdi. Prezident İlham Əliyev xatırlatdı ki, milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdır. Həmin il aprelin 2-də Moskvada Sov.İKP-nin 24-cü qurultayındakı çıxışında Azərbaycanın rəhbəri Heydər Əliyev respublika neftçilərinin bu nailiyyətini xüsusi qeyd etdi. Aprelin 21-də isə ulu öndər Heydər Əliyev Bakıda möhtəşəm bir yığıncaq keçirtdi. Bu təntənəli yığıncaq bir milyard ton neft hasil etmiş Azərbaycan neftçilərinin tarixi nailiyyətinə həsr olundu.

Daha sonra Prezident İlham Əliyev işlənmənin əvvəlindən Azərbaycanda iki milyard ton neftin çıxarılmasını tarixi hadisə adlandırdı.

Təntənəli mərasimdə çıxış edənlər iki milyardıncı ton neftin hasil edilməsini Azərbaycan dövlətinin tarixində şərəfli bir səhifə adlandırdılar.

Orada mənə də söz verildi. Dedim ki, mən Azərbaycan neftinin həm birinci, həm də ikinci milyard tonunun hasil edilməsinin iştirakçısıyam. Maraqlıdır ki, neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Neftin ikinci milyard tonunu çıxartmaq üçünsə bizə yarım əsrdən də az bir vaxt - cəmi 46 il lazım gəlmişdir. Sözsüz ki, Azərbaycan Respublikasının müstəqilliyi bu işdə müstəsna rol oynamışdır. Neftin ikinci milyard tonunun 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilmişdir ki, bunun da 460 milyon tonu “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqları üzrə Konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.

Bunu da ölkə Prezidentinə dərin minnətdarlıq hissi ilə bir daha qeyd etmək istəyirəm ki, iki milyardıncı ton neftin çıxarılması münasibətilə neftçilərin böyük bir qrupu müstəqil Azərbaycanın orden və medalları ilə təltif olundu, fəxri adlara, Prezidentin fərdi təqaüdünə layiq görüldü.

Bu il mayın 29-da Səngəçal terminalında bu gün şöhrəti dünyaya yayılmış “Cənub Qaz Dəhlizinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdəki nitqində qeyd etdi ki, təməli dörd il bundan qabaq qoyulmuş nəhəng və çox mürəkkəb “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu icrası ilə biz qarşımıza qoyduğumuz hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlanır.

Bu il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin 2000 kilometrlik hissəsinin - TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də, “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac qaz boru kəməri və TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. Bu günədək Türkiyəyə TANAP-la 198 milyon kubmetr “Şahdəniz” qazı nəql edilib.

“Cənub Qaz Dəhlizi”nin son hissəsi-qısaca olaraq “TAP” kimi məşhur olan Trans-Adriatik Boru kəməri istismara verildikdən sonra isə Azərbaycan qazının üfüqləri İtaliyaya qədər genişlənərək, Qərbi Avropa ölkələrini əhatə edəcək.

Ötən ay Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında çox mühüm bir hadisə baş verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması son 22 ildə bu sahədə aparılmış danışıqların məntiqi nəticəsi oldu. 1996-cı ildən bəri Xəzərin hüquqi statusuna dair Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan arasında danışıqların daimi iştirakçılarından və Aktau zirvə toplantısında Azərbaycan Prezidentini müşayiət edən şəxslərdən biri kimi deyə bilərəm ki, bütün bu illər ərzində Xəzəryanı dövlətlərin müvafiq mütəxəssisləri ilə birlikdə böyük bir problemin həll edilməsi üçün çəkdiyimiz zəhmət hədər getmədi. Konvensiyanın imzalanmasından sonra mətbuat üçün bəyanatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib.” Azərbaycan Prezidenti qeyd etdi ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi məsələlərin həlli, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması üçün geniş perspektivlər açır.

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə Azərbaycanın neft və qaz strategiyasının üfüqləri də genişlənəcək. Tam əminliklə demək olar ki, belə bir mühüm sənədin qəbul edilməsi sayəsində Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycanın neft və qaz sənayesinin həyatında yeni inkişaf dövrü başlanır.

Mən belə bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda neft-qaz sənayesinin inkişafında elmi-texniki innovasiyaların, müasir texnika və texnologiyaların böyük rolu vardır.

Axtarış-kəşfiyyat işlərində və quyuların qazılmasında səmərəliliyin artırılması, neft və qaz-kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsi, yataqların neftveriminin artırılması kimi məsələlər həmişəki kimi bu gün də olduqca aktualdır.

Azərbaycanda xarici şirkətlərlə birgə icra olunan əsas layihələrdə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun işləmələri də tətbiq olunmaqdadır. “Çıraq-1” platforması institut mütəxəssisləri tərəfindən 1994-1997-ci illərdə BP şirkətinin sifarişi əsasında layihələndirilib. 1998-ci ildən başlayaraq, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının bütün mərhələlərinin layihələndirilməsində Braun Rut şirkəti ilə müqavilə əsasında institutun 40 mühəndisi yaxından iştirak edib. 2005-ci ildən başlayaraq BP və digər xarici şirkətlərin sifarişləri əsasında “Azəri-Çıraq-Günəşli”,  “Şahdəniz” yataqlarını və “ Şəfəq-Asiman” strukturunu əhatə edən geoloji və hidrodinamiki modelləşdirmə işləri yerinə yetirilir.

“Şahdəniz” yatağının müxtəlif horizontlarının geoloji və hidrodinamiki modelləri qurulub, ilkin balans ehtiyatları qiymətləndirilib və hasilat göstəriciləri proqnozlaşdırılılıb.

“Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən işlənmiş yeni texnika və texnologiyalar, reagentlər xarici ölkələrdə də uğurla tətbiq edilir. 2014-2015-ci illərdə Özbəkistan, Qazaxıstan, Əlcəzair və İranla  yeni texnika və texnologiyalar sahəsində əməkdaşlıq haqqında memorandum və protokollar imzalanıb və müvafiq işlər görülməkdədir.

Bir qədər də “Nanotexnologiya”lar, onların işlənib hazırlanması və tətbiqinin nəticələri barədə məlumat vermək istəyirəm. Məlumdur ki, nanotexnologiyalar müasir elmin ən böyük nailiyyətlərindəndir, dünyada perspektiv və sürətlə inkişaf edən sahələrdən biridir. Hətta mən onu atom enerjisi sahəsində əldə olunan nailiyyətlərdən də üstün hesab edirəm.

Hələ 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində metal nanohissəciklərin karbohidrogen mühitinə təsirinin öyrənilməsinə start verildi. Əldə edilmiş nəticələr SOCAR-ın 2016-2020-ci illər üçün “NANONEFT” proqramının qəbul edilməsinə səbəb oldu.   

SOCAR-ın ayrı-ayrı neft-qaz yataqlarında nanosistemlərin tətbiqi  sayəsində quyuların təmirarası müddəti artıb, yanalmalarla bağlı vaxt itkisi məhdudlaşıb, əlavə xərclər və əmək məsrəfləri azaldılıb, quyuiçi avadanlığın və kollektorların istismar müddəti uzadılıb. İşlənmənin son mərhələsində olan, yüksək özlüklü neftlərin və zəif kollektorluq xüsusiyyətləri ilə xarakterizə edilən  sulaşmış yataqlardan əlavə neftin çıxarılması mümkün olub.

SOCAR Azərbaycanda elmin inkişafına yönəldilmiş aparıcı layihələrə də öz töhfəsini verir. Uzun illərdir ki, SOCAR Azərbaycan Milli Elmlər Akademiyasının neft-qazçıxarma, kimya, neft emalı və s.  sahələrdə fəaliyyət göstərən problem institutları ilə elmi əməkdaşlıq edir, onların elmi işləmələrindən bəhrələnir. Son illərdə bu əməkdaşlıq daha da intensivləşib. 

Azərbaycanda neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları inkişaf etdirmək məqsədilə SOCAR-la Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Aviasiya Akademiyası arasında  Anlaşma Memorandumları imzalanıb, müvafiq olaraq “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi-Tərəqqi Fondu” yaradılıb. İndiyədək 4 layihə müsabiqəsi keçirilib. Bu müsabiqələrə ümumilikdə 500-dək layihə təqdim olunub.  200-ə  qədər layihə qalib hesab edilib ki, bunlar da SOCAR üçün mühüm əhəmiyyət kəsb edir. Layihələr çərçivəsində 60-a qədər məqalə impakt faktorlu jurnallarda dərc olunub.

Əminəm ki, elmi-texniki yeniliklərin, müasir texnika və texnologiyaların tətbiqi sayəsində Azərbaycanın neft və qaz sənayesi qarşısında açılmış üfüqlər daha da genişlənəcəkdir.

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki