20 sentyabr 2018 14:11
1355

Cənab Prezidentdən Ermənistan rəhbərinə sarsıdıcı cavab

Bu gün Azərbaycanın bölgədə liderlik qazanmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Xüsusilə  Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgənin söz sahibidir. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.

Artıq biz bu üstünlüyü son iki ildə iki dəfə açıq döyüşlərdə göstərə bilmişik. Belə ki, 2016-cı ilin şanlı Aprel döyüşlərində ordumuz işğalda olan Lələtəpə və Talış yüksəkliklərini,  ümumilikdə isə 2 min hektar ərazini bir neçə saat ərzində azad etdi. 2018-ci ilin mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi  və 11 min hektar ətraf ərazi azad edildi.  Hər iki döyüşdə böyük itkilər verən erməni hərbçiləri hələ də bu məğlubiyyətlərini unuda bilmirlər. 

Azərbaycan dövləti ordu quruculuğunu daim diqqətdə saxlamaqla regiondakı hərbi balansı xeyrimizə dəyişib. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 2018-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın ümumilikdə dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu, həm də onu göstərir ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib və xərcləməkdə davam edir. Məhz bunun sayəsində ölkəmiz  yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik ən müasir silahlar əldə edə bilir. Ötən müddətdə Azərbaycan düşmənin istənilən mövqeyini, canlı qüvvəsini və hərbi texnikasını məhv etməyə qadir olan bir xeyli döyüş və nəqliyyat helikopteri, onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar, müasir tanklar, artilleriya qurğuları alıb.

Bununla yanaşı, Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 1200 adda hərbi məhsul istehsal edilir.

Bu arada qeyd etmək yerinə düşər ki, Azərbaycan son bir ildə dünyanın  ən güclü orduları sırasındakı yerini nəinki qoruyub, hətta bir xeyli reytinq qazanıb. Ordumuz dünya reytinqində 2017-ci illə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. Bu göstərici reytinqlər üzrə ixtisaslaşan “Globalfirepower” portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Ölkəmiz bu göstəriciyə görə qonşularından (Gürcüstan 82-ci, Ermənistan isə 84-cü sıradadır) bir xeyli irəlidədir. Təbii ki işğalçı Ermənistanın ordusunun zəif olması faktı onun bir dövlət kimi iqtisadi və sosial tənəzzülündən qaynaqlanır.

Azərbaycan Ordusu nəinki ən müasir silahlarla təchiz edilib, hətta  vahid komandanlığa əsaslanan peşəkar kadrları ilə də regionda nümunə göstərilir. Ordumuz bu gün ölkənin ərazi bütövlüyünü, düşmən üzərində qələbəni təmin etməyə hazır olmaqla yanaşı, beynəlxalq aləmdə sülhün bərqərar olmasına da töhfəsini verir. Azərbaycan hərbçiləri Kosovada, Əfqanıstanda, İraqda sülhməramlı xidmət göstərib. Sözsüz ki, bunlar ordumuzun gücünü, qüdrətini də artırır, Ermənistanla müqayisədə üstünlüyümüzü təmin edir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun qudrəti və gücü barədə danışarkən  xalqımızı əmin edir ki, onun müdafiəsində bölgənin ən sarsılmaz ordusu dayanır. Avqustun 18-də Biləsuvar rayonuna səfəri çərçivəsində rayon ictimaiyyəti ilə görüşən Ali Baş Komandan deyib: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.

Prezident ötən günlərdə cəbhə xəttində təxribat törədən erməni hərbçilərinin cavablarının layiqincə verildiyini bildirib: “Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.”

Ordumuzda aparılan yeniliklərdən, onun ən müasir silahlarla təchiz edilməsindən danışan dövlətimizin başçısı deyib ki, biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik: “Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.

Təbii ki, Nikol Paşinyanın ölkəmiz və işğalda olan torpaqlarımız haqqındakı son sərsəm açıqlamaları bir daha göstərir ki, o sirklə siyasəti səhv salıb. O,  sanki qeyri-etik danışıqları və gülüş doğuran hərəkətləri ilə əsl junqlyorluq bacarığını nümayiş etdirir.

Elçin Zaman, “İki sahil”