20 sentyabr 2018 14:12
2101

Aşura: matəm, yoxsa xilas günü?

Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra  hüquqi, dünyəvi və demokratik ölkə kimi dünya miqyasında günbəgün böyük nüfuz qazanmaqdadır. Zəngin mənəvi irsə sahib olan xalqımız həmişə özünün milli, mənəvi dəyərlərinə böyük hörmət və ehtiramla yanaşmışdır.

Azərbaycan xalqının milli mənəvi dəyərlər toplusunda İslam dininin də özünəməxsus yeri vardır. Müstəqillik illərində dövlət tərəfindən həyata keçirilən siyasət xalqımızın İslam dininin dəyərlərinə özünəməxsus şəkildə sahiblənməsinə zəmin yaratmışdır.

Təəssüflə vurğulamaq lazımdır ki, bütün bu illərdə müsbət tərəfləri ilə yanaşı, İslam dininin adından sui-istifadə hallarına da rast gəlinmişdir. Ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən və müəyyən məqsədlərə xidmət edən qrupların təsirinə düşən bəzi insanlar radikal dünyagörüşünə yiyələnməklə dinin əsl mahiyyətindən uzaqlaşmış, insanları mənfi əməllərinin alətinə çevirməyə çalışmışlar. Təəssüf hissi ilə qeyd edilməlidir ki, belə hallara böyük mənəvi mahiyyət daşıyan Aşura mərasimlərində daha çox rast gəlinirdi...

Bir müsəlman dövləti olaraq Azərbaycan dünyəvi inkişaf yolunu seçmişdir, ölkəmizdə din dövlətdən ayrıdır. Bununla yanaşı, hər kəsin vicdan azadlığı Konstitusiya ilə təsbit edilib. Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar birgə yaşayır, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan hər il Məhərrəm ayının onuncu günü -Aşurada da insanların öz inanclarını layiqincə həyata keçirmələri üçün sərbəst şərait mövcuddur. Lakin bir sıra hallarda belə mərasimlərdə hətta bəzən insanlığa belə sığmayan hadisələrin yaşanması insanlar arasında maarifləndirmə, təbliğat işlərinin aparılmasını zəruri edir.  Bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma halları müşahidə edilir. Hazırda içərisində olduğumuz Məhərrəm ayı - Aşura günü ilə əlaqədar bu tendensiyalar yenidən gündəmə gəlməkdədir.

Bəs Aşura nədir? Aşura - yəni onuncu gün sözünün etimologiyasına nəzər salarkən məlum olur ki, əksəriyyətin İmam Hüseynin qətlə yetirilməsi ilə tanıdığı bu günün, əslində, həm də idealist-tarixi əhəmiyyəti vardır. İslam inancına görə, məhz bu gün bir sıra tarixi hadisələr baş vermişdir. Aşura günü baş verən hadisələrin hər birinin  din tarixi baxımından bəşəriyyət üçün əhəmiyyətli yeri vardır. Ona görə də bir sıra müsəlmanlar Aşuranı hətta bayram günü kimi qeyd edirlər. Lakin İslam peyğəmbərinin nəvəsi İmam Hüseynin özünün 72 nəfər müridi ilə birgə Kərbəlada qətlə yetirilməsinin də bu günə təsadüf etməsi uzun yüzilliklər boyu formalaşan bəzi ənənələrlə müsəlmanlar arasında Aşuranın mahiyyətindən kənar ayinlərin formalaşmasına səbəb olmuşdur. Bununla da Məhərrəm ayının əsl mahiyyəti və Aşura gününün din tarixi baxımından möhtəşəm hadisələrlə yadda qalan keçmişi qismən unuduldu. Dini hekayətlərə görə, bu gündə dünyanın  xilas edilməsi, yəni Nuh  peyğəmbərin gəmisinin Cudi dağında quruya çıxması baş verib,  Yunus  peyğəmbər  balığın qarnından məhz Məhərrəm ayının 10-cu günü xilas olub, Yusif  peyğəmbər qardaşlarının atdığı quyudan Aşura günü xilas edilib. İsa peyğəmbər Aşura günündə dünyaya gəlib və yenə həmin gün səmaya yüksəldilib. Davud peyğəmbərin tövbəsi həmin gün qəbul edilib. O cümlədən, İbrahim peyğəmbərin oğlu İsmayıl da həmin gün dünyaya gəlib və sair.

Göründüyü kimi, Aşuranın matəm günü kimi qeyd edilməsi əslində onun müqəddəslik mahiyyətinə ziddir. Yalnız Kərbəlada törədilən hadisəyə görə bu günün digər əlamətdar xarakterini yada salmamaq, unutdurmağa çalışmaq elə İslam dininin öz prinsiplərinə də ziddir. Bir sıra hallarda gənc nəslin, hətta azyaşlı uşaqların Aşurada “zəncirvurma” ayininə cəlb edilməsi nəinki dini qaydalara, insanlığa belə zidd olan əməllərdir.

Sevindirici haldır ki, son illərdə Azərbaycanda bəzi dövlətlərdə daha radikal həyata keçirilən belə xoşagəlməz ayinlər tədricən azalır və digər xoşməramlı tədbirlərlə əvəzlənir. Bu tədbirlər Aşuranın əsl mahiyyətinə və tarixi missiyasına daha uyğundur. Lakin bəzi qüvvələrin qaranlıq niyyətləri hələ də qaldığından insanlar, xüsusilə gənclər arasında Aşuranın əsl mənası, tarixi mahiyyəti barədə maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac vardır.

Taleh Turqut, “İki sahil”