Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb

20 sentyabr 2018 15:23
1441

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılması barədə razılıq əldə edilib.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. Bu, dövlətimizin başçısının fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.