20 sentyabr 2018 19:52
1741

Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb

Sentyabrın 20-də Fəxri xiyabanda görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksi önündə alimin anadan olmasının 86 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin ailə üzvləri, elm adamları, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Rəfiqə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rəfiqə Əliyevanın həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, həyatının böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb, onun tələbələri kimya elminə öz töhfələrini verməkdə davam edirlər. “Rəfiqə xanım gözəl müəllim, qayğıkeş ana və diqqətli insan idi. O, heç kəsdən qayğısını əsirgəmirdi. Biz Rəfiqə xanımın 70 və 80 illik yubileylərini keçirmək istəyəndə bununla razılaşmadı. Yalnız vəfatından sonra biz onun 85 illik yubileyini qeyd edə bildik. Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının önündə onun barelyefi açıldı, adına təqaüd təsis edildi, elmi yaradıcılığına həsr edilən beynəlxalq konfrans keçirildi”, - deyə Abel Məhərrəmov qeyd edib.

Akademik vurğulayıb ki, Rəfiqə xanımın ən yaxşı əsərləri tələbələri və ailəsidir. Rəfiqə Əliyeva böyük alim, ictimai xadim olmaqla yanaşı, cəmiyyət üçün layiqli övladlar böyüdən qayğıkeş ana idi. Onun ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər.

Mərhumun ailəsi adından çıxış edən qızları - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Fəxriyyə Xələfova deyib ki, Rəfiqə xanımı tanıyan hər kəs onu sevərək anır. Rəfiqə Əliyeva təkcə övladları üçün deyil, həm də çalışdığı universitetin kollektivi və tələbələri üçün ana olub. Onun bütün tələbələri vurğulayırlar ki, Rəfiqə xanımın tələbəsi olmaq böyük həyati məktəb keçmək demək idi. O, fədakar insan idi, hər kəsə qayğı ilə yanaşırdı. Yüksək intellektə malik olan Rəfiqə xanım elmdə böyük irs qoyub getdi.

Qeyd edək ki, Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.