20 sentyabr 2018 20:56
2369

Elmi və sosial maarifləndirmə ömrün qayəsinə çevriləndə...

Bütün zamanlarda cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli özünüdərkin və milli ruhun daşıyıcısı kimi elmin zirvəsinə ucalırlar. Xeyirxah məramları sayəsində çoxlarından seçilən belə şəxsiyyətlər əzmkarlıqları ilə ömürlərinin hədər getmədiyini, yaratdıqlarının cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapırlar. Elm zirvəsini fəth etmək niyyətini xalqın və dövlətin mənafeyi naminə yönəltdikdə daha səmərəli nəticələr əldə etmək mümkün olur. Ziyalılığı, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasovadır.

Sevinc Abbasova ilk gənclik illərindən tarix elminin incəliklərinə dərindən vaqif olmaq üçün səylə çalışmağa başlamışdır. Məhz bu maraq da onun gələcək tale yolunu müəyyən etmişdir. 1993-1997-ci illərd’ Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997-1999-cu illərdə isə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasında müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009-2013-cü illərd’ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasında dosent vəzifəsində işləyir.

Paralel olaraq elmi yaradıcılığını davam etdirən Sevinc Abbasova NDU-nun “Azərbaycan tarixi” kafedrasında dissertant olmuş, 2004-cü ildə “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müstəqillik illərində dövlət gender siyasətinin formalaşmasını öyrənən tədqiqatlar sırasında mühüm yer tutur.

Sevinc Abbasova, həmçinin “Körpəm” (2007), “Azərbaycan beynəlxalq əlaqələrində nikah diplomatiyası (qədim dövr-XVIII)” (2013), “Nəsillərə örnək: Azərbaycan qadını (qədim dövr-orta əsrlər-XIX əsr)” (2014), “Azərbaycan qadını: sosiad-iqtisadi və mədəni tərəqqidən sistem transformasiyalarına doğru (1970-1990-cı illərin əvvəlləri)” (2014), “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” (2014) kitablarının, 40-dan çox elmi və publisistik məqalələrin müəllifidir.

Sevinc Abbasovanın tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsi yaradılmaqla cəmiyyətin qadınlara münasibətdə daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişaf məqamları nəzərdən keçirilir. Müəllif kitablarında tarixşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə sosial-iqtisadi həyatımızda əldə olunan uğurları nəzər -nöqtəsinə çəkmiş, qadınların minimal və maksimum iştirak etdikləri sahələri dəqiqləşdirmiş və qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir. Müəllifin elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, gender münasibətlərini daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyali adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.

Sevinc xanım dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə həyat missiyasına - Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması və inkişafı idealına sadiq qalır. Bu mənada o, bir neçə sosial layihənin iştirakçısı, təşkilatçısı və rəhbəri olaraq bir çox beynəlxalq konfranslarda iştirak etmişdir. 2006-cı ildə “Azərbaycan təhsilində gender bərabərliyi’ layihəsində iştirak etmiş, Naxçıvan Muxtar Respublikasında “Milli rəqs geyimləri”nin və “Xanlıqlar dövrünün saray geyimləri”nin hazırlanmasını və nümayişini təşkil etmişdir. “Məsum qurbanlar” və Azərbaycan Respublikası ilə diplomatik münasibəti olan ölkələrin milli geyimlərinin əks etdirən “Dünya ölkələrinin milli geyimləri” layihəsinin müəllifidir. Həmçinin müasir Azərbaycan kinosunun, milli-mənəvi və mədəni dəyərlərin təbliği məqsədi ilə “Azərbaycan kinosu milli mədəni irsin daşıyıcısı kimi” layihəsini həyata keçirmişdir.

Azərbaycan milli geyimləri üzrə maarifləndirmə işinin təşkili dövlətimizin mədəniyyət siyasətinin tərkib hissələrindəndir. “Xanlıqlar dövrünün milli geyimləri” layihəsi Azərbaycan milli geyimlərini təbliğ və Azərbaycanın ayrı-ayrı tarixi dövrlərinin xüsusiyyətlərini əks etdirən geyimləri geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi ilə təşkil olunmuşdur.

Sevinc Abbasovanın müəllifi olduğu “Oxumağı sevdirmək” layihəsi çərçivəsində 2014-cü ildə ilk dəfə Naxçıvan şəhərində “Möminə Xatın” kitab kafesi açılmışdır. Layihənin əsas məqsədi gəncləri mütaliəyə həvəsləndirmək, mühitə və ehtiyaca uyğun olaraq gənclərin milli tərbiyə prosesinin əsas tərkib hissələrindən olan mütaliə mədəniyyətinin formalaşmasındakı problemləri aradan qaldırmaqdır. Çünki yeniyetmələrin mütaliəsi onların lazımı tərbiyə almasına, şəxsiyyətinin formalaşmasına, xarakterində vətənpərvərlik və humanizm prinsiplərinin təşəkkülünə çox güclü təsir göstərir.

Sevinc Abbasovanın müəllifi olduğu Azərbaycan Respublikası ilə diplomatik münasibəti olan ölkələrin milli geyimlərinin əks etdirən “Dünya ölkələrinin milli geyimləri” layihəsi də geniş ictmaiyyət tərəfindən maraqla qarşılanmışdır. Layihənin məqsədi dünya ölkələrinin milli geyimlərinin təbliği və dünya ölkələrinin ayrı-ayrı tarixi- etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirən geyimləri geniş tamaşaçı auditoriyasına təqdim etmək idi. Bu layihənin gerçəkləşməsi Azərbaycanın çoxmədəniyyətlilik siyasətinin tərkib hissəsi olmaqla bərabər, həm də ölkəmizdə uzun əsrlərdir mövcud olan multikulturalizm ideyalarının təzahürü kimi özünü göstərir. Tarixçi alimin müəllifi olduğu “Azərbaycan kinosu milli mədəni irsin daşıyıcısı kimi” layihəsi isə müasir Azərbaycan kinosunu təbliği və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi ilə təşkil olunmuşdur.

Sevinc Abbasovanın həyata keçirəcəyi daha bir mühüm layihə “Məsum qurbanlar” adını daşıyır. Bu layihədə məqsəd isə abortun qadınlar üçün gələcəkdə yarada biləcəyi fəsadlar haqqında geniş kütlənin maarifləndirilməsi və ana bətnində öldürülən məsum körpələrin həyatlarının xilasıdır. Gənc qızların və yeni ailə həyatı qurmuş gənclərin cinsi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirilməsi cəmiyyətimizin qarşısında duran böyük problemlərdən biridir. Layihə Azərbaycanda təkcə qadınlara deyil, eyni zamanda, kişilərə də bu problemin mahiyyətinin və onun yarada biləcəyi fəsadların izah olunmasını özündə ehtiva edir. Layihənin icrası nəticəsində Azərbaycanda qadınlar abortun yarada biləcəyi fəsadlar barəsində maarifləndiriləcək, çap olunub geniş auditoriyaya paylanacaq kitab və təşkil olunacaq treninqlər bu problemə yanaşma tərzini dəyişərək ona daha ciddi yanaşılmasına səbəb olacaq. Ailə planlaşdırılması məsələsi gənc ailələr üçün prioritet məsələ olaraq irəli çəkiləcək.

Məlum olduğu kimi, aparılan ardıcıl quruculuq proseslərinin qanunauyğun məntiqi nəticəsi olaraq Naxçıvan 2018-ci ilin “Gənclər paytaxtı” və tarixən İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasındakı özünəməxsus rolu, zəngin mədəniyyəti nəzərə alınaraq “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülüb. Naxçıvanın İslam mədəniyyətinin və gənclərin paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi dəyərlər, dövlətçilik və vətənpərvərlik ideyaları əsasında yetişən gəncliyin formalaşdırılması baxımından ziyalıların üzərinə böyük öhdəliklər düşür. Mənəvi dəyərlərimizin və milli tariximizin öyrənilməsini özünün həyat amalına çevirən Sevinc Abbasovanın təşkilatçılığı və rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetində həyata keçirilmiş “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı yaradıcılıq müsabiqəsinin gənclərin maariflənməsində məxsusi rolu olmuşdur.

“İşıqlı gələcək istəyiriksə, dövrümüzdə yanan şam olmaqdan çəkinməməliyik” deyən Sevinc Abbasova hər bir ziyalının məqsədinin cəmiyyətin inkişafına töhfə vermək olduğunu vurğulayır. Bu baxımdan o, böyük elmi-praktiki potensiala malik alim olmaqla yanaşı, yüksək vətənpərvərlik hissi ilə yaşayıb-yaradan, xüsusən gənclərin təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş, ustad pedaqoqdur. Alimin çoxları üçün örnək sayıla biləcək mənəvi keyfiyyətləri - insanlarla ünsiyyət bacarığı, təmkini, tələbkarlığı və uzaqgörənliyi yüksək təvazökarlıqla tamamlanır. Bütün bunlar sübut edir ki, sosial və elmi fəaliyyət cəmiyyətin maarifləndirilməsinə, mütərəqqi, ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, keçmişlə gələcək arasında körpü salınmasına yönəldiləndə təqdirəlayiq bir ömür yolunun qayəsinə çevrilir.

Sevinc Abdullayeva, “İki sahil”