20 sentyabr 2018 21:52
1873

Aşura günü Masallıda 200 nəfər könüllü qan verib

Sentyabrın 20-də Masallı şəhərindəki Cümə məscidində Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü ilə bağlı keçirilən humanitar aksiyada 200 nəfər könüllü qan verib.

Xeyirxahlığı, insanlığı, vətənpərvərliyi özündə ehtiva edən bu aksiyada dindarlarla yanaşı, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, humanitar aksiyada iştirak edən 300-dən çox rayon sakininin sağlamlığı Mərkəzi Qan Bankının Lənkəran bölməsinin və rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri tərəfindən əvvəlcədən yoxlanılıb. Onlardan yalnız 200-dən qan götürülüb.

Aksiya zamanı tədarük olunan qan nümunələri Lənkəran Regional Qan Bankına təhvil veriləcək, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.