20 sentyabr 2018 22:09
2223

Kondisionerlər sağlamlığımızın düşmənidir?

Bu gün bir çox məişət və yaşayış yerlərində temperaturu idarə etmək üçün kondisionerlər yerləşdirilir. Həqiqətən də kondisioner müasir dövrdə güclü tələbata sahib olan bir vasitədir.  Baxmayaraq ki, bu vasitə insanların isti yay günlərində xilaskarı hesab olunur, lakin o sağlamlığımızda ciddi problem yaradacaq qədər təhlükəlidir.

Normada insan gözü daim nəmli vəziyyətdə olmalıdır, buna görə də gözlər sutkada təxminən 2 ml göz yaşı ifraz edir. Göz qapaqlarının qırpılması göz yaşı ifrazını tənzimləyir. Biz dəqiqədə 10 – 15 dəfə göz qapaqlarımızı qırpmalıyıq. Göz yaşları gözlərin sağlam qalması  və yaxşı görmə qabiliyyəti  üçün vacibdir. Gözlərdə quruluq sindromu o hallarda baş verir ki, yetərli qədər göz yaşı ifraz olunmur. Əsas simptomlar – göynəmə, yanma, gözdə qum hissi, işığa həssaslıq, ağrı və sancı kimi xoşagəlməz hisslərdir.

Buna səbəb olan amillərdən biri də kondisioner ola bilər. Belə ki, kondisioner havanı qurudur və əgər siz uzun müddət kondisioner işləyən otaqda oturursunuzsa gözlərinizin quruması bu səbəbdən də ola bilər. Buna görə də  bu vasitənin təmizliyinə riayət etmək mütləqdir. Kondisionerin  vaxtlı – vaxtında təmizliyinə diqqət yetirməkdə onun içərisində toplanan toz və bakteriyalar nəfəs yollarına daxil olduğu kimi, gözün selikli qişasına da daxil ola bilər.

Dərinin göynəməsi və quru olması çox yayılmış bir problemdir. Həddindən artıq kondisioner havası işıq şüaları ilə birlikdə dəridə göynəmənin və quruluğun yaranmasına səbəb olur. Hər zaman yanınızda termal su saxlayın. Su dərinin maye itkisinin qarşısını alacaq və tonusu yüksəldəcək. Mütləq nəmləndirici kremlərdən istifadə olunmalıdır.

Təsdiq olunub ki, kondisioner ortamında çox vaxt keçirən insanlar respirator problemlərindən daha çox əziyyət çəkirlər. Burun tutulması və rinit kimi daha ciddi problemləri bura aid etmək olar. Buna səbəb ətraf mühitdə nəmliyin olmamasıdır. Belə bir hava qoruyucu qişanı qurudur və bu zaman viruslar üçün əlverişli şərait yaranır.

Split – sistemdən istifadə daha ciddi problemlərə gətirib çıxara bilər. “Leqionellez” bakterial infeksiyadır və bu mikroorqanizmlər kondisionerlərin içərisində məskunlaşırlar. Bu bakteriyalar sətəlcəmə, əzələlərdə və sinədə ağrılara səbəb ola bilər. Daha sonra isə ürəkbulanma və ishala gətirib çıxara bilər. Belə hallar yay aylarında daha çox olur, səbəbi isə fasiləsiz çalışan split sistemdə bakteriyaların toplaşmasına əlverişli şəraitin yaranmasıdır.

Bu məlum bir fakdır ki, split sistemli bir otaqda quruluq daha çoxdur. Kondisioner otaqda havanın nəmliyi səviyyəsini aşağı salır. Nəmişliyin az olması sizi sərinlədə bilər və siz istini hiss edə bilmərsiniz. Belə bir ortam sizdə baş gicəllənməyə, baş ağrılarına, təngnəfəsliyə, əllərdə keyiməyə, qan həcminin azalması hallarına səbəb ola  bilər.

Kondisionerlərin evdə və ya iş yerində olması bizi sərinləndirmək və gümrah etmək üçün hesab olunsa da bu, belə deyil. Sərin hava təravət hissi yaradır. Amerika alimləri müəyyən ediblər ki, günorta vaxtı güc səviyyəsinin aşağı düşməsi otaqda karbon qazı səviyyəsinin artıq olmasından irəli gəlir. Müşahidələr göstərib ki, düzgün olmayan havalandırma sistemi ortamında belə hallar daha çox olur. Axı kondisionerin işi havanı sərinləndirməkdir, oksigenlə təmin etmək deyil. Əgər düzgün sirkulyasiya olmayan bir ortamda çox olsanız əzginlik və yorğunluq hissindən daha çox əziyyət çəkmiş olacaqsınız

Ən çox yayılan tək təsirlərdən biri də baş ağrılarıdır. Çoxları havalandırmaq üçün kondisioneri söndürməyin kifayət olduğunu hesab edirlər. Lakin bu, düzgün deyil. Mütləq şəkildə pəncərələri açıb, otağı havalandırmaq lazımdır ki, insanlar karbon qazı udaraq nəfəs almasınlar.

Məişət texnikası satıcıları hər zaman öz məhsullarının müsbət tərəflərini nümayiş etdirirlər. Təbii ki, onlar öz məhsullarını satmaq naminə bunu etməyə məcburdular. Lakin biz sizləri təhlükə haqqında məlumatladırmağa çalışdıq ki, uzun müddət kondinsioner altında oturmayasınız. Sağlam olun!

Könül Əliyeva, “İki sahil”