20 sentyabr 2018 22:15
1813

Bölgənin ən yoxsul və perspektivsiz ölkəsi: Ermənistan

Ermənistanın eks-prezidenti Robert Koçaryan “Kommersant” qəzetinə müsahibəsində bildirib ki, hakimiyyətə populizmlə gəlmək olar. Belə situasiyalarda hakimiyyətə yüngül gəlmək asandır. Dörd ay göstərdi ki, hələlik bütün istiqamətlərdə problemlərin yığılması baş verir. Paşinyan hökumətinin isə heç bir iqtisadi proqramı yoxdur.

Ölkəsində iş tapa bilməyən və işsizlikdən bezən ermənilər xarici ölkələrə üz tuturlar. Bu səbəbdən Ermənistandan mühacirət getdikcə daha da sürətlənir. Ermənistanın iri şəhərlərində keçirilən miqrasiya problemlərinə həsr olunmuş sorğuya qatılan respondentlərin 73 faizi imkanları olsa ölkəni tərk edəcəklərini bildiriblər.

Siyasi eksper Arzu Nağıyev “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, işğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən ibrət götürmglidir. Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir. Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir. Ona görə də Paşinyan başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək.

Erməni sosioloqlarının fikrincə, əgər kütləvi mühacirətin qarşısı alınmasa, o zaman ölkədəki vəziyyət daha da pisləşəcək. Erməni strateji araşdırma mərkəzləri son zamanlar etiraf etməyə başlayıblar ki, Ermənistandakı zənginlər belə öz kapitallarını xarici ölkələrə transfer etməkdə maraqlıdırlar. İndi heç bir erməni zəngini, iş adamı, hətta paytaxtdakı oliqarxlar da Ermənistana yatırım qoymurlar. Maddi imkanları olanlar isə hakimiyyətə etibar etmirlər. Erməni zənginləri bu fikirdədirlər ki, hakimiyyət regionda heç bi problemi həll etmək iqtidarında deyil. Beləliklə, Ermənistanda kənd təsərrüfatı, digər sənaye və istehsal sahələri özünün ən ağır durumunu yaşamaqdadır. BMT-nin Miqrasiya Problemləri üzrə Araşdırma Mərkəzinin hesabatında bildirilir ki, 3 milyon 500 min nəfər əhalisi olan Ermənistandan 1 milyon 700 min nəfər son illər ərzində xarici ölkələrə miqrasiya ediblər. Bu proses indi də davm edir.

Ölkədə normal yaşayışı təmin etmək gücündə olmayan Ermənistan rəhbərliyi kütləvi miqrasiyanın qarşısını almaqda acizdir. Mühairət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç nə edilmir.

İrəvan Miqrasiya Problemləri Mərkəzinin eksperti mətbuata açıqlamasında bildirib ki, imkanı olan başını götürüb qaçır. Elə kəndlər var ki, orada hər 10 evdən 5-6-da işıqlar yanmır. Gedənlərin tam əksəriyəti 25-40 yaş arasında olanlardır. Belədirsə, Ermənistanda kim qalıb işləyəcək? Ermənistan rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç nə etmir.  Eyni zamanda düzgün idarə olunma sistemi çökdüyündən, ölkədə hökm sürən özbaşınalıq, qanunsuzluq üzündən 55 min təsərüfat subyekti öz biznesini qonşu Gürcüstana keçirib. Emiqrasiya prosesinin getdikcə dərinləşməsinə gəlincə, bununla bağlı aşağıdakı maraqlı bir fakta diqqət çəkilir: təhsil sahəsində mövcud vəziyyətin təhlili zamanı aydın olub ki, ötən il ərzində Ermənistanda 9-cu sinifdən 10-cu sinfə 10 min şagird az qəbul olunub. Bu qədər şagirdin valideynləri ilə birgə Ermənistanı tərk edərək başqa ölkələrə mühacirət etmələri səbəbindən belə bir vəziyyətin meydana çıxdığı məlum olub.

Göründüyü kimi, ölkədə normal yaşayışı təmin etmək gücündə olmayan Paşinyan hakimiyyəti kütləvi miqrasiyanın qarşısını almaqda acizdir.  Ölkə hakimiyyətinin yaranan problemlərə qarşı mübarizə apardığını bəyan etməsi isə artıq Ermənitanda mif və cəfəngiyyat kimi qəbul olunur.

Şəmsiyyə Əliqızı, “İki sahil”