20 sentyabr 2018 22:25
2614

Ermənistan ordusu bizimlə rəqabət apara bilməz

Dövlətimizin başçısı İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bu fikri bəyan edərək bir daha diqqəti hərbi parada yönəldərək bildirmişdir ki, texniki imkanlar, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxış bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir.” Dövlətimizin başçısı İlham Əliyev Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda bir daha bu əminliyi ifadə etmişdir ki, gün gələcək Azərbaycan dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq. 

Münaqişənin həllində diplomatik uğurların rolu inkaredilməzdir. Azərbaycanın haqq səsini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq ictimaiyyətə çatdıran rəsmi Bakı ədalət meyarının əsaslılığını önə çəkərək, dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdırır. Belə qərəzli yanaşmalara baxmayaraq, diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi inkişaf fonunda artan hərbi qüdrətimiz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. Rəsmi Bakı daim mövqeyimizin dəyişməz olduğunu bəyan edərək, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Parad Türkiyə-Azərbaycan dostluğunun əbədiliyini, sarsılmazlığını nümayişi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Ordusunun gücünün və qüdrətinin təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev yaxın günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünün qeyd ediləcəyini önə çəkərək, son 15 ildə ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan bəhs etmişdir. 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisi kimi, ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulduğu diqqətə çatdırılmışdı. Təbii ki, iqtisadi imkanlar öz növbəsində digər sahələrin, o cümlədən ordunun maddi-texniki bazasının daha da möhkəmləndirilməsini şərtləndirir. Dövlətimizin başçısı bildirmişdir: “Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var.”

Son illər ərzində 20-dən çox hərbi zavod yaradılması, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı ordu quruculuğu sahəsində görülən işlərin bariz nümunəsidir. “Biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.” Ölkə Prezidenti İlham Əliyev bu günlərdə Masallı və Biləsuvar rayonlarına səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə də ordu quruculuğu sahəsində əldə olunan uğurlardan bəhs edərək bildirmişdir ki, ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyət düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişəm ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi.” Bu ilin Naxçıvan qələbələrindən bəhs edən cənab İlham Əliyev qarşı tərəfə bir daha bu mesajı ünvanladı ki, bundan sonra da onlara lazım olan vaxtda tutarlı cavablar veriləcək: “Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz.”

Münaqişənin həllində beynəlxalq dəstək hər zaman önə çəkilir. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə, faktlarla dünya ictimaiyyətinə çatdırılır. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə ölkəmizin haqlı mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir. Artıq Ermənistan hakimiyyəti yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünün fərqindədir. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya, onun ardınca Fransaya səfəri bir çox məqamlara aydınlıq gətirdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində Ermənistana həqiqətin gözü ilə formalaşan baxış sözsüz ki, işğalçı dövlətin rəhbərliyini narahat edir. Baxmayaraq ki, ənənələrinə uyğun olaraq, yalan, əsassız bəyanatlarını davam etdirməyi çıxış yolu kimi qəbul edirlər.

Artıq dünya bəyanatlardan konkret əməli işə keçməyin zamanı olduğunu düşünmək məcburiyyətindədir. Ən yüksək tribunalardan Azərbaycan xalqının səbrinin tükənməz olmadığını bəyan edən rəsmi Bakı bu məqamı da bildirir ki, ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.

“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir” bəyan edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.

2018-ci ilin diplomatik ugurlarından bəhs edərkən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransını qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü olduğunu önə çəkərək, 2011-ci ildən, yəni təşkilata üzv qəbul olunduqdan bu günə kimi təşkilatın və onun üzvlərinin dəstəyini hiss etdiyimizi diqqətə çatdırmışdır. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Azərbaycanın bu mötəbər beynəlxalq quruma üzv seçilməyində həlledici rol oynadı. Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunur.

Diplomatik uğurlarımız davamlıdır. Özünə saxta tarix yazan bir dövlətin, xalqın hansı tarixi həqiqətdən danışacağı maraqlıdır? Həqiqət budur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz təkib hissəsi olduğu beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb.

Qeyd etdiyimiz kimi, dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezislərdən biri sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. 2016-cı ilin aprel, cari ilin isə Naxçıvan qələbələri, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan hərbi parad, həmçinin  Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı   Azərbaycan ordusunun malik olduğu imkanların təqdimatıdır.

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Bu fakt inkaredilməzdir ki, Ermənistan xarici iyanələrdən asılı olan ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması mümkünsüzdür. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təçrid olunan Ermənistanın əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsi inkaredilməzdir. Təbii ki, Dağlıq Qarabağ problemi tərəflərin özü arasında həll olunsaydı, çoxdan bu proses baş vermiş oladı. Lakin məsələnin beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin problemin həllinə öz maraqlarından yanaşması həll prosesinin uzanmasına səbəb olur. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə fəaliyyətsizliklə bağlı irad bildiriləndə dərhal məsələnin həllinin tərəflərin özündən asılı olduğunu bildirməklə özlərini bir kənara çəkmiş olurlar.

Tez-tez gündəmə gətirilən güzəşt məsələsi də yeridilən ikili siyasətin tərkib hissələrindəndir. Rəsmi Bakı daim bəyan edir ki, torpaqları işğal altında olan dövlət nəyi güzəştə getməlidir? Məsələnin həllinin bu günə qədər uzanması işğalçı dövlətə ən böyük güzəştdir. Dünyanın ikili siyasəti, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu, mövqeyinin dəstəklənməsi, ən əsası tarixi həqiqətlərin münaqişənin həllində əsas amil olması dövlətimizin başçısı İlham Əliyevin bu bəyanatı daha böyük inam və qətiyyətlə səsləndirməsinə əsas verir: “Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik.”

Xalqımız əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, hər sahədə davamlı uğurları ilə seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək. Masallı və Biləsuvar ictimaiyyəti ilə görüşündə də “Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxış bir siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar” bəyan edən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, biz isə bundan sonra da uğurla inkişaf edəcəyik: “Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi-bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.”

Yeganə Əliyeva, “İki sahil”