20 sentyabr 2018 22:35
1830

Masallının sənaye potensialının möhkəmlənməsinə xidmət edəcək təşəbbüs

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən biri də sahibkarlığa dövlət dəstəyidir. Söhbət ondan gedir ki, sahibkarlığın inkişafı olmadan qeyri-neft sektorunda ciddi irəliləyişə nail olmaq mümkün deyil. Bu mənada xüsusilə də  regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastrukturla bağlı  xərclərin azaldılması baxımından sənaye parklarının və məhəllələrinin yaradılmasının müstəsna əhəmiyyəti var. Bu obyektlər, eyni zamanda, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında müstəsna rol oynayır.

Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır.

Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb. Bu isə onu göstərir ki, digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Rayona səfəri çərçivəsində  Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edən Prezident İlham Əliyev  bu təşəbbüsün bölgənin sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcəyini bildirib:

“Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq”.

Bir sözlə, bu, ilk növbədə,  həyata keçirilən dövlət siyasətinin bariz  göstəricisidir. Çünki dövlət burada əsas vəsaiti qoyan tərəf olaraq müvafiq ərazinin ayrılması, bütün gərəkli infrastrukturun, yaradılması, sənaye və ofis binalarının tikintisini təmin edir ki, bu da dövlətin sahibkarlara böyük dəstəyidir.

Digər tərəfdən. bu,  ölkəmizdə sənayeləşmə ilə bağlı siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Bundan əlavə, cari il Sumqayıt şəhərində sərmayə həcmi 800 milyon dollardan çox olan böyük sənaye müəssisələrinin istifadəyə verilməsi ilə yadda qalacaq. İyul ayında onlardan birinin - Polipropilen zavodunun açılışı olub. Polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur.

Onu da qeyd etmək lazımdır ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, da ölkəmizdə qeyri-neft sənayesinin geniş vüsət almasının növbəti sübutudur.

Bir sözlə, ölkəmizdə sənaye məhəllələrinin yaradılması prosesi davam edir və bu, sahibkarlığın inkişafı ilə yanaşı,  yeni iş yerləri və  yerli istehsal, idxaldan asılılığın aradan qaldırılması deməkdir. İdxaldan asılılığın aradan qaldırılması, yerli istehsalın yaradılması və yeni iş yerləri isə ödəniləcək vergilərin həcmini artırmaqla bərabər, xaricə valyuta axının qarşısının alınmasına xidmət edir.  

Ceyhun Piriyev, “İki sahil”