20 sentyabr 2018 22:51
1710

İsmayıllı Peşə Tədris Mərkəzində “Açıq qapı” günü

İsmayıllı Peşə Tədris Mərkəzində yeni açılan üzümçülük və şərab ustası ixtisasının təqdimatına dair “Açıq qapı” günü keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, GİZ-in təmsilçiləri, özəl sektorun nümayəndələri, mərkəzin mühəndis-pedaqoji heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbirdə yeni ixtisaslar üzrə kurikulumların və modulların hazırlanması, işəgötürənlərin peşə təhsili sisteminə cəlb olunmaları, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və tələbələrin təcrübə keçmələrinin təşkilindən danışılıb, müvafiq istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat verilib.

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili sahəsi üçün müasir kurikulumların, tədris materiallarının hazırlanması, eyni zamanda, müəllim və ustaların təlimləndirilməsini nəzərdə tutur.