Sudan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir

20 sentyabr 2018 22:52
1571

Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Sudanla Azərbaycanın dost ölkələr olduğunu deyib. O bildirib ki, Sudan Milli Assambleyası sədrinin ölkəmizə səfəri əlaqələrin, xüsusilə də parlamentlərarası münasibətlərin inkişafına təkan verəcək. O, Azərbaycan-Sudan iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin də vacibliyini vurğulayıb.

Ötən illər ərzində hökumətlər arasında yaxşı əlaqələrin qurulduğunu deyən Oqtay Əsədov bu ilin aprel ayında Sudanın xarici işlər nazirinin ölkəmizə səfərini xatırladıb. Bildirilib ki, Sudan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir.

Milli Məclisin sədri Sudan Milli Assambleyasının xarici əlaqələr komitəsinin 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımını insanlığa qarşı cinayət kimi tanımasını xüsusi qeyd edib.

Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qarşılıqlı səfərlər ölkələr arasında müxtəlif sahələrdə əməldaşlıq üçün yeni imkanlara yol açır. Bu səfər əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Milli Assambleyanın sədri deyib ki, Sudan hər zaman Azərbaycanın yanındadır. Sudanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsi bunun bariz nümunəsidir.