20 sentyabr 2018 23:08
2013

Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə respublikamızın digər bölgələri ilə yanaşı, Gəncə şəhərində də könüllü qanvermə aksiyası keçirilib. Qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə təşkil edilən aksiyaya səhər saat 9:00-dan başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə “İmamzadə” ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında təşkil olunan qanvermə aksiyasında yüzlərlə insan iştirak edib.

Gəncə Şəhər Səhiyyə İdarəsi tərəfindən ayrılmış 44 nəfərlik tibb briqadası xüsusi qurulmuş çadırda vətəndaşlara xidmət göstərib. Burada 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib. Aksiyada iştirak emək istəyən şəxslərin əvvəl arterial təzyiqi və qanında olan hemoqlobinin miqdarı yoxlanılıb. Sağlamlığında problem olmayan və 18 yaşından yuxarı şəxslər qan verə biliblər. Aksiyada Gəncə və ətraf rayonlardan, ümumilikdə, 540 nəfər iştirak edib. Aksiyanın mütəşəkkil təşkili sakinlərin də razılığına səbəb olub.

Bildirilib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə ediləcək. Hazırda Mərkəzi Qan Bankının Gəncə bölməsində qərb bölgəsi üzrə, ümumilikdə, 300 hemofiliyalı və talassemiyalı xəstə qeydiyyatdadır.

Aksiya 40 gün ərzində davam edəcək.