21 sentyabr 2018 14:30
2366

İlham Əliyev: “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış Azərbaycanın neft strategiyası bu gün ölkəmizin hərtərəfli inkişafını təmin edir

“Əsrin müqaviləsi”nin imzalanmasından 24 il ötür. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bayram tədbirləri, hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. “Əsrin müqaviləsi” Azərbaycana nə verdi” sualına cavab təbii ki, bugünkü reallıqlarımızdır. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bildirmişdir: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.” Eyni zamanda, bu fikir də səsləndirilmişdir ki, “Cənub Qaz Dəhlizi” bu günə qədər görülən işlərin zirvəsidir.

Yaxın günlərdə dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü qeyd olunacaq. 27 illik müstəqillik tariximizi vərəqlədikdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında  iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. “Əsrin müqaviləsi”nin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan onlarla sazişlər, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. Ölkə Prezidentinin çıxışlarında “Əsrin müqaviləsi”ndən önə Beynəlxalq Neft və Qaz sərgi-konfransının keçirilməsinin də malik olduğumuz iqtisadi imkanların təqdimatında əhəmiyyəti xüsusi qeyd olunur. Bu il “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı yubileyi - XXV Beynəlxalq Neft və Qaz sərgisinə təsadüf etdi. İldən-ilə sərginin iştirakçı olan dövlətlərin, şirkətlərin sayında artım da Azərbaycanın iqtisadi, siyasi inkişafına verilən dəyərdən, ən əsası sabitlik diyarı kimi nüfuz qazanmasından irəli gəlir.

Daim qeyd etdiyimiz kimi, Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Neft sənayesi tamamilə tənəzzülə uğramışdı. Əvvəldə də qeyd etdiyimiz kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlamışdır. “Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı: “Yəni, bu özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.”

“Əsrin müqaviləsi”nin əsas tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkə Prezidenti İlham Əliyev 2006-cı il 28 may-Respublika Günündə Azərbaycan neftinin Ceyhan terminalına catması münasibətilə xalqa müraciətində bu inamı ifadə etmişdir ki, ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən çox böyük fayda əldə edəcək. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss edəcək.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlətimizin başçısı İlham Əliyev xalqa qeyd olunan müraciətində bu məqamı da xüsusi olaraq bildirmişdir: “Gəlin fərz edək ki, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.”

Bu gün artıq dünya “Cənub Qaz Dəhlizi”nin, onun əsas seqmenti olan TANAP-ın, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP-ın iqtisadi və siyasi əhəmiyyətindən bəhs edir. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ərəfəsində qoyulmuşdur. O zaman bu inam ifadə edilmişdir ki, layihə uğurla, vaxtında icra ediləcək. “”Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” söyləyən cənab İlham Əliyev keçilən yolun uğurlarına, eyni zamanda, gündəmə gətirilən hər bir layihənin icrasının nəzərdə tutulduğu vaxtda başa çatdırılmasına söykənərək bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Son illərin uğurları sırasında ötən ilin noyabrında iki milyardıncı ton neftin hasil edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdə bildirmişdir: “Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur.”

1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin “Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisinin təsdiqidir. 

Göründüyü kimi, Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur, onların icrasında dövlət büdcəsinə milyardlarla vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycanın regionda və beynəlxalq aləmdə yerinə və roluna xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin Avropa ölkələrinə, eyni zamanda, digər Avropa ölkələrinin rəsmilərinin Azərbaycana səfərləri, səfərlər çərçivəsində imzalanan sənədlər Azərbaycanın Avropa üçün önəmini, etibarlı tərəfdaş rolunu bir daha ortaya qoydu. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də bu kimi məqamlar öz əksini tapmışdır. “Cənub Qaz Dəhlizi”nin gələcək üçün əhəmiyyəti geniş təhlil edilir. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında SOCAR-ın da öz payı, rolu vardır. Şirkət biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə  imkanlarını daha da artırır. SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də Azərbaycanla Türkiyənin birgə layihəsi olan Trans-Anadolu qaz kəməri - TANAP-dır. Ölkəmizin təşəbbüsü ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək.

Azərbaycanın, iqtisadiyyatımızın onurğa sütunu olan neft-qaz sənayesinin uğurlarını bir yazıda əhatə etmək qeyri mümkündür. 2003-cü ildən qarşıya əsas hədəf kimi qoyulan iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışı da neft siyasətinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurmuşuq, 27 ilə yaxındır ki,  müstəqil ölkə kimi yaşayırıq. Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu onu göstərir ki, bizdə iqtisadi şaxələndirmə siyasəti uğurla həyata keçirilir.

Yeganə Əliyeva, “İki sahil”