21 sentyabr 2018 15:58
1805

Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Vyetnam Prezidenti Çan Day Kuanq sentyabrın 21-də Hanoy şəhərinin hospitalında ağır xəstəlik nəticəsində vəfat edib.

AZƏRTAC bu barədə Vyetnamın VNA dövlət informasiya agentliyinə istinadla xəbər verir. Vyetnam Səhiyyə Nazirliyinin idarə rəisi Nquen Kvok Çieu agentliyə bildirib ki, Prezident Çan Day Kuanq ağır xəstəlikdən sonra yerli vaxtla saat 10:05-də Hanoyda 108-ci mərkəzi hərbi hospitalda keçinib. Onun müalicəsi ilə yüksək ixtisaslı yerli və xarici mütəxəssislər məşğul olurdu.

Çan Day Kuanq 1956-cı ildə Kuanq Txien kommunasında anadan olub. Polis məktəbini və Daxili İşlər Nazirliyinin nəzdində xarici dillər kollecini bitirib. Polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə ictimai təhlükəsizlik nazirinin müavini, 2011-2016-cı illərdə isə ictimai təhlükəsizlik naziri postunu tutub. 2016-cı ilin aprelində Vyetnam Sosialist Respublikasının prezidenti seçilib.