21 sentyabr 2018 16:49
1819

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: “Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tbilisidə yerləşməsi barədə qərar qəbul etdik”.

Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.

2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.