21 sentyabr 2018 22:32
3166

Ahıllara böyük qayğı

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Mərkəzində bayram tədbiri keçirilib.

Mərkəzin direktoru Qətibə Əsədova Mərkəzin fəaliyyətindən, ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında son illərdə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırılmasından danışıb.

YAP Pirallahı rayon təşkilatı aparatının məsul əməkdaşı İlqam Əskərov isə çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını qeyd edib: «Böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. İnsanların da hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.»

Qeyd olunub ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, «Ahıllara sosial xidmət haqqında» Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır. Beynəlxalq Ahıllar Günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir.

YAP Pirallahı  rayon təşkilatı Qadınlar Şurasının və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş bayram  süfrəsi incəsənət nümayəndələrinin çıxışı ilə davam edib.

Orxan Vahidoğlu, «İki sahil»