21 sentyabr 2018 23:39
2535

Paşinyanın küçə hərəkatı ilə qazandığı hakimiyyəti küçə siyasəti ilə də əlində saxlamaq cəhdi

“Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən onun siyasətçi kimi Ermənistanda sosial-iqtisadi vəziyyəti düzəltmək, cəmiyyətin siyasi atmosferini müsbət istiqamətdə dəyişmək əvəzinə, Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə əslində küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübuta yetirdi. Azərbaycan isə bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirirdi”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanda hamının bildiyi bir gerçəklik var: “Bu gün cılız, zəif, heç bir dövlətə, millətə xeyri dəyməyən Ermənistanın arxasından havadarları əllərini çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq, ölkədən qaçmağa hazırlaşırdılar. Siyasilərin isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət qalmamışdı. İndi öz siyasi çərənləmələri ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə qazandığı hakimiyyəti elə küçə siyasəti ilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər qazanır, digər tərəfdən isə Ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır”.

H.Məmmədov onu da qeyd etdi ki, Prezident İlham Əliyev Biləsuvar rayonuna səfəri zamanı bir daha erməni tərəfinin məntiqsiz bəyanatlarına və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atmasına da layiqli cavab verdi. Cənab İlham Əliyev qeyd etdi ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq bunlara baxmayaraq  zəif, cılız bütövlükdə inkişafdan geri qalan Ermənistanın son günlər təmas xəttində gərginliyə rəvac verən addımlar atmasının da şahidi olduq. Lakin güclü, qüdrətli Azərbaycan Ordusu düşmən ölkəyə öz layiqli cavablarını verib və verəcək. Necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım gələrsə tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz”.

Milli Məclisin deputatı Elman Məmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, bu gün Ermənistan ordusu müstəqil, özünün ən sürətli inkişaf dövrünü yaşayan Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə, imkanında deyil: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti, gücü beynəlxalq hesabatlarda öz əksini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Təbii ki, Ermənistan ordusu haqqında bunu qətiyyən demək olmaz. Çünki Ermənistan özündə olan iqtisadi, siyasi böhranlar orduda da özünü əks etdirib. İşğalçı ölkənin ordusu sırf cinayətkar qruplardan, muzdlu quldurlardan ibarətdir. Onun təminatı demək olar ki, xarici ölkələrdən asılı vəziyyətdədir və qat-qat aşağı səviyyədədir. Eləcə də hərbi texniki bazası, döyüş qabiliyyəti çox aşağı səviyyədədir. Ermənilər özləri də bunu etiraf edirlər ki, orduları Azərbaycan Ordusu ilə döyüşə hazır deyil. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar ordumuzun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi”.

Deputat, həmçinin onu da diqqətə çatdırdı ki, Azərbaycanda ordu quruculuğu ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı 1993-cü ildən davam edir və bu gün ən yüksək səviyyədədir: “Ordumuzun vaxtaşırı keçirdiyi təlimlər bunların hamısını sübut edir. Təbii ki, bunu beynəlxalq ekspertlər, müşahidəçilər də müşahidə edirlər və fikirlərini söyləyirlər. Mən də bir Azərbaycan vətəndaşı kimi ordumla, əsgərimlə fəxr edirəm, qürur duyuram. İnanıram ki, cənab Prezidentimizin dediyi kimi, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir və düşmən ordusunu darmadağın edib torpaqlarımızı işğaldan azad edəcək, bununla da ərazi bütövlüyümüz  tam təmin olunacaq”.

Mənsumə Babayeva,  “İki sahil”